SSRİ və ABŞ arasında 1957-1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə yenidən başlaya bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin milli kosmos planı çərçivəsində 2023-cü ildə Ayın səthinə türk kosmonavtı göndərəcəyini açıqlaması dünyada kosmos yarışını aktuallaşdıracaq.
ANAKUR.AZ bildirir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etdiyi milli kosmos planınını şərh edərkən deyib.
Politoloq qeyd edib ki, bir müddətdir BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Yaponiya, Rusiya, ABŞ, hətta Hindistan belə kosmik fəaliyyətləri genişləndirib:
“Türkiyənin bu sahədə addımları dünyada ciddi rezonans doğurub. Tarix boyu türklər imkansız adlanan çox şeyi bacarıb. Bu mənada türklərin Ayın səthinə kosmonavt göndərəcəyi xəbəri digər ölkələri də hərəkətə keçirəcək. Beləcə dünya yarım əsirdən sonra yenidən kosmos yarışının şahidi olacaq”.
Politoloqun sözlərinə görə, Ərdoğanın birdən-birə kosmos sahəsi ilə bağlı qərar verməsinin siyasi səbəbləri də var:
“Birincisi, türklərin kosmos sahəsinə maraq göstərməsi istənilən halda bir çox dövləti narahat edəcək. Çünki bu, həm də rəsmi Ankaranın mövcud texnoloji və elmi inkişaf səviyyəsindən xəbər verir. Onsuz da son illərdə hərbi sahədə əldə edilən yeni nəsil silahlar, eyni zamanda PUA texnologiyasındakı innovativ nailiyyətlər bir çox dövlətin təşvişə düşməsinə səbəb olub. İndi türklərin kosmosa meyil etməsi əslində rəsmi Ankaranın görünənin əksinə daha güclü olduğu təəssüratını yaradacaq.
İkincisi, türklərin Aya kosmonavt göndərməsi digər bu sahədə maraqlı olan ölkələri də hərəkətə keçirəcək. Əgər türklər həqiqətən də kosmosa kosmonavt göndərə bilsə, bu, dünya tarixində yeni bir era, kosmik eranın başlanğıcı olacaq”.