

Yaşasaydı bu bahar günlərində 70 yaşını doğmalarla, qohumlarla, iş yoldaşları ilə qeyd edəcəkdi. Heç kimin qaça, qoruna bilmədiyi ölüm onu 66 yaşında sıralarımızdan ayırdı. Bu tale yazısı idi, yoxsa...
2021-2022-ci illər dünyanı bürüyən koronovirus pandemiyası planetimizdə həyatı iflic etdi. Qədim Çin Xalq Respublikasından yayılan bu epidemiya respublikamıza da gəlib çatdı. Dövlət tərəfindən nə qədər qabaqlayıcı tədbirlər görülsə də, insanlar nə qədər özlərinin qorumağa çalışsalar da itkilərimiz də oldu. Bu sırada yaxınlarımızı, doğmalarımızı itirdik.Onlardan biri də bütün mənalı həyatını neftçi peşəsinə bağlamış,adi işçidən böyük bir neftçıxarma idarəsinin rəisi vəzifəsinə qədər yüksəlmiş Bağırov Balakişi Əşrəf oğludur.
Balakişi Bağırovu xatırlamaq Salyanın neft və qazçıxarma idarəsinin son 50 illik istehsalat fəaliyyətinin salnaməsini vərəqləmək deməkdir. Bu illər Respublikamızın neft sənayesinin, xüsusən, quruda neftçıxarmanın ən inkişaf etmiş dövrü kimi qiymətləndirilir. Həmin dövrdə onlarla istehsalat rəhbəri yetişmiş, ad-san, şan-şöhrət qazanmış, sinələrini orden-medallar bəzəmişdir. Lakin onlardan yalnız bir neçəsi 1000 nəfərə qədər üzvü olan Salyan Neft və Qazçıxarma İdarəsində rəhbər vəzifəsinə qədər yüksəlmişdir. Onlardan biri də xatirəsini ehtiramla andığımız Balakişi Bağırov olmuşdur. Onun əmək kitabçasında yalnız bir müəssisənin adı vardır. Bu da qeyd edildiyi kimi Salyan Neft və Qazçıxarma idarəsi. Müəssisənin adı və mülkiyyətçisi dəyişilsə də onun iş yerinin ünvanı sona qədər dəyişilməz oldu.
Onu neftçi peşəsinə aparan yollar evdən, ailədən balamışdı. 11 mart 1955- ci ildə Salyan rayonun Piratman Gəncəli kəndində neftçi Əşrəf kişinin ailəsində dünyaya gəlmişdi. Ailədə 6 qardaş və iki bacı idilər. Hər birinin öz taleyi, öz qisməti var idi... O isə atasının yolunu seçdi, onun işinin davamçısı oldu. Elə, obaya, rayona baş ucalığı gətirdi. Sinəsini dövlət təltifləri bəzədi. Vəfatından illər keçsə də xatirəsi həmişə əziz tutulur. Yad edilir. Salyan haqqında, onun elm, sənət, mədəniyyət və digər tanınmış adamları zamanına görə xatırlananda bacarıqlı istehsalatçı-mühəndis, rəhbər kimi Balakişi Bağırovun da adı hörmətlə çəkilir. Onun tərcümeyi halından ayrı-ayrı məqamları qısaca da olsa oxucularımıza çatdıraq.
B.Bağırov 1977-ci ildə Azərbaycan Neft və Kimya İnistutunda təhsil almış və burada neft-qaz yataqlarının istismarı və kompleks mexanikləşdirilməsi ixtisasına yiyələnmişdir. “Salyanneft” Neft və Qazçıxarma idarəsində ilk peşə təcrübəsi keçərək, neftçi peşəsinin sirlərini daha dərindən mənimsəmişdir. İşə məsuliyyətlə və yaradıcı sürətdə yanaşması nəticəsində təşəbbüskar mühəndis kimi tanınır. Verdiyi təkiliflər istehsalatda işin səmərəsinə və keyfiyyətinə ciddi təsir göstərir.
Gənc mühəndisin işgüzarlığını və idarəetmə keyfiyyətlərini nəzərə alaraq onu quyuların yeraltı və əsaslı təmiri sexinin rəisi vəzifəsinə irəli çəkirlər. İdarədə struktur dəyişiklikləri gedəndə, yəni təsisçilərin dəyişilməsi prosesi olanda –“Salyan OİL LTD əməliyyat Şirkəti” yarananda onun peşəkarlığı və qabiliyyəti dəyərləndirilib.
Balakişi Bağırovun idarəetmə keyfiyyətləri onun “Kürsəngi” və «Qarabağlı” yataqları üzrə əməliyyat rəhbəri vəzifəsində çalışdığı illərdə daha qabarıq hiss olundu. O bu vəzifədə təqaüdə çıxana kimi-2019- cu ilə qədər işəmişdir.
Gəncliyindən tanıdığım Balakişi müəllimin neçə qayğıkeş bir insan, ailə başçısı, kəndini, onun adını uca tutan bir insan olduğunu bilirdim. Rəhbərlik etdiyi idarənin sosial layihələrindən bəhrələnərək magistraldan uzaq olan kəndlərin yollarının əsaslı təmirinə nail olduğundan da xəbərim var idi. İdarədə çalışan şəhid ailə üzvlərinə, ehtiyacı olan digər işçilərə necə qygı göstərdiyinin şahidim idim. 20 sentyabr neftçi günü və digər ənənəvi günlərdə görüşürdük. Sanki bu illər hələ çox davam edəcəkdi. Lakin belə olmadı. Hələ uzun illər mənalı ömür yaşayacağımız, ovladlarımızın, nəvələrimizin yaxşı günlərini birgə yaşayacağımızın xəyallarının gercək olacağına inanırdı...
Artıq 4 ildir ki, həyatda yoxdur. 21 iyun 2021- ci ildə gözlərini əbədi yumaraq dünyasını dəyişdi. Yaşasaydı 70 yaşı tamam olacaqdı. Indi o bir nümunədir. Səhər mərkəzinə heç də yaxın olmayan bir kəndə doğulub, oxuyub-təhsil almaq, respublikanın quruda ən məşhur neft istehsalı ilə məşğul olan kollektivlərdən birinə rəhbərlik etmək, ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmək, elin obanın hörmətini qazanmaq adi bir iş deyil. Bunu onu tanıyanları hamisi yaxşı bilir. Ən çox qürur duyanlar isə övladları-qızı Elgün və oğlu Elçindir. Atanın bu həyatda missiyasını davam etdirmək onların tale qismətidir. Balakişi müəllimin ruhu köməyiniz olsun.
Rüstəm MƏLİKOV,”Qələbə” qəzetinin baş redaktoru,
Prezident təqaüdçüsü, Ali Media mükafatı laureatı

