Muğan pambıqçılarının aylarla çəkdikləri zəhmət bəhrəsini verib. Özünün pambıqçılıq ənənələrini bu gün də davam etdirən torpaq mülkiyyətçiləri yetişdirdikləri bol məhsulun tez və itkisiz toplanması üçün var qüvvə ilə çalışırlar. Bu işdə “P Aqro” MMC-nin Salyan filialının kollektivi həmişə olduğu kimi yenə öndədir. Filialın direktoru, Əmək ordenli pambıqçı Mərdan Cəlilovla müəssisənin məhsul qəbulu məntəqəsində ucaldılmış növbəti pambıq tayalarının yanında görüşdük. Əhval-ruhiyyəsi yüksək idi. Dedi ki, bu gün- noyabr ayının 18-də cari il üçün nəzərdə tutulan tədarük tapşırıqlarına əməl edilmişdir. Sevincimizin bir səbəbi də ondan ibarətdir ki, respublika üzrə pambıqçılıqla məşğul olan 17 rayon arasında ilk olaraq bizim kollektiv plan tapşırıqlarına əməl etmişdir. Rəqəmlərlə desək nəticələr belədir: Bu il üçün 376 torpaq mülkiyyətçisi ilə 2150 hektar sahədə 7.570 ton məhsul tədarükü barədə müqaviləmiz var idi. Artıq hər hektardan 35,21 sentner məhsul əldə edilmişdir ki, bu da hələlik respublikada ən yüksək nəticədir. Ümumi məhsulun 6.700 tonu, yəni 92 faizi maşınlarla yığılmışdır. Bu,hələ son hədd deyildir.
Söhbətimizə baş aqronom Ələsgər Əliyev qoşulur. Bildirir ki, torpaq mülkiyyətçilərindən Şorsulu kəndindən Zamiq Babayev, Sarvan kəndindən Telman Məmmədov, Arbatan kəndindən Tofiq Rzayev pambıq becərdikləri sahələrin hər hektarından 39-45 sentner məhsul götürmüşlər. Müvəffəqiyyətin əsas səbəbi fermerlərə vaxtında və yüksək keyfiyyətli aqrotexniki xidmətlərin təşkili olmuşdur.
Öyrənirik ki, istər becərmə, istərsə də yığım dövründə filiala məxsus 44 ədəd müxtəlif markalı traktor və 62 ədəd traktor qoşqusu, 27 ədəd kultivator, 18 ədəd mala və 11 ədəd pambıqyığan maşın kənd adamlarının xidmətində olmuşdur.
“P Aqro” MMC-nin Salyan filialında olarkən maşınla pambıq yığılan sahələrdən birində olduq. Fermerlərlə, mexanizatorlarla görüşdük. Məhsul bol idi. Direktor Mərdan Cəlilov bildirdi ki, öhdəmizdə olan 11 maşının hamısı məhsuldar işləyib. Sağ olsun mexanizatorlarımız, indiyə kimi hər maşınla orta hesabla 600 ton pambıq yığılmışdır. Heydər Xəzərov, İlqar Kərimov, Fazil Əliyev, Vüqar Ağayev, Fətulla Əliyevin hesabında daha çox məhsul vardır.
Pambıqçılarla görüşüb ayrıldıq. Və bu xoş xəbərləri oxucu və izləyicilərimizə çatdırmaq üçün redaksiyamıza tələsdik.
Son müjdəmiz isə ondan ibarətdir ki, 6134 hektarda pambıq becərən Salyan rayonunun “ağ qızıl “ ustaları noyabr ayının 18- nə kimi hər hektardan 31,18 sentner yəni, 19.128 ton məhsul götürərək pambıqçılıqla məşğul olan rayonlar arasında birinci yerdədir. Respublika üzrə isə bu tarixə görə, 100.589 hektar sahədən 246 min ton, orta hesabla 24,5 sentner məhsul toplanmışdır.
Uğur olsun, pambıqçı dostlar.
Rüstəm Məlikov, "Anakur.az" saytının baş fredaktoru.
Ali Media mükafatı laureatı