Salyan təkcə aqrar rayon deyil, həm də quruda neft istehsalının təşkil edildiyi ilk rayonlardan biridir. İkinci dünya müharibəsindən sonra rayonun Babazanan, Kürsəngi, Qarabağlı və digər məntəqələrində hasil edilən neft və qaz respublikanın xalq təsərrüfatının inkişafında mühüm rol oynamışdır.
Həmin dövrdən başlayaraq burada böyük bir nəsil, adı həmişə hörmətlə çəkilən neftçilər nəsli yetişməyə başladı. Neftçıxarma sənayesi o qədər inkişaf etmişdi ki, demək olar ki, hər evdən bu sahədə işləyənlər var idi. Neftçi peşəsi hər kəsdən bacarıq, iradə və məsuliyyət tələb edirdi. Odur ki, fərqlənənləri həmişə başqalarına nümunə göstərirdilər. Əlbəttə, bu sətirlərin müəllifinin də neftçi ailəsindən çıxdığını, bir zamanlar “Salyanneft” adlanan müəssisədə atası Sadıq kişinin buruq ustası və qardaşı Hilal Məlikovun baş mühəndis işlədiyni xatırlatsaq deyə bilərik ki, haqqında söhbət açmaq istədiyimiz Balakişi Bağırovun ömür yoluna işıq salmaq, xatirəsini ehtiramla yad etmək müəllif üçün bir ehtiram borcudr.
... Balakişi Bağırovla eyni balıq bürcü altında dünyaya gəlmişik. O, 1955- ci iln mart ayinın 11-də, mən isə bir il sonra həmin ayın 20-də. Bu bəlkə də təsadüfdür. Ancaq illərin yoldaşlığını, ehtiramını həmişə sona kimi saxlaya bildik.Yadımdadır. 1980-ci illərdə gənc jurnalist kimi Kürsəngi Qazma İşləri İdarəsinin və Salyanneft neft və qazçıxarma idarəsinin Kürsəngidə yerləşən sahələrində tez-tez olurdum. Həm yerli mətbuat, həm də Respublika radiosu üçün müxtəlif səpkili yazılar, səsli radioreportajlar hazırlayırdım.Tanışlığımız, dostluğumuz, qardaşlığımız da o vaxtdan yaranmışdı və sona qərər davam etdi. Bəzən az görüşsək də 20 Sentyabr neftçi günü ilə əlaqədar yazılar hazırlamaq üçün və bu münasibətlə təşkil edilən bədii tədbirlərə həmişə dəvət edərdi...Beləcə hər birimiz öz taleyimizi yaşayırdıq.
Bi necə il idi ki, təqaüdə çıxmışdı. Daha çox Bakı şəhərində yaşayırdı.Telefon açırdıq. Sonuncu dəfə ad günündə, sonra Novruz bayramında danışmışdıq. Bir birimizə daha yaxşı günlər, sağlam həyat, can sağlığı arzulamışdıq. Dünyanı bürüyən koronaviris pandemiyasından söz etmişdik. Mənə özünü və uşaqları qorumağı tövsiyyə etdi.Özü isə..
Artıq ağır xəstə olduğunu sosial şəbəkədən, həkim dostumuz Fikrət Məlikovun statusundan oxudum. Həkimə zəng çaldım. ”Ümid allahadır,dua edirik”- dedi. Bəli, koronaviruzun canlar aldığı dövrdə ən əziz adamlarımızdan biri kimi Balakişi dostumuzla mən deyərdim ki, vaxtından əvvəl vidalaşmalı olduq. Uzun illərin peşə məsuliyyəti, işdə gərginliklər, bəzən qarşılaşdığı haqsızlıqlar onun səhətinə ciddi təsir etmişdi. Ayrı-ayrı vaxtlarda açıq ürək və böyrək əməliyyatları keçirmişdi. Bu yanaşı xəstəliklər onun koronavirusla mübarizə aparmaqda ciddi mane oldu, etibarsızlıq göstərdi. Biz də buna tale, alın yazısı deyirik. Ağır da olsa qəbul edirik.
