Bakı, 14 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın 14-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanıb. AZƏRTAC müsahibəni təqdim edir.
- Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə birlikdəyik. Cənab Prezident, bir yandan cəbhədə, bir yandan diplomatiyada sıx qrafikiniz var. “Haber Türk”ə vaxt ayırdığınız üçün Sizə çox təşəkkür edirəm.
- Sağ olun.
- Cənab Prezident, Ermənistan ilə Azərbaycan arasında Moskvada 11 saat yarım davam edən bir görüş keçirildi. Ancaq bu görüşdən sonra Ermənistan xüsusi qəddarlıqla Gəncə şəhərini atəşə tutmağa, mülki şəxsləri hədəfə almağa başladı. Burada diqqət çəkən məqam Ermənistanın öz ərazisindən Azərbaycanı hədəfə almasıdır. Ermənistan diplomatiya sahəsində belə bir görüş keçirilərkən bu cür hücuma niyə ehtiyac hiss etdi? Dünya ictimaiyyətindən bu məsələdə istədiyiniz dəstəyi gördünüzmü, Sizə gələn mesajlar oldumu?
- Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Bu dəfə də bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad etmişdir və işğaldan azadetmə əməliyyatımız uğurla davam edir. Bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək.
Ermənistanın bu xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər. Fəqət mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdən keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi. Erməni ordusuna çox böyük zərər vuruldu, 200-dən çox tank, 2 “S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika məhv edildi, 33 tank və digər texnika qənimət kimi götürüldü.
Bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacağıq, daha əzmlə, iradə ilə öz torpaqlarımızı azad edəcəyik və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracağıq.
O ki qaldı, beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin buna reaksiyasına, Türkiyə hər zaman olduğu kimi, bizi bir daha bu məsələ ilə bağlı açıq və birmənalı dəstəklədi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama vermişdir, digər ölkələr də vermişdir. Ancaq deyə bilmərəm ki, bu, dünya miqyasında geniş vüsət almışdır. Halbuki hər kəs üçün bu, gün kimi aydındır. Atəşkəs rejimi haqqında açıqlama verilir, ondan bir gün keçməmiş belə namərd hücum təşkil edilir. Bu, bir daha onu göstərir ki, atəşkəsi kim istəmir.
Mən demişdim, bizim hədəfimiz, bizim məqsədimiz işğal edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşlarını qaytarmaqdır. Bildirmişdim, atəşkəs imkan verəcək ki, bu məsələ artıq hərbi müstəvidən siyasi müstəviyə, diplomatik müstəviyə keçsin. Bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll olunsun və Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın. Ancaq görünür ki, Ermənistanın planları tam başqa imiş. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar. Mən demişdim ki, əgər Ermənistan müsbət davranış göstərməsə peşman olacaq və haqlı idim.
- Cənab Prezident, Sizin Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri 11 saat yarım davam edən bir görüş keçirdilər. Siz, bu görüş davam edərkən açıqlama verdiniz, bir şərtiniz var idi, bizə bir təqvim versinlər. Yəni, Ermənistanın Qarabağdan çəkilməsi üçün bir təqvim verilsin. Moskvadakı görüşdə bir təqvim, ya da Qarabağın gələcəyinə dair Moskvanın ortaya qoyduğu bir layihə, bir plan oldumu?
- Xeyr, təqvim verilmədi, biz də çox israr etmədik. Çünki Moskva anlaşmasında, açıqlamasında bizi qane edən, bizim maraqlarımıza cavab verən maddələr bizi təmin etdi. Onu da bildirməliyəm ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizim üçün məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bizim bundan xəbərimiz yox idi. Bizim Xarici İşlər nazirimiz Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və biz müntəzəm olaraq əlaqədə idik. Mən bizim şərtlərimizi demişdim və o şərtlərdən kənarda hər hansı bir razılaşma mümkün deyildi.
Ona görə biz vəziyyəti nəzərə alaraq, təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu, o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. Ancaq nə zaman? Artıq müzakirə prosesi çərçivəsində. O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir. Eyni zamanda, danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil. Bunlar bizi qane etdi. Bizim təxminimiz ondan ibarət idi ki, artıq dərhal danışıqlar başlasın və təqvim məhz bu danışıqlar çərçivəsində bizə təqdim edilsin. Bu təqvim bizi qane etməlidir. Yəni, bu, çox uzunmüddətli proses ola bilməz. Biz otuz il gözləmişik. Artıq Azərbaycan xalqının səbri tükənibdir. Əgər danışıqlar bərpa edilərsə, əminəm ki, bu təqvim bizə veriləcək. Ancaq Ermənistanın bu anlaşmanı, bu açıqlamanı pozması göstərir ki, onların niyyəti, sadəcə olaraq, vaxt qazanmaq və Azərbaycana öz hücumunu davam etdirməkdir.
