Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdyi “Şirvan Milli Parkının və Babazanan yüksəkliyinin ekoturizm imkanlarının təbliği təşəbbüslərinin dəstəklənməsi” layihəsi çərçivəsində bölgədə növbəti ekoturizm səfəri təşkil etmişdir.
Tədbirdə “Ana Kür” İctimai Birliyinin layihə komandası ilə birlikdə rayonun veteran müəllimi, tədqiqatçı coğrafiyaşünas Nadir Rüstəmov, Milli Məclisin deputatı Jalə xanım Əhmədovanın köməkçisi Əlimuxtar Məmmədov, Salyan rayonunun Qardili kənd tam orta məktəbinin şagird və müəllim kollektivi, yerli QHT və KİV təmsilçiləri iştirak etmişlər.
İştirakçılar layihə rəhbəri Rüstəm Məlikovdan tədbirin məqsəd və vəzifələri, gözlənilən nəticələr barədə məlumat aldıqdan sonra icra planına uyğun olaraq Babazanan yüksəkliyinə qalxmış, buranın təbii coğrafi relyefi ilə tanış olmuş, qədim insan məskənlərini sübut edən küp qəbirlər tapılan əraziləri ziyarət etmiş, müalicəvi “İsti su” bulağına baş çəkmişlər.
İsti havada, açıq şəraitdə vəhşi təbiətin, dağ yüksəkliklərinin əhatəsində keçən ekoturda iştirakçılar eramızdan əvvəl bu ərazilərdə yaşamış əcdadlarımızın təsərrüfat fəaliyyəti barədə Nadir müəllimdən çox maraqlı bilgilər almış və onun gətirdiyi, vaxti ilə bu ərazilərdə çəkilmiş fotolarla yaxından tanış olmuşlar.
Nadir müəllim bildimişdir ki, Azərbaycanın olduqca qədim və zəngin tarixi keçmişi vardır. Özündə tarix yaşadan ərazilərimizdən biri də Babazanan dağında tapılmış qədim küp qəbirləridir. Bu tapıntıların 2800 illik tarixi xarici ekspertlər tərəfindən də təsdiq edilmiş və bu tarixi hadisə Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə imzaladığı “Muğan-Babazanan abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında” sərəncamı ilə qeyd edilmişdir.
Ekotur iştirakçıları Babazanan yüksəkliyinin ən uca zirvəsinə qalxmış buradan ətrafı böyük maraqla seyr etmiş, başları üzərində Azərbaycanın ücrəngli bayrağını dalğalandıraraq xatirə şəkillər çəkdirmişlər.
İştirakçılar eyni maraqla buradakı “İsti su” bulağının ümumi mənzərəsi ilə tanış olmuş, dərsliklərdən əldə etdikləri bilikləri daha da zənginləşdirmışlər.
Layihə komandası “İsti su” ərazisində iməcilik keçirmiş, ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün buradakı plastik qab və digər tullantıları xüsusi qablarda toplayaq ərazidən uzaqlaşdırmışlar.
Üç saatdan çox davam edən ekotur zamanı iştirakçılara sürücü xidməti, isti yemək, çay, su və digər zəruri ictimai iaşə xidmətləri göstərilmişdir. İştirakçılar ekoturdan zəngin təəssüratla qayıtmışlar.