Balakişi Bağırovun tərcümeyi halı barədə yazılanları analiz edəndə görürük ki, onun əmək bioqrafiyasında yalnız neft sahəsinin izləri var. Öyrənirik ki, bu ailədən başlanan yolun davamıdr.Çünki atası Əşrəf Bağırov da uzun illər neft sənayesində məsuliyyətli bir işlə, vışqaquraşdırma ilə məşçğul olmuşdur. Gənc Balakişi də atasının yolu ilə getmişdir. Ailənin digər üzvləri də hansı sahədə işləməkdən aslı olmayaraq zəhmətlə, əməklə uçalmış, ailəyə elə, obaya başücalığı gətirmişlər.
Altı qardaş, iki bacı idilər. Böyük qardaşı Böyükişi müəllim idi.Seydan kənd məktəbinin direktoru işləyirdi. Vaxtsız dünyasını dəyişmişdir. Digər qardaş və bacılar Rafət, Rahət, Şərafət, Rəşadət, Gülnar və Xuraman bu qardaş itkisinin acısını yaşayırlar. Biz də bu itkidən kədərləndiyimizi bildir və onun doğmalarına dərin hüznlə baş sağlığı veririk. Yeri gəlmişgən ailənin kürəkəni, Salyan səhiyyəsinin ağsaqqal həkim lərindən biri olmuş Amil həkimin oğlu Mahmuda bu materialların ərsəyə gəlməsinə göstərdiyi dəstəyə görə də minnətdarlığımızı bildiririk.
B.Bağırov 1977- ci ildə ali təhsilini uğurla başa vuraraq Neft-qaz yataqlarının istismarı və kompleks mexanikləşdirilməsi ixtisasına yiyələndikdən sonra “Salyanneft” neft və qazşıxarma idarəsində əmək fəaliyyətinə başlamışdır.
İlk gündən işə məsuliyyətlə yanaşan Balakişi təşəbbüskar mühəndis kimi tanınmağa başlayır. Onun təkilif etdiyi yerli əhəmiyyətli neçə-neçə ideyalar hasilatın sabit artımına kömək etmişdir. Bilik və baçarığını, işgüzarlığını nəzərə alaraq onu “Quyuların yeraltı və əsaslı təmiri sexi” nin rəisi vəzivəsinə irəli çəkirlər.”Salyan Oyl Ltd Əməliyyat Şirkəti yarananda da ona bu vəzifəni davam etdirməsi təklif olunub.
Nəhayyət, 2006-cı ildə Balakişi Bağırov “Kürsənki” və “Qarabağlı” yataqları üzrə əməliyyat rəhbəri vəzifəsinə irəli cəkilir.O, bu işdə təqaüdə çıxana kimi, 2019-ci ilə kimi işləmişdir.
Balakişi Bağırovun əməyi dövlətimiz tərəfindən də lazımınca qiymətləndirilmişdir. O, ölkəmizin nerft sənayesinin inkişaf etdirilməsində ki, xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür.
Hacı Zeynalabdın Tağıyev Xeyriyyə Fondu 2012-ci ildə ölkənin sosial-iqtisadi həyatındakı roluna, imkansız və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi yardıma, xeyriyyəçilik fəaliyyətinə və yüksək təşkilatçılıq bacarığına görə Balakişi Bağörovu Fəxri Diplom və mükafat ilə təltif etmişdir.
Balakişi Bağırovun ali təhsilli 3 övladı, 6 nəvəsi vardır. Bəlkə də kim bilir, bu şəçərədən yeni neftçilər yetişəcək, Babanın Salyanın Parçaxalac kəndindən başlayan yarımçıq qalan ömür estafetini davam etdirəcəklər. Şərt isə o deyil. Əmin ki, onlar da babaları kimi ailəyə, kəndə, elə, obaya gərəkli insanlar olacaqlr. Çünkü Balakişi Bağırov kimi bir nümunə var.
Balakişi Bağırov 13 May 2021- ci ildə dünyasını dəyişmişdir. Ötən hər gün onu buzdən cismən uzaqlaşdırsa da xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Allah rəhmət etsin.
Rüstəm Məlikov,”anakur.az”saytının baş redaktoru,
“Tərəqqi”medallı, Ali Media mükafatı laureatı