Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ekoloji Bilik Gününə həsr olunmuş “Yaşıl təhsil” elmi-praktik konfrans keçirilib.
Bu barədə anakue.az AZƏRTAC-a istinadən bildirir ki, ADPU-dan məlumat verilib.
Universitetin rektoru professor Cəfər Cəfərov konfransın təşkil edilməsində əsas məqsədin cəmiyyətdə ekoloji biliklərin və ekoloji mədəniyyətin formalaşması, ekoloji təhsilin əhəmiyyətini təbliğ etmək olduğunu bildirib. Rektor COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanov “Yaşıl dünya: problemlər, perspektivlər” mövzusunda məruzə ilə çıxış edərək ekoloji problemlər, o cümlədən iqlim dəyişikliyi, təbii ehtiyatların tükənməsi, biomüxtəlifliyin azalması, ərzaq çatışmazlığı və ətraf mühitin çirklənməsinin mühüm sosial-iqtisadi problemlərdən olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, biosferin tarazlığını təmin etmək üçün daim artan ehtiyaclarımızı planetin təbii imkanlarına uyğunlaşdırmaq zərurətinin dərk edilməsi hazırda dünya birliyi səviyyəsində qəbul edilən dayanıqlı inkişaf paradiqmasının formalaşmasına gətirib çıxarıb. Təhsil və mədəniyyət sahəsində ekoloji məsələlərin prioritetini müəyyən edən müasir innovativ inkişafın, siyasətin, iqtisadiyyatın və hüququn əsasında məhz ekoloji tələblər dayanır.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov “Ekoloji maarifləndirmə prioritetlərdən biri kimi” mövzusunda məruzəsində qeyd edib ki, ekoloji biliklərin daim yenilənməsi müasir dövrün mühüm tələblərindəndir. Ekoloji təhsil, həm də gələcək mütəxəssislərin ekoloji tərbiyəsinin mühüm tərkib hissəsidir.
Professor A.Zamanov təbii sərvətlərin tükəndiyi və yararsız hala düşdüyü, iqlim böhranının təhlükəli üzünü göstərdiyi zamanda ekoloji maarifləndirmənin hazırda aktual olduğunu deyib, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətinə, Azərbaycanın 2030-cu ilə qədər beş milli prioritetindən birinin Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi müəyyən edilməsi ilə əlaqədar insanların ekoloji maarifləndirilməsinin vacibliyinə diqqət çəkib.
Konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin sektor müdiri dosent Fuad Hümbətovun “Ətraf mühit və qanunvericilik”, ADPU-nun Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti Şəbnəm Əsədovanın “Hər kəs üçün yaşıl dünya” mövzularında məruzələri dinlənilib. Sonra müzakirələr aparılıb.