Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Silahlı Qüvvələrimiz, hərbi obyektlər, onların təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə fotoşəkillər, audio-video materiallar və digər informasiyaların sosial şəbəkələrdə paylaşılması ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.
AZƏRTAC Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin bununla əlaqədar paylaşdığı məlumatlandırıcı fotolarda hərbi sirrin yayılmaması və düşmənin əlinə keçməməsi üçün diqqətli olmağın, bu barədə fotoşəkillər, audio-video materiallar və digər informasiyaların sosial şəbəkələrdə paylaşılmamasının vacibliyi diqqətə çatdırılır.
Hazırda ordumuzun uğurlu hərbi əməliyyatlar apardığı, düşmənə sarsıdıcı zərbələr endirdiyi və ərazilərimizi işğaldan azad etdiyi bir dövrdə hər kəs vətəndaş məsuliyyətini dərindən dərk etməli, ayıq-sayıq olmalı, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və cəbhədə əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməlidir.