Bütün xalqların tarixində ən ağır sınaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoymaq instinkti var. Bir qayda olaraq, qarşısının alınması mümkün görünməyən real təhlükə ərəfəsində bu instinkt siyasi baxışlarından asılı olmayaraq cəmiyyətin bütün təbəqələrini yeganə ümid ətrafında birləşmək üçün sonuncu cəhdə səfərbər edir. Yenə də bir qayda olaraq, yeganə ümid rolunda toplumun ən müdrik şəxsiyyəti çıxış edir və cəmiyyətin bir müdrik şəxs ətrafında kütləvi səfərbərliyi həlledici gücə çevrilir. Bu baxımdan 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı təbii və qanunauyğun hal kimi meydana çıxır. Məhz həmin ağır və böhranlı dövrdə Azərbaycanın Heydər Əliyev kimi müdrik və uzaqgörən liderə ehtiyacı vardı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib
O qeyd edib ki, 1993-cü ildən bəri ötən hər il Heydər Əliyev zəkasının böyüklüyünü, müdrikliyini və möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu bir daha nümayiş etdirir. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində böyük etimad, rəğbət və ümumxalq sevgisiylə 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, müstəqillik dövrümüzün ən böyük siyasi hadisəsi idi. Bu taleyüklü seçim bugünkü qüdrətli Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin bünövrəsi oldu. Heydər Əliyevin seçkilərdə böyük üstünlüklə qələbə qazanması xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı.
“O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi və Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı. Ölkə müharibə şəraitində idi. Məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətin sükanı arxasına keçən Heydər Əliyev qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyin bərpası, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirdi. Lakin bir neçə istiqamətdən idarə olunan xarici təcavüz və ölkə daxilində qeyri-sabitlik yaradan separatçılıq fəaliyyəti davam edirdi. Heydər Əliyevin prezident seçilməsindən sonra da ölkəmiz ərazisində bir neçə dövlət çevrilişi cəhdinin və Ermənistan silahlı qüvvələrinin xain hücumlarının qarşısı alındı. Çox qısa zamanda ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində ciddi irəliləyişlərə nail olundu. Azərbaycan Ordusu uğurla həyata keçirilmiş Horadiz əməliyyatı ilə ordumuzun qürurunu bərpa etdi və 30 il sonrakı tarixi Zəfərin təməlini qoydu. Bütün siyasi, hərbi və diplomatik gərginliklərə baxmayaraq, Ulu Öndər cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar edərək dövlətimizin sosial-iqtisadi yüksəlişinə yol açan ciddi islahatlara start verdi. Onun böyük siyasi məharətlə reallaşdırdığı “Əsrin müqaviləsi” Azərbaycanın diplomatik sahədə və iqtisadi inkişaf istiqamətində yüksəlişinin ən vacib əsası hesab edilə bilər. Ümummilli Liderin siyasi uzaqgörənliyinin təsdiqi olan bu sənəd gələcək illərdə həm dövlətimizin iqtisadi qüdrətinin, həm də beynəlxalq nüfuzunun artmasını təmin etdi. Bütün bu proseslərdə, iqtisadi yüksəlişlə yanaşı milli-mənəvi dəyərlərin bərpası və xalqın vahid milli ideya ətrafında birləşməsinin təmin olunması mühüm əhəmiyyət kəsb edirdi. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin milli təməl ideyası olaraq azərbaycançılıq məfkurəsini irəli sürdü. Əsası Heydər Əliyev tərəfindən qoyulan və 1993-cü il 3 oktyabr seçkilərindən sonra dövlət siyasətinin əsas xətti kimi həyata keçirilən azərbaycançılıq ideologiyası sonrakı illərdə dövlət quruculuğu, siyasi-iqtisadi, ictimai-sosial və hərbi-texniki inkişaf sahələrində əldə olunan mühüm nailiyyətlərin əsas amili oldu”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Ümummilli Liderin 10 illik prezidentlik dönəmində qüdrətli dövlət üçün bütün hüquqi və siyasi təməllər yaradıldı, gələcək hədəflər müəyyənləşdirildi. Bütün sonrakı uğurlarımız, xüsusilə uzun müddət işğal altında qalmış torpaqlarımızın işğaldan azad olunması məhz bu təməllər üzərində Prezident İlham Əliyev tərəfindən aparılan müstəqil, praqmatik siyasət nəticəsində gerçəkləşdirilə bildi.
Məhz bu təməllər əsasında Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğunu zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə 200 illik tariximizin ən parlaq zəfər və şərəf salnaməsini yazdı. Bu gün Ümummilli Liderimizin arzusu olan ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olunub və bölgədə Azərbaycanın geopolitik liderliyi təmin edilib.
Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 31 il ötür. Zaman göstərdi ki, həmin seçkilər yaxın tariximizdə milli müstəqilliyimizin qorunub saxlanmasına və dövlət suverenliyimizin bərpa edilməsinə gedən yolun başlanğıcı idi. Bu günün siyasi və geosiyasi reallıqlarından yaxın keçmişimizə nəzər saldıqda 3 oktyabr seçimlərinin milli müstəqillik tariximizdə ən əhəmiyyətli dönüş nöqtəsi olduğunu görürük.