Zəngilanda beynəlxalq su konfransı işə başlayıb
“Ağıllı kənd” yaşayış massivi beynəlxalq su konfransına ev sahibliyi edir.
İyunun 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndindəki “Ağıllı kənd” yaşayış massivində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Azərbaycanda akkreditə olmuş diplomatik korpus və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirakı ilə hibrid formatda keçirilən tədbirdə su ehtiyatları sahəsində davamlı inkişafın məqsəd və hədəflərinə nail olmaq üçün səylərin səfərbər edilməsi, bu məsələnin qlobal və regional həlli məqsədilə beynəlxalq səviyyədə dialoqun yaradılması, transsərhəd kontekstdə tərəfdaşlığın qurulması kimi aktual istiqamətlər müzakirə mövzusudur.
Konfransda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilən ərazilərdə ekosistemin və infrastrukturun, hidrometeoroloji müşahidə sistemlərinin bərpası, ətraf mühitin monitorinqi stansiyalarının yaradılması, yaşıllıqların salınması, meşəbərpa tədbirləri, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, balıq növlərinin yetişdirilərək su hövzələrinə buraxılması sahəsində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib.
Ermənistan tərəfindən törədilmiş ekoloji terror, təbiət obyektlərinə dəymiş ziyan, Oxçuçayın və digər su hövzələrinin Ermənistan tərəfindən vəhşicəsinə çirkləndirilməsinin davam etdirilməsi, ekoloji terrorun fəsadlarının aradan qaldırılması və bölgənin ətraf mühitinin yaxşılaşdırılması mövzuları ilə bağlı məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
Nazir BMT və digər beynəlxalq, regional təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin su ilə bağlı məqsəd və hədəflərinin həyata keçirilməsində bütün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.
Konfrans çıxışlarla davam edir.