ABŞ Milli Atmosfer Tədqiqatları Mərkəzi (NCAR) tərəfindən aparılmış yeni araşdırma nəticəsində məlum olub ki, COVID-19 pandemiyası ilə əlaqədar təcridolunma tədbirləri və ictimai fəallığın azalması atmosferə atılan çirkləndirici maddələrin azalmasına təsir göstərib.
AZƏRTAC nat-geo.az saytına istinadla xəbər verir ki, ötən ilin bir neçə ayı ərzində planetin temperaturu bir qədər yüksəlib.
Bu ziddiyyətli fakt onu göstərir ki, havada hərəkət edən hissəciklər və aerozollar Yer kürəsinə daxil olan günəş işığını məhdudlaşdırır. Keçən ilin baharında aerozol tullantıları azalan dövrdə planetimiz, xüsusən ABŞ və Rusiya kimi sənaye baxımından inkişaf etmiş ölkələr daha çox günəş istiliyi alıb.
Araşdırmanın müəlliflərindən biri deyib: “Ətraf mühiti ən çox çirkləndirən sənaye sahələrindən tullantılar xeyli azalıb və bu, planetin temperaturuna dərhal təsir göstərib. Havanın çirklənməsi planeti soyudur, buna görə də çirklənmənin azalması Yer kürəsini qızdırır”.
Ekspert vurğulayıb ki, istiləşmənin qısamüddətli effektlərinə baxmayaraq, pandemiyanın uzun müddət davam etməsi iqlim dəyişmələrinin bir qədər ləngiməsinə səbəb ola bilər, çünki onilliklər boyu atmosferdə qalan karbon qazı tullantıları iqlimə tədricən təsir göstərir. Aerozollar isə əksinə, birbaşa təsir göstərir və bu təsirin yox olması bir neçə il vaxt tələb edir.