Azərbaycan öz dövlətcilik tarixində ən əlamətdar günlərdən birini yaşamaqdadır. Ermənistan-Azərbaysan-Dağlıq Qarabağ münaqişəsinə son qoyulmuş, rəşadətli ordumuzun qalibiyyət zəfəri nəticəsində 30 il işğalda olan torpaqlarımız azad edilmişdir. Hüquq termini ilə ifadə etsək tarixi ədalət bərpa olunmuşdur. Bu böyük missiyanı Azərbaycan xalqı özünün yenilməz ordusu və igid sərkərdəsi, Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keşirmişdir.
Tarixi həqiqət belə idi ki,1991-ci ildə Sovet ittifaqının süqutundan sonra geniş miqyas almış işğalçılıq müharibəsinin gedişində Azərbaycan ərazisinin 20 faizi - yəni, Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş,, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə soydaşımız yaralanmış və əlil olnuşdu.
Otən 30 il müddətində beynəlxalq ictimaiyyətin gözü qarşısında bu işğal davam etməkdə idi. Super gücə malik dövlətlər güya münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaratdıqları Minsk qurupu əslində işğalın ömrünü uzadmaqla, ikili siyasət apararaq Azərbaycan xalqına bu vəziyyətlə barışmağı təbliğ edirdi. BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62-243 nömrəli qətnamədə isə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdi.
Azərbaycanın tərəfindən münaqişəni sülh yolu ilə həll edilməsinə üstünlük verilməsinə baxmayaraq düşmən təxribatlarını davam etdirirdi. Sentyabr ayının 27-də düşmənin növbəti hücumuna qarşı Azərbaycan BMT-nin nizamnaməsinə uyğun olaraq və özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı sülhə məcbur etmək məqsədilə əks-hücuma başlandı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsi gedişində möhtəşəm qələbə əldə edərək hərb tarixində yeni şanlı səhifələr yazdı.
2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzladıqları Bəyanat uzun illərdən bəri davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoydu. Artıq bu ilin dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələr-mərhələ Azərbaycana qaytarılmaqdadır.Tarixi ədalət öz yerini tutur.. Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. Qarabağda Azərbaycan qanunlarının icrasına başlanılır. Biz xöşbəxt nəsilik ki, bu tarixi yaşayırıq.
Bütöv xalqımız kimi, ədliyyə işçiləri də Vətən müharibəsi qələbəsinin sevincini yaşamaqdadır. Bu tarixi qələbəyə görə möhtərəm Prezidentimizə, sonsuz minnətdarlığımızı bildiririk. Məhz onun uzaqgörən rəhbərliyi ilə Azərbaycanda böyük iqtisadi potensial, müasir hərb nəzəriyyəsinin və taktikasının tələblərinə cavab verən Silahlı Qüvvələr yaradılmış, Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz əzmi və nəticəsində həm döyüş meydanında, həm danışıqlar masasında parlaq nailiyyətlər qazanılmışdır. Tarixi ədalətin bərpa olunmasında canlarından keçərək şəhid olmuş əsgər və zabitlərimizin ruhu qarşısında baş əyirik. İnanırıq ki, onların uğrunda şəhid olduqları Azərbaycan əbədi müstəqilliyinə qovuşmuşdur.
Dünyada həqiqətı və ədalətı müdafiə edən dost dövlətlər sırasında Türkiyyə Cimhuriyyəti qələbəmizə həmişə siyasi dəstək verdi. Noyabr ayının 13-də Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül Azərbaycanın Qələbəsi münasibəti ilə Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədova zəng edərək dost və qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən şanlı Qələbə münasibətilə təbrik etmişdir, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin haqq davasında zəfər çalması ilə bağlı sevincini bölüşmüşdür
Yeni tarixi şəraitdə işğaldan azad edilmiş ərazilərimizdə hüquq işinin təşkili də çox mühüm dövlət siyasətlərindən biri olacaqdır. Hüquqi dövlət quruculuğunda tarixi nailiyyətləri olan Azərbaycan bu sahədə zəngin təcrübəyə malikdir. Xatırlamaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günü elan olunaraq hər il qeyd edilir. Bu ilki bayram isə ədalətin təntənəsi, Azərbaycan qanunlarının tarixi ərazilərimizdə bərpası ilə əlamətdardır.
Çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlanır. Ölkədə hüquq sisteminin inkişafına mühüm əhəmiyyət verilərək elə həmin tarixdə Ədliyyə Nazirliyi təsis olunmuş, Xəlil bəy Xasməmmədov Cümhuriyyətin Nazirlər Şurasında ilk ədliyyə naziri təyin edilmişdir.
1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, Bakı və Gəncə dairə məhkəmələrinin fəaliyyəti təkmilləşdirilmiş, hərbi məhkəmə təşkil olunmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra ölkə həyatında canlanma müşahidə olunmuş, bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də yeni inkişaf dövrü başlanmışdır. Həmin illərdə ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunmuş, ümumiyyətlə, Azərbaycan ədliyyəsinin gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.
1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Əsas qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə etibarlı təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı mərhələdə yeni qanunvericilik aktları, o cümlədən Avropa ölkələrində hamılıqla qəbul edilmiş standart və normalara uyğunluq baxımından cinayət, cinayət-prosessual, mülki və mülki-prosessual məcəllələrin, habelə məhkəmə-hüquqi sistemi ilə bağlı yeni qanunlar qəbul olunmuşdur.
Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək ölkədə yeni üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam və inkişaf etdirilir.
2004-cü ildən dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı çoxsaylı fərman və sərəncamlarına uyğun olaraq məhkəmə-hüquq sistemində köklü dəyişikliklər baş vermiş, yeni təsisatlar - Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi yaradılmış, regional, o cümlədən apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr təsis edilmiş, hakimlərin sayı xeyli artırılmış, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydası təsbit olunmuşdur. Bunun nəticəsidir ki, hazırda respublikada ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, qərəzsiz, ədalətlə və qanunlara uyğun həyata keçirilir.
Ölkə Prezidenti cənab İlham Əliyev 2006-cı ildə Ali Məhkəmənin yeni inzibati binasının təməlinin qoyulması mərasimində demişdir: "Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi işi sürətlə gedir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə məhkəmə-hüquq islahatları aparılmağa başlanmışdır. Bu işlər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır və bu gün uğurla davam etdirilir. Çünki məhkəmə-hüquq sisteminin təkmilləşməsi hər bir ölkənin inkişafında çox böyük əhəmiyyət kəsb edir. Hətta inkişaf etmiş ölkələrdə də bu proses daim gedir. Yəni, bu prosesin əvvəli var, amma sonu yoxdur".
Məhkəmə islahatlarının yeni inkişaf mərhələsində "Elektron məhkəmə" informasiya sisteminin yaradılması, müasir İKT-lərin geniş tətbiqi, dövlət büdcəsi hesabına və Dünya Bankı ilə əməkdaşlıqda yüksək texnologiyalarla təchiz olunmuş müasir məhkəmə infrastrukturunun yaradılması, paytaxtda və bölgələrdə yeni məhkəmə binalarının və komplekslərinin tikilib istifadəyə verilməsi məhkəmələrə müraciət imkanlarını artırmaqla ədalət mühakiməsinin əlçatanlığının asanlaşdırılmasına xidmət edir.
Azərbaycan ədliyyəsinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq uğurla inkişaf edəcəyinə hər birimiz möhkəm əminik.
Fürsətdən istifadə edərək 22 Noyabr Ədliyyə İşçiləri Günü münasibəti ilə Ədliyyə Nazirliyinin rəhbərliyini və əməkdaşlarını, bütün həmkarlarımızı təbrik edir, onlara ədliyyə və məhkəmə sisteminin davamlı inkişafı naminə müvəffəqiyyətlər arzulayıram.
Akşin Ağayev,
Neftçala rayon qeydiyyat .şöbəsinin rəisi