- Cənab Prezident, Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı Ermənistanın cəhdləri var. Ermənistan Fransada, Rusiyada, hətta erməni diasporunun güclü olduğu digər ölkələrdə siyasi təzyiq formalaşdırmağa çalışır. Qarabağın işğaldan azad edilməsi məsələsində Siz qətiyyətlisiniz. Qarabağ işğaldan azad edildikdən sonra Sizin necə bir modeliniz var? Bir muxtar bölgə, müstəqil bir struktur, necə bir proses olacaq Qarabağla bağlı?
- Birincisi, onu deməliyəm ki, Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda, bu cəhdlər səmərəsiz qalacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Baxın, Minsk qrupuna həmsədrlik edən ölkələr, onlar bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa İttifaqı ilə bizim “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni, mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın. Çünki bundan heç bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik. Bu, mütləqdir. Ona görə Ermənistanın bu cəhdləri, sadəcə olaraq, daxilə, yəni, öz ictimaiyyətinə hesablanıb ki, sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər.
O ki qaldı, sülhdən sonrakı dönəmə, bizim mövqeyimizdə hər hansi bir dəyişiklik yoxdur. Bizim mövqeyimiz həm tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Prinsip etibarilə bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, - orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, - Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində. Artıq biz sülhə daha da yaxınlaşacağıq. Ona görə orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq. Çünki orada indi səfalət hökm sürür. Biz oraya sərmayə də yatırarıq, biz orada sosial proqramlar da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaqdır. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerlə-yeksan etmək və ondan sonra elan etmək ki, bu, qədim Ermənistan torpağıdır. Halbuki ermənilər oraya çar Rusiyası tərəfindən XIX əsrin əvvəlində köçürülüb. Bu, tarixdir. Bu tarixi biz bilirik. Ona görə bizim mövqeyimiz bundan ibarətdir. Azərbaycan xalqı bu mövqeyi bilir və bunu dəstəkləyir.
- Cənab Prezident, bu fikirlərinizdən başa düşdüyüm qədər, Siz, təkcə əməliyyatı deyil, əməliyyat sonrasını da izah etdiniz, mərhələ-mərhələ konsepsiyasından bəhs etdiniz. Ancaq bilirik ki, münaqişə dövründə çox böyük kədər yaşandı, Qarabağda 30 min Azərbaycan türkü həlak oldu, şəhid oldu. Yenidən o coğrafiyada xalqlar birlikdə yaşaya biləcəkmi? Yaxud, ermənilər və Azərbaycan türkləri ayrı-ayrı rayonlarda yaşayacaqlar? Necə bir planlaşdırma olacaq?
- Bilirsiniz, Azərbaycan xalqı çox xeyirxah xalqdır. Məhz ona görə Azərbaycanda onlarla digər xalqların nümayəndələri yaşayırlar, sülh, ləyaqət içində yaşayırlar. Odur ki, mən tam əminəm, ermənilər və azərbaycanlılar o bölgələrdə bir yerdə yaşaya bilərlər. Necə ki, bu gün Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda. Gürcüstanda 300 mindən çox azərbaycanlı və təqribən 200 minə yaxın erməni əhali var. Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar, bir kənddə. Onların arasında hər hansı bir problem yoxdur. Onlar normal qonşu kimi yaşayırlar, Rusiyada da, Ukraynada da, digər ölkələrdə də. Niyə də bunu burada edə bilmərik?
Mən hesab edirəm ki, biz buna hazır olmalıyıq. Biz xalqlarımızı buna hazırlamalıyıq. Mənim bu gün sizə dediyim sözlər Azərbaycan xalqı tərəfindən qəbul edilir və dəstəklənir. Bu, eyni zamanda, bu gün Dağlıq Qarabağda yaşayan ermənilərə də mənim müraciətimdir. Onlar bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar, bu, ədalətli deyil. Biz buna heç vaxt razı ola bilmərik.
Əlbəttə ki, hər bir müharibə sülh ilə nəticələnir. Ona görə, indi biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə bizə kömək edərsə, hesab edirəm ki, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq. Ancaq biz çalışmalıyıq ki, buna nail olaq.
- Cənab Prezident, hazırda Ermənistan Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur. Azərbaycan isə əməliyyat zamanı yalnız hərbi obyektləri hədəfə alır, ancaq Qarabağ bölgəsindəki ərazilərdə əməliyyat həyata keçirir. Amma Ermənistan Gəncəni, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfə alır. Bundan məqsəd panika, xaos və qorxu yaratmaqdırmı? Siz hazırda Azərbaycan xalqının bu psixologiyasını necə görürsünüz?
- Siz haqlısınız, məqsəd budur, panika yaratmaq, xaos yaratmaq, qorxu yaratmaq. Bu gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var. Məhz buna görə bu xain hücumlar bizim iradəmizi qıra bilmədi. Erməni vəhşiliyindən ən çox zərər çəkən Tərtər şəhəridir. Tərtər şəhərinə minlərlə mərmi düşüb. Tərtər balaca bir şəhərdir, Gəncə kimi böyük şəhər deyil. Bu gün səhər mənə verilən məlumata görə, 100-dən çox mərmi səhər saat 7-dən indi saat 10-un yarısıdır, 2 saat yarım ərzində mindən çox mərmi Tərtər şəhərinə düşüb. Amma tərtərlilər bir dağ kimi, bir yumruq kimi dayanıblar, heç bir yerə getmirlər və deyirlər, öldü var, döndü yoxdur. Həmçinin Ağdamda da, Goranboyda da, Ağcabədidə də, cəbhə xəttinə yaxın olan bütün başqa bölgələrdə də belədir. Onlar düşmənlə üz-üzə yaşamağa öyrəşiblər. 2016-cı ildə, məşhur Aprel döyüşlərindən sonra mən erməni vəhşiliyindən zərər çəkmiş bölgələrə getdim və bir kənddə oldum. O kənddən erməni mövqelərinə məsafə 100-150 metr idi. Bizim hərbçilər mənə dedilər ki, oraya getməyin. Getməyin, ora təhlükəlidir. Dedim, orada bizim insanlar yaşayır, onlar üçün təhlükəli deyilmi? Onlar nə qədər cəsarətli, nə qədər qürurlu insanlardır ki, orada düşmənin atəşi altında yaşayır, qurur, övladlarını böyüdür. Azərbaycan xalqı, bax, bu xalqdır!
Ona görə bu xain hücumlar bizi zərrə qədər də yolumuzdan döndərə bilməz. Ermənistanın digər bir məqsədi bizi dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!
- Cənab Prezident, Minsk qrupu ilə bağlı. Münaqişənin 30 ildir davam etməsinə baxmayaraq, bir həll yolu tapılmadı. Dünən bir media qurumuna müsahibənizdə formatın yenidən nəzərdən keçirilə biləcəyini, daha doğrusu, tərkibin dəyişə biləcəyini dediniz. Bu tərkib necə olmalıdır? Türkiyə masada rol almalıdırmı? Çünki səhər saatlarında Rusiyadan bir açıqlama gəldi, Türkiyənin o masada olması çox da arzu edilmir. Bu məsələyə necə baxırsınız? Bir də bununla bağlı daha bir sual vermək istəyirəm. Cənab Prezident, Rusiya bu prosesdə Qarabağa sülhməramlılar göndərmək istəyərsə, Sizin buna münasibətiniz necə olar? Səhv etmirəmsə, bir media qurumunda belə bir sual ilə qarşılaşmışdınız?
- İlk növbədə, onu bildirməliyəm ki, sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin - Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Həmçinin sülhməramlıların göndərilməsi və sülhməramlıların tərkibi. Yəni orada kim olacaq, hansı ölkələr olacaq? Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır bu gün sülhməramlıların göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını bizim torpağımıza göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir.
Ona görə bizdə belə bir narahatlıq yoxdur. Belə səylər, belə istəklər ola bilər. Mən bunu istisna etmirəm. Ancaq bütün məsələlər masa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan baza prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. Yəni, ilk növbədə, bayaq qeyd etdiyim məsələlər həll edilməlidir - torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 illik müzakirə müddətində biz müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil.
O ki qaldı, Minsk qrupunun fəaliyyəti ilə əlaqədar məsələyə, mən artıq bir neçə dəfə demişəm ki, Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar buna səbəb oldu biz bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər hansı maraqları da yoxdur, təsiri də yoxdur. Ona görə əgər bu münaqişənin həll edilməsini istəyirlərsə, - biz bunu istəyirik, - elə ölkələr olmalıdır ki, onlar real həyatda sülhün təmin olunmasına xidmət edə bilsinlər.
Təbii ki, biz qardaş Türkiyəni bu prosesdə görürük. Biz bunu alqışlayırıq. Biz bilirik ki, Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. Biz o dərinliyə getmək istəmirik. Ona görə mən demişəm ki, de-yure, ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var. Çünki əziz qardaşım, hörmətli Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı hörmətli Putinlə dəfələrlə görüşmüşdür, dəfələrlə danışmışdır. Artıq uzun illərdir, yəni, on ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir. Mənim bundan xəbərim var. Həm Türkiyə Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demişdilər. Onsuz da Türkiyə var. İndi daha çox, daha böyük həcmdə, daha böyük miqyasda var.
Bilirsiniz ki, Türkiyənin Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlu cənab Lavrovla, Türkiyənin Müdafiə naziri cənab Hulusi Akar cənab Şoyqu ilə telefonla danışırlar. Kim deyə bilər ki, Türkiyə prosesdə yoxdur. Türkiyə yoxdursa, nə üçün danışırsınız? Türkiyə var. Biz də əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun. Çünki Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilə bilməz. Bunu hər kəs anlamalıdır. O ki qaldı, yenə də deyirəm, bu məsələnin formal tərəfinə, bu formal tərəf qala bilər, Minsk qrupu da qala bilər, onsuz da 30 il ərzində bir nəticə hasil etmədi. Ancaq bu məsələ nə qədər tez həll olunarsa, o qədər də tez Minsk qrupuna ehtiyac qalmayacaq.
- Cənab Prezident, bir tərəfdən Ermənistanın baş naziri Paşinyan əməliyyatdan əvvəl Şuşada rəqs etdi, xalqını coşdurmağa çalışdı. Bir tərəfdən də müharibədə məğlub olduqca Türkiyəni ittiham etməyə başladı. Türkiyəni buraya əcnəbi döyüşçüləri gətirməkdə günahlandırdı. Eyni zamanda, beynəlxalq medianın da bu mövzuya çox yer ayırdığını gördük. Həmçinin Amerikadakı bir qəzetdə əcnəbi döyüşçülərin, Türkiyə təyyarələrinin Azərbaycanda olduğu xəbərləri yayımlandı. Siz Paşinyanın o rəqsini necə dəyərləndirirsiniz, bu gün hazırkı durum ortadadır. İkincisi, Türkiyənin mövqeyi və bu təyyarələr mövzusu ilə bağlı fikirlərinizi bilmək istərdim.
- Paşinyanın sərxoş vəziyyətdə rəqsi və digər təhqirləri, həqarəti Azərbaycan xalqını haqlı olaraq hiddətləndirdi. Biz onun bu hərəkətlərinin heyfini bu gün döyüş meydanında alırıq, əvəzini çıxırıq. Azərbaycan əsgəri döyüş meydanında göstərir ki, kim haqlıdır, kim haqsızdır. Biz gücümüzü, xalqımızın iradəsini döyüş meydanında göstəririk. Paşinyanın digər təxribatları da cavabsız qalmır və qalmayacaq. Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Şəhidlərimizin qanı yerdə qalmır və qalmamalıdır. Bu gün azad etdiyimiz şəhərlər, kəndlər Paşinyana və onun kimilərə bizim ən gözəl cavabımızdır. O, artıq anladı ki, kim kimdir. Mən ona xəbərdarlıq etmişdim. Mən ona demişdim ki, bu yol sizi fəlakətə aparacaq. Mən demişdim ki, Azərbaycan xalqının ləyaqəti ilə oynamasın, diqqətli olsun, ehtiyatlı olsun. O zənn edirdi ki, dünya erməniliyi onu müdafiə edəcək, o zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaq, bu gün də bunu istəyir. O, Rusiyanın Prezidenti hörmətli Vladimir Putinə bir gündə telefonla dəfələrlə zəng etmişdir. O, telefon zənglərinin bir hissəsi mətbuata verildi, bir hissəsi isə verilmədi. Bizdə məlumat var ki, bu son atəşkəsdən sonra da Paşinyan Putinə telefonla zəng etmişdir. Onun bu hərəkətləri, əlbəttə, göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir, özünü itirib. Azərbaycan Ordusu döyüş meydanında düşmənə elə sarsıdıcı zərbələr endirir ki, artıq onlar qeyri-adekvat duruma düşüblər. Bu, məsələnin bir tərəfi.
O ki qaldı, Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi, bu, tamamilə yalandır. Türkiyə F-16-ları ilə əlaqədar məsələyə mən artıq münasibət bildirdim. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, bizə atılan iftiradır, böhtandır. Bizə bir dənə də sübut gətirilmədi. Sadəcə olaraq, Fransadan və Rusiyadan belə açıqlamalar verildi, vəssalam.
- Konkret sübut ortaya qoyuldumu?
- Sübut, dəlil yoxdur. Heç bir açıqlama verilmir. Bizim kəşfiyyata heç bir məlumat verilmir.
Mən sizə indi deyə bilərəm ki, kəşfiyyat orqanlarımız bizə böhtan atan ölkələrlə əlaqədə olublar, deyiblər ki, bizə dəlil, sübut verin. Vermirlər. Sözdür. İndi mətbuatda kim yazırsa yazsın, o bizi maraqlandırmır. Onsuz da Qərb mediası hər zaman Ermənistanın tərəfini tutub və bizə bundan əvvəlki dövrdə də hər zaman çox mənfi münasibət bəsləyib. Ona görə bu iftiralara biz öyrəşmişik. Ancaq rəsmi şəxslərin açıqlamaları qəbuledilməzdir. Ya bunu sübut et, ya da ki, öz sözlərini geri götür. Belə bir şey yoxdur. Buna ehtiyac yoxdur. Azərbaycan kifayət qədər güclü orduya malikdir ki, bu məsələləri özü həll etsin.
Bir də ki, əcnəbi vətəndaşların iştirakına gəldikdə, baxsınlar Ermənistana, orada nə qədər əcnəbi terrorçular var. PKK-nın düşərgələri var orada. O cümlədən Dağlıq Qarabağda PKK-nın düşərgələri var. Biz bu bölgəni işğalçılardan təmizləyəndən sonra o düşərgələri də məhv edəcəyik. Nə qədər əcnəbi bu gün bizə qarşı bu döyüşlərdə iştirak edir. Orada öldürülən terrorçuların üzərindən Kanada pasportları, Livan pasportları çıxıb. Onlar erməni əsillidir, ya da ki, erməni əsilli deyil, bu, başqa məsələdir. Başqa ölkənin vətəndaşı gəlib bizə qarşı müharibə aparır. Bunlar muzdlulardır.
Bir də deyirlər ki, Türkiyə Azərbaycana hərbi yardım edir. Bilirsiniz, Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq böyük sınaqlardan çıxıbdır. Biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də alırıq. Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq? İndi baxın, Ermənistan nə edir? Biz pulla alırıq. Məndə tam siyahı var, o, sonra dərc ediləcək. Amma bir neçə məsələyə diqqətinizi çəkmək istəyirəm. Bu iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, 33 tank qənimət götürüldü. Yəni, 233 erməni tankı bizdədir. Ondan sonra iki S-300 qurğusu məhv edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir. Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Baxın, Ermənistanın dövlət büdcəsində bu maddələr var? Yoxdur. Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika? Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilərlər. Hələ Ermənistan ərazisində nə qədər var. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var.
- Cənab Prezident, PKK-nın Qarabağda düşərgələrindən bəhs etdiniz. Düşərgələrin hansı bölgələrdə olduğu bəllidirmi?
- Bizdə bu barədə kəşfiyyat məlumatı var. Bu barədə mən daha ətraflı açıqlama vermək istəmirəm. Daha çox dağlıq bölgəsindədir. Çünki işğal edilmiş torpaqların bir hissəsi dağlıq ərazidir, bir hissəsi isə düzənlikdir. Onlar daha çox meşələrdə və dağlıq ərazilərdə yerləşiblər. Bu məsələ ilə bağlı biz dəfələrlə beynəlxalq təşkilatlarda öz sözümüzü demişik. Hətta mən əvvəlki vəzifəmdə olarkən, - deputat kimi Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri idim, - orada da məsələ qaldırmışdım. Avropa deputatlarının diqqətini cəlb etmişdim bu işlərə ki, onlar Ermənistana sanksiya tətbiq etsinlər. Yəni, Ermənistan terrorçu ölkədir, terroru təşviq edən ölkədir. Ona görə belə kəşfiyyat məlumatları var. Eyni zamanda, Rusiyanın xarici kəşfiyyat idarəsinin açıqlamasında da bu, deyilmişdi. Amma nədənsə o açıqlama heç bir mətbuatda yer almadı. Həmin açıqlamada deyildi ki, Azərbaycanda əcnəbi adamlar vuruşur. Eyni açıqlamada Ermənistanın adı çəkilməsə də, PKK-nın da döyüşdüyü bildirilib. Aydındır ki, PKK Azərbaycanda ola bilməz. Amma niyə Qərb mətbuatında bu barədə bir kəlmə də yoxdur? Ört-basdır etmək istəyirlər, diqqətdən kənarda saxlamaq istəyirlər. Amma bütün bu torpaqlarda Azərbaycan bayrağı dalğalanandan sonra orada bir dənə də terrorçu sağ-salamat qala bilməz.
- Cənab Prezident, indi enerji ilə bağlı təhlükəsizlik məsələsi müzakirə olunur. Ermənistan TANAP, ya da Türkiyəyə gedən boru xətlərini hədəfə alan hücumlar etdi. Bunun təhlükəsizliyini necə təmin edəcəksiniz? Avropada enerjiyə ehtiyac var, avropalı dostlar buna necə baxırlar?
- Onlar bir qədər narahatdır. Amma biz təbii ki, bunu nəzərə alırıq. Çünki Ermənistandan hər şey gözləmək olar. Elə Tovuz bölgəsində iyul ayında baş vermiş toqquşmaların səbəblərindən biri də o idi. O boru xəttinə yaxınlaşmaq, ya da ki, onu nəzarət altına almaq. Məhz elə ona görə onlar bizim ərazimizə girib yeni torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan istismara veriləndən bu günə qədər boru xətlərinin təhlükəsizliyi ilə bağlı Azərbaycan ərazisində bir dənə də problem olmamışdır, bir dənə də, nə texniki problem, nə də ki, hansısa bir təxribat. Çünki Azərbaycan ərazisində bizim kifayət qədər inkişaf etmiş müdafiə sistemimiz var. Monitorinq aparılır, fiziki müdafiə və elektron vasitələrlə. Boru xəttinin yerin altında, dərində yerləşməsi təbii ki, bunu havadan da müəyyən dərəcədə mühafizə edir. Ancaq əgər Ermənistan bu çirkin planları, yəni, boru xətlərinin sıradan çıxarılması planlarını həyata keçirərsə, onlar üçün cavab çox ağır olacaq. Biz bu barədə artıq xəbərdarlıq etmişik. Hesab edirəm ki, gələn il TANAP-dan qaz alacaq Avropa ölkələri də onları xəbərdar etməlidir. Çünki TANAP təkcə bizim layihəmiz deyil. TANAP-ın başqa səhmdarları var, TAP-ın Avropa səhmdarları var. Bu, Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir layihədir. Ona görə hamımız maraqlı olmalıyıq ki, bu layihəyə hər hansı bir ziyan dəyməsin.
- Cənab Prezidentim, daha bir sual vermək istəyirəm. İndi Paşinyan özünü itirib, təkcə özünü deyil, eyni zamanda, Ermənistan xalqını da təhlükəyə atıb. Ermənistanda yaşayan 3 milyon insan təhlükə altındadır. Avropadakı ermənilərdən, ya da oradakı iş adamlarından vasitəçi olan, deyən ki, erməni xalqının günahı yoxdur, bu, dəlidir, bununla bağlı bir telefon zəngi, danışmaq istəyən olubmu?
- Xeyr, bununla bağlı bizə heç bir telefon zəngi olmamışdır, heç bir mesaj göndərilməmişdir. Ancaq bu, gözlənilən idi. Bilirsiniz, hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi. İndi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur. O, heç kiçik bir kolxoza da başçılıq etməmişdir. Heç kiçik bir firmaya, dükana da başçılıq etməmişdir. Onun tabeliyində bəlkə heç beş nəfər də olmayıb. Sən ölkəni necə idarə edə bilərsən? Ölkəni idarə etmək çətin məsələdir, xüsusilə bizim bölgəmizdə. Oturuşmuş Avropa ölkələrində bu, o qədər də çətin məsələ deyil. Çünki ölkələr var ki, heç bilmirlər onun başçısı kimdir. Heç insanları maraqlandırmır, onlar öz həyatını yaşayır, sistem oturuşub, hər şey artıq sistem altındadır. Amma bizim bölgəmizdə ölkəni idarə edən insandan çox şey asılıdır - insanların həyatı, təhlükəsizliyi, rifahı, beynəlxalq imici. Paşinyan küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil, bir qəzetin müxbiri idi. Küçədən gəldi rəhbər oldu. Nə etdi ondan sonra? Ermənistanı fəlakətə aparır. Baxın, Ermənistanda bu gün diktatura tam hökm sürür. İki keçmiş prezidentin hər birinə cinayət işi açıldı. Biri iki ilə yaxın həbsdə oturdu, sonra onu buraxdı, amma cinayət işi qalır. O birisinə də ölkə xaricinə çıxma qadağası qoyulub. Bu toqquşmalardan iki gün öncə əsas müxalifət partiyasının sədrini həbsə atdı. Ondan sonra Konstitusiya Məhkəməsini darmadağın etdi, qovdu. Konstitusiya Məhkəməsinin sədrini şantaj etdi, həbslə hədələdi və zorla öz adamlarını oraya yerləşdirdi. Jurnalistləri, media nümayəndələrini həbslərdə çürüdür. Biri aclıq elan etdi və orada öldü. Beynəlxalq müstəvidə, ənənəvi müttəfiqlərlə problem yaşandı. Rusiya ilə, Belarus ilə, digər ənənəvi müttəfiqlərlə problem yaratdı. İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Rusca buna ODKB deyirlər. ODKB-nin Nizamnaməsində yazılıb ki, əgər hər hansı bir ölkəyə xaricdən hücum olarsa digər ölkələr bunun gərək canını qurtarsın. Amma ODKB-nin baş katibi erməni idi, keçmiş rejimin adamı idi. Onu həbsə atdı. Yəni, o təşkilatı da təhqir etdi. Nə qədər belə şeylər etdi. Artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. Bu, Soros tərəfindən idarə olunan bir adamdır. Postsovet məkanında baş vermiş çevrilişlər, “inqilablar” bir mənbədən qaynaqlanır. Soros artıq ümumi bir anlayış oldu. Mən tək onu nəzərdə tutmuram. Budur, Paşinyanın da Sorosla şəklini internetdə axtarın. Durublar qol-qola, bədənləri də bir-birinə yapışıb. Çox eybəcər bir fotoşəkildir. Odur onun atası. Ona görə Soros onu idarə edir. Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir.
2005-ci ildə onlar Azərbaycanda bunu etmək istədilər - narıncı inqilab. Amma mən durdum onların qabağında, əzdim onları, qovdum buradan, sonra Soros fondlarını da bağlatdım. Digər qeyri-hökumət təşkilatlarını da buradan rədd etdim. Dedim ki, biz özümüz bilərik. Gedin, başqa yerdə inqilab edin. Amma onlar Ermənistanda oturuşdu, qeyri-hökumət təşkilatları vasitəsilə oraya pullar gətirildi, insanlar yetişdirildi. Bu gün Paşinyan komandasının 90 faizi Soros, “Transparency International”, “Amnesty International”, “Human Rights Watch” və bu kimi çirkin təşkilatların nümayəndələridir. Ona görə mən bu yaxınlarda rus kanallarının birinə müsahibə verəndə dedim ki, bu gün bizim məqsədimiz Paşinyana problem yaratmaq deyil. O, nə qədər çox qalsa, bizim üçün o qədər də yaxşıdır. Yəni, başa düşürsünüz nəyə görə.
- Cənab Prezident, sonuncu sual. Əslində, planımda yox idi, amma bunu da soruşmaq istəyirəm. Bundan sonrası necə davam edəcək? Türkiyədən çox ciddi ictimai dəstək var, yəni, ictimaiyyət deyərkən, insanlar, hər kəs Sizin çıxışlarınızı izləyir və dəstək verir. Amma 15 gündür mən Azərbaycandayam, Bərdədə, Mingəçevirdə, Gəncədəyəm. İnsanların Sizə möhtəşəm dəstəyi var. Getdiyimiz hər yerdə evi dağılan insanlardan soruşuram, “Eybi yox, evim dağılsın, evim, avtomobilim yansın, vacib deyil, amma Qarabağ alınsın” deyirlər. Möhtəşəm bir dəstək var. Bunu hər bir insandan soruşduğumuz zaman görürük. Burada ən böyük dəstək də Sizə var. Müxalifətdən də var, iqtidardan da var. Bundan sonrakı proses necə davam edəcək? Necə bir proses gözləyirsiniz? Sizcə, bu proses nə qədər davam edər? Siz təcrübəli bir atanın oğlusunuz. Qafqazın və bu bölgənin ən təcrübəli siyasi xadimi Heydər Əliyevin oğlusunuz. Qarabağ, Türkiyə və bu bölgə ilə əlaqədar Sizə söylədiyi və yadınızda qalan bir cümlə, bir fikir varmı?
- Bilirsiniz, evləri dağılmış insanların problemlərini biz həll edərik. Onlar heç narahat olmasınlar. Özü də qısa müddət ərzində. Yadımdadır, 2016-cı ilin aprel ayında Ermənistan bizə hücum edəndə bizdə təqribən 1000-dən çox ev dağılmışdı və mən o evlərin sahibləri ilə görüşlər əsnasında demişdim ki, narahat olmayın, biz bütün bu evləri bərpa edəcəyik. Ondan təqribən 8 ay sonra yenə onların yanına, Ağdam və digər cəbhəyanı bölgələrə getdim, evlərinin açarlarını onlara təqdim etdim.
İlyarım əvvəl Şamaxı şəhərində zəlzələ oldu, minlərlə ev dağıldı. Getdim oraya dedim ki, narahat olmayın, bütün evlər bərpa ediləcək. Onu da etdik. Bir neçə ev qalıb, onları da bərpa edəcəyik. Bizdə təqribən 10 il bundan əvvəl daşqın oldu, böyük bir ərazi su altında qaldı. Təxminən 5 mindən çox ev uçub dağılmışdı. Hamısı dövlət tərəfindən bərpa edildi. Mənim yanaşmam belədir ki, əgər sənin 100 kvadratmetrlik evin var idisə, sən 120-150 kvadratmetrlik ev alacaqsan. Əgər sənin evin daxma idisə, sən gözəl təmirli yeni ev alacaqsan. Ona görə mülkiyyətini, evlərini itirmiş insanlara yardım ediləcək. Ondan başqa, bizim kəndlərdə bir çoxları ev heyvanlarını da itirdilər. Bu, onlar üçün qazanc mənbəyidir. Mən artıq tapşırıq verdim, hesablamalar aparılır, kim nə qədər ev heyvanı itirib o da veriləcək. Biz bu məsələni mütləq həll edəcəyik və Azərbaycan xalqı da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq, çünki bu, mənim şəxsi nəzarətimdədir. Bunu hər kəs bilir və mənim tapşırıqlarımı yerinə yetirəcəklər.
Bu hadisə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir. Deyir ki, evim də batsın, malım da batsın, təki Qarabağ alınsın və biz hamımız bu amalla yaşayırıq, hamımız. Biz bu nisgili, bu həsrəti 30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa yox? Buna son qoyuruq və qoyacağıq.
Ona görə bu məsələ ilə bağlı indiki mərhələdə yalnız irəli getməliyik. Biz Ermənistana şans verdik. Biz bu atəşkəsə razı olmaya da bilərdik. Deyərdik ki, biz razı deyilik. Kim bizi məcbur edə bilərdi?! Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar. Onları da qovurlar. İndi bizim Müdafiə Nazirliyi videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni əsgərlərini, zəncirlə, dəmirə bağlayırlar, bir-birinin ayağına bağlayırlar ki, qaçmasınlar. Neçə dənə belə meyit çıxdı. Dəhşətdir, bunlar adam deyil. Bir də son günlərdə erməni əsgərlərinin arxasınca cəza taborları gəlir. Əgər kimsə geri qaçarsa, o, orada vurulur, yəni, belə vəhşilik, belə faşizm.
Biz bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verdik, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı bizə ver. Sənin torpağın bizə lazım deyil. Bizim Ermənistan torpağında gözümüz yoxdur. Sizə də söylədim, oradakı ermənilər harada yaşayıblar, orada da yaşayacaqlar, bizim onlarla heç bir problemimiz yoxdur. Yəni, bu mərhələ üçün bizim siyasətimiz bundan ibarətdir sona qədər.
O ki qaldı, artıq müharibə başa çatandan sonra, əlbəttə ki, nəinki bölgə, dünya dəyişəcək. Artıq dəyişir. Hər kəs bizim gücümüzü gördü. Bizimlə hesablaşmaq səviyyəsi daha da artacaq. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Çünki bizim niyyətimiz öz maraqlarımızı təmin etməkdir.
Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq.
- Cənab Prezident, çox təşəkkür edirəm. Sıx iş rejimində, xüsusilə bir tərəfdən cəbhədən xəbərlər gəlir, bir tərəfdən diplomatik proseslər içərisindəsiniz. Amma təbii ki, Sizinlə söhbət edərkən, bu reportaj əsnasında gördüm ki, Siz, əslində, Ermənistan ictimaiyyətinin daxilində danışılanları da çox yaxşı izləyirsiniz. Bizə vaxt ayırdığınız üçün “Haber Türk” adından çox təşəkkür edirəm, cənab Prezident.
- Sağ olun. Mən təşəkkür edirəm. Çox sağ olun.