
Tədbirdə Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, xəstəxananın direktoru Şirin Səmədova çıxış ediblər.
Həkim-oftalmoloq Gülarə İsmayılova akalemikin fəaliyyəti, Bəylər Məmmədov isə görkəmli alimlə bağlı xatirələrdən danışıblar.
Çıxış edənlər bildiriblər ki, Darülmöminlər diyarı olan Salyanda daim elmə, elm adamına böyük hörmət və ehtiram göstərilib. Elmi işlərinin tədqiqini məhz Salyan rayonunda aparan görkəmli alim bu gün də xoş xatirələrlə anılır. Sadə salyanlılarla elmin inkişafına xidmət edən arşdırmalarında qarşılıqlı münasibət illər sonra da yaddaşlardan yaddaşlara köçürülür. Vurğulanıb ki, insanlara nur bəxş edən Zərifə xanımın fəaliyyətinə hansı prizmadan yanaşsaq, mükəmməllik nümunəsi görə bilərik: istər alim kimi, istər ana, həyat yoldaşı, istərsə də ictimai xadim kimi. Və bütün yanaşmalarda əsl Azərbaycan xanımının emansipasiyada olan obrazı ilə qarşılaşırıq.
Akademikin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə səhiyyə xidmətində fərqlənən həkim-oftalmoloqlar təltif olunublar.
Həmin gün xəstəxanada akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş oftalmoloji müayinə aksiyası, Kürsəngi kəndində isə həssas əhali qruplarından olan şəxslər üçün tibbi aksiya keçirilib. Oftalmoloji aksiyada 46 nəfərə xidmət göstərilib. Kürsəngidə isə 87 kənd sakininə 260-dan çox tibbi xidmət göstərilib. Terapevt, pediatr, oftalmoloq, ginekoloq müayinələri zamanı sakinlər, həmçinin şüa-diaqnostikası (USM) müayinəsindən də keçirilib.
Bütün tibbi müayinələr açılan ambulator tibbi kitabçalarda qeyd olunub. Xəstələrə müxtəlif diaqnozlar əsasında dərman müalicələri təyin olunub.
Sakinlər onlar üçün yaradılan bu şəraitə görə, TƏBİB-ə, Salyan Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.



