Azərbaycanlı ekoloqların bu il dekabrın 12-dən Laçın-Xankəndi yolunda başladıqları etiraz aksiyaları qışın qarına-şaxtasına baxmayaraq davam edir. Hər gün televiziyalarımızın ekranlarında onların inamlı çıxışlarını dinləyir, haqlı olaraq səsləndirdikləri şüarları görür, qəzetlərimizin səhifələrində ürək sözlərini oxuyuruq. Eyni zamanda, hər gün onların Qarabağda talana məruz qalmış mədənlərimizə buraxılmaları və monitorinqə başlamaları barədə xəbərləri gözləsək də, bu tələb hələ ki, yerinə yetirilmir.Bununla belə, gözləntilərimizin özünü doğruldacağına ümid çoxdur. Yanvarın 10-da Azərbaycan televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev də bildirib ki, aksiya öz məqsədlərinə nail olacaq. Dövlət başçısı deyib: “Bizim məqsədimiz blokada deyil... Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq”.
Azərbaycanın istər siyasi, istərsə də ekoloji ekspertləri də hesab edirlər ki, ölkəmizin Ermənistanla Qarabağı birləşdirən yola nəzarət etmək hüququ var. Çünki Azərbaycan dövləti və ictimaiyyəti Ermənistandan Xankəndinə nə daşındığını bilməlidir. Mümkün deyildi ki, Ermənistan Qarabağdakı qeyri-qanuni silahlı qrupları tərksilah edib oradan çıxarmaq əvəzinə, həmin yolla onlara silah-sursat daşısın, Azərbaycan isə buna dözsün. Ermənilər İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Rusiya sülhməramlılarının üstü örtüklü yük maşınlarında Qarabağa mina və silahlar daşıyıblar. Bu gün Rusiya sülhməramlı kontingentinə etimadsızlığımız da onunla bağlıdır ki, onların nəzarət etdikləri postlardan iki il ərzində Qarabağa silah, sursat və minalar daşınıb. 2021-ci il Ermənistan istehsalı olan həmin minalar sonradan Azərbaycan ərazilərinə yerləşdirilib və onların partlaması nəticəsində 200-dən artıq mülki vətəndaşımız həlak olub, yaxud yaralanıb. Rusiya hərbçiləri bunun qarşısını almayıblar, əksinə, bu məsələdə separatçılarla yaxından əməkdaşlıq ediblər.
Təbii ki, bütün bunlar Azərbaycan tərəfindən müşahidə altında olub. Bu barədə Prezident İlham Əliyev də bildirdi. Onun sözlərinə görə, istər İrandan gələn, istərsə də sülhməramlılara xidmət edən maşınların Qarabağa nə daşıdığı anbaan nəzarət altında olub. Bax, buna görədir ki, indi Azərbaycan ekspertləri separatçılara silah daşınması imkanlarının tamamilə aradan qaldırılması üçün Laçın yolunda davam edən aksiyanın həmin yolda nəzarət-keçid məntəqəsi qurulması ilə əvəzlənməsini dövlətdən inadla tələb edirlər. Bunu əslində bütün Azərbaycan ictimaiyyəti tələb edir.
Laçın yolunun tamamilə Azərbaycanın nəzarətinə alınmasının, burada müvafiq nəzarət-buraxılış məntəqəsi yaradılmasının zəruriliyi barədə Milli Məclisdə də təkliflər səsləndirilib. Bu haqda deputat Rasim Musabəyov danışmışdı. O, ermənilərin dinc yolla bunu etməyə imkan verməyəcəyi təqdirdə, güc yolu ilə etməyi söyləmişdi.
Xatırladaq ki, həmin yolda gömrük nəzarət-keçid məntəqəsinin yaradılması məsələsi haqqında Rusiya sülhməramlı kontingentinin komandanı, general Andrey Volkov da bildirmişdi ki, Azərbaycan-Ermənistan danışıqlarının yekunlarına əsasən, Ermənistandan Qarabağa və geriyə gedən yolda məcburi gömrük baxışı kimi yenilik tətbiq olunacaq, burada müvafiq cihazlar – rentgen aparatı, qaz analizatoru, narkotik maddələrin və partlayıcı maddələrin axtarışı üçün təlim keçmiş itlər yerləşdiriləcək. Amma general Volkov Laçın yolunda bu gömrük-keçid məntəqəsinə kimin, Rusiyanın, yoxsa Azərbaycanın nəzarət edəcəyi barədə danışmamışdı. Təəssüf ki, indiyədək belə bir məntəqənin yaradılması məsələsi öz həllini tapmayıb. Bununla belə, hələ də gec deyil. Məşhur rus məsəlində deyildiyi kimi, “luçşe pozdno, çem nikoqda” (heç olmamaqdansa, gec olsun).
Bu aspekdən çıxış edən Azərbaycan ekoloqları və siyasi ekspertləri Laçın yolu boyunca dövlət nəzarət-keçid məntəqəsi yaradılması təkliflərini israrla davam etdirirlər. Onların fikrincə, Qarabağdakı “Qızılbulaq” və “Dəmirli” yataqlarımızın monitorinqini aparmaq tələbimiz tamamilə haqlıdır və bu, ölkəmizin suveren hüququdur.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da bu məsələ ilə bağlı öz təklifini irəli sürüb: “Madam ki, ermənilər yalan danışırlar və anlayışları qarışdırırlar, deyirlər ki, Azərbaycan Qarabağı blokadaya alıb, sakinləri aclıqla ölümə və soyqırıma sürükləyir, biz “blokada” və “nəzarət” anlayışlarını bir-birindən ayırmalıyıq. Bakı onlar üçün Kəlbəcər vasitəsilə Ermənistana yol aça bilər”.
Tofiq Zülfüqarov bir az da dəqiqləşdirmə apararaq qeyd edib ki, biz ermənilərə İrəvana daha qısa yolla getməyi təklif edə bilərik: “Lakin istənilən ölkə üçün adi hal olan gömrük və sərhəd qaydalarını məcburi keçmək şərtilə, eynilə Azərbaycanla Gürcüstan, İranla Rusiya sərhədində olduğu kimi. Qoy ermənilər sərhəd nəzarətinə alışsınlar”.
Hesab edirik ki, Laçın yolunu da unutmaq olmaz. Ekspertlərimizin inadla və israrla təklif etdikləri kimi, Laçın-Xankəndi yolunda da nəzarət-keçid məntəqəsinin yaradılması gündəliyimizdən düşməməlidir.
Ümumiyyətlə, bir aydan artıq davam edən aksiya Azərbaycan dövlətinin öz iradəsini uğurla həyata keçirmək əzmində olduğunu, ölkəmizin ərazi bütövlüyünün tam bərpası istiqamətində inamla mübarizə apardığını bir daha sübut etdi. Bu aksiya həm də ölkəmizin siyasi iradəsinə heç kimin, o cümlədən, Fransanın təsir etmək gücündə olmadığını göstərdi. Rəsmi Paris bu ekoaksiya məsələsini guya Qarabağa blokada yaradıldığı kimi, BMT səviyyəsinə qaldırsa da, heç bir nəticə əldə edə bilmədi. Eyni zamanda, bu aksiya ekoloq gənclərimizin böyük fədakarlıq nümayiş etdirməyə, torpaqlarımız, sərvətlərimiz və ümumiyyətlə, ekologiyamız uğrunda hər cür cəfaya hazır olduğunu göstərdi. Bütün bu addımlar isə, son nəticədə, şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağ üzərində suverenliyimizin təminatı ilə nəticələnəcək. Buna artıq nə ölkəmizdə, nə də dünyada heç kəsin şübhəsi yoxdur.