Qarabağ dünyanın ən gözəl turizm məskəninə çevriləcəkdir.
“Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”.
İlham Əliyev.
Müstəqil Azərbaycan dövləti özünün yeni inkişaf dövrünü yaşamaqdadır. Tarixə çevrilən Vətən müharibəsi torpaqlarımızın Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğalına son qoydu. Azərbaycanın şanlı ordusu cəmi 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmaqla hərb tariximizin zəfər səhifəsini yazdı. Tarixi ədalət bərpa olundu. Dədə-baba yurdundan didərgin salınmış bir milyondan çox insanımızın üzərindən köçkün adı əbədi silindi. Azərbaycan əsgəri müdrik rəhbər və qüdrətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərə imza atdı. Bölgədə yeni reallıq yaratdıq. Bütün dünyanın qəbul edəcəyi reallıq.
Azərbaycanın şanlı silahlı qüvvələri təkcə Xocalıda, birinci Qarabağ döyüşlərində, Vətən müharibəsində şəhid olmuş oğullarımızın deyil, Tərtərdə, Bərdədə, Gəncədə həyatını itirmiş mülki insanlarımızın, azyaşlı uşaqlarımızın da hesabını aldı, onların qanı yerdə qalmadı. İşğaldan azad edilmiş şəhər və qəsəbələrdə, kəndlərimizdə rəşadətli ordumuz tərəfindən ucaldılan bayraqlarımız, nəhayət Bakı şəhərlndə Azadlıq meydanında keçirilən Zəfər paradımız Azərbaycanın müdrik Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin sərkərdə qətiyyətinin, onun müzəffər ordusunun rəşadətinin, qəhrəmanlığının, öz rəhbəri ətrafında yumruq kimi birlləşərək ürək kimi vuran xalq – rəhbər birliyinin təntənəsinə çevrildi. Bölgədə yeni reallıq yarandı. Bütün dünyanın qəbul edəcəyi reallıq...
Qayıdan təkcə torpaqlarımız olmadı. Ruhumuz özümüzə gəldi. Mənəviyyatımız təmizləndi. Şuşanın dağlarından niskil dumanı çəkildi. Xarı Bülbülün intizarına son qoyuldu. Qarabağda Qarabağ şikəstəsi səsləndi.
“Biz qayıtmışıq...”
Möhtərəm Prezidentimiz İlham Əliyevin Şuşanın azad edilməsi münasibəti ilə Şəhidlər Xiyabanında xalqa etdiyi müraciət zamanı söylədiyi sözləri hər dəfə xatırlayanda bir azərbaycanlı kimi, mənim də qəlbim qürur və iftixar hissi ilə dolur. Mən də özümü qanımız tökülmüş o Vətən torpaqlarının xilaskar əsgərləri, yurdun qurucuları sırasında görürəm.
“Əziz Şuşa, sən azadsan !
Əziz Şuşa, biz qayıtmışıq !
Əziz Şuşa, biz səni dirçəldəcəyik !...”
Biz Qarabağımıza, işğaldan azad edilmiş torpaqlarımıza qayıdırıq ki, əcdadlarımızdan miras qalmış yurda əbədi sahib çıxaq. Tarixi-mədəni irsimizi bərpa edək. Yenidən İsa bulağında süfrə açaq, Cıdır düzündə büsat quraq, Azərbaycanın qonaqpərvərliyini, tolerant mədəniyyətini daha dolğun təbliğ edək, eyni zamanda, tarixdən dərs alaq. Dosta mehriban, düşmənə amansız olaq…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici jurnalistlərlə çoxsaylı müsahibələrində və xalqimiza etdiyi müraciətlərdə dəfələrlə bildirib ki, işğal dövründə tarixi abidələr, məscidlər, türbələr və bu kimi digər qədim dini abidələr erməni vandalizmi nəticəsində viran edilərək xarabalığa çevrilmiş, turizm əhəmiyyətli məkanların böyük bir hissəsi məhv edilmişdir. Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya, 292 ölkə və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri qalmışdı...
“Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”
Bu sözləri ölkə Prezidenti İlham Əliyev İşğaldan azad edilmiş ərazilərimizin gələcək perspektivləri haqqında danışarkən vurğulamışdır ki, bu ərazilərin hər birinin özünə məxsus turizm potensialı vardır. Şuşa özünün tarixi-mədəni həyatı ilə məşhurdursa Kəlbəcər və Laçının təbii relyefi turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi üçün çox əlverişlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi münasibəti ilə xalqa etdiyi müraciətlərində bildirmişdir ki, Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq...
Qeyd etmək yerinə düşər ki, füsunkar görkəmi və faydası ilə dünyanın ən faydalı müalicə mərkəzi olmuş “İstisu” bulağı da buradadır. Kəlbəcərdəki Alban kilsələri də bizim tarixi sərvətimizdir.
Ölkə başçısı vurğulayıb ki, Laçında da dağıdılmış infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaq, su anbarları tikiləcək. Bu, özlüyündə kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin edilməsinə çox böyük təsir göstərəcək.
Rəşadətli ordumuz tərəfindən torpaqlarımızın düşmən işğalından azad edilməyə başlandığı ilk gündən ərazilərin təmizlənməsinə, infrastrukturun bərpasına, yolların inşasına start verilmişdir. Azərbaycan respublikasının Birinci vitse-prezidentı Mehriban xanım Əliyevanın rəsmi “Instagram” səhifəsi Heydər Əliyev Fondu tərəfindən artıq məscidlərimizin bərpası layihəsinə başlaması barədə paylaşım etmişdir.Paylaşımlarda deyilir:
“Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.”
Ölkə rəhbərinin sərəncamı ilə Füzuliyə, Şuşaya çəkilən yeni yollar bölgəyə yeni həyat gətirəcəkdir. Mütəxəssislərin və ekspertlərin fikrincə, aparılan genişmiqyaslı işlər və siyasi sabitlik iqtisadiyyatımızın qeyri neft sektorunun ən mühüm sahələrindən biri olan turizmin bu bölgədə inkişafına yeni təkan verəcəkdir.
Azərbaycan turizm sahəsində də
regionun lider dövləti kimi tanınmaqdadır
Çox çəkməyəcək ki, Qarabağımızda, işğaldan azad edilmiş ərazilərimizdə yerli və xarici turistlər üçün yeni turizm məhsulları təklif ediləcəkdir. Artıq bu istiqamətdə genişmiqyaslı maarifləndirici işlərə başlanılmışdır. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi “Facebook” səhifəsində Şuşanın, Qubadlı və Zəngilanın gəzməli-görməli yerləri barədə maraqlı videoməlumatlar paylaşmışdır. Bundan başqa, bu ilin noyabr ayının 25-də İslam Əməkdaşlıq Təşkilatının 36-cı sessiyasında, noyabrın 26-da Dubayda 1000 nəfər virtual iştirakçısı olan sərgidə, dekabrın 1-də Tükiyədə təşkil edilmiş ”Uzakrota Online 2020” Turizm sammitində ölkəmizin təmsilçiləri COVİD-19 pandemiyası səbəbindən virtual formatda qoşulmalar edərək Qarabağın turizm imkanları və inkişaf perspektivləri barədə məlumatlar vermişlər.
Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan indi həm də müasir turizm diyarı kimi məşhurdur. Azərbaycan turizm üzrə 148 ölkə sırasında 39-cu yerdə olmaqla, Ümumdünya Səyahət və Turizm Şurasının hesabatına görə, son illərdə ən sürətlə inkişaf edən 10 ölkə sırasında olmuşdur. Ölkəmizdə turizm qədim tarixə və zəngin ənənəyə malikdir. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkət marşurutları səyyah və alimləri həmişə özenə cəlb etmişdir.Tarixi mənbələrdə eramızdan əvvəl yaşamış Plutarxin,Herodotun,Plamey və Strabon kimi səyyah və alimlərin burada olması barədə məlumatlar vardır. Qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan bu gün də turistlər üçün həmişə maraqlı olmuşdur.
Hazırda turizm inkişafı dövlətimizin xüsusi önəm verdiyi sahələrdəndir. Çox yaxın bir dönəmdə işğaldan azad edilmiş torpaqların timsalında bunu daha görəcəyik. Koronavirus dövrü də zamanı ilə aradan qalxacaq, Qarabağ dünyanın ