Anım günündə şəhidlərimiz Salyanda da ehtiramla yad edildi.
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərdən çox hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Sentyabr ayının 12-dən 13-nə keçən gecə erməni silahlı qüvvələrinin təxribatının qarşısın alınmasında daha 80 igid oğlumuz qəhrəmanlıq göstərərək düşməni susdurmuş və şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Bu il ikinci dəfədir ki xalqımız Anım gününü qeyd edir. Qəlblərdə şəhidlərimizə sonşuz məhəbbət, dilimizdə ruhlarına əbədu dualar vardır. Respublikamızın hər yerində olduğu kimi Vətən müharibəsində 60 nəfərdən çox şəhid vermiş Salyanda da Anım günü şəhidlərimizin xatirəsinə böyük ehtiramla qeyd edilmişdir.
Tədbir iştirakçıları səhər saatlarında Kür çayının üzərində tikilmiş yeni körpünün ətrafında salınmaqda olan yeni yaşıllıq massivində şəhidlərin xatirəsinə həsr edilmiş ağacəkmə kompaniyası keçirmişlər. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli məclisin deputatları Fəzail Kərimov, Jalə Əhmədova, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Massivdə yeni ağaclar əkilmiş yaşıllıqlara qulluq edilmiş və suvarma aparılmışdır.
Tədbir iştirakçıları şəhidlərin xatirə kompleksi önünə gələrək Ana abidəsinin, şəhidlərin adları yazılmış mərmər lövhələrin və Milli Qəhrəman Nazim Babayevin büstü önünə tər qərənfillər düzmüş xatirələrini ehtiramla yad etmişlər.
Anım günü rayonun Mədəniyyət mərkəzlərinin birində ədəbi bədii kompazisiya nümayiş etdirilmişdir. Mərasim iştirakçıları Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Salyan rayonu Xocalı kənd sakini Məmməov Elmir Arzu oğlunun şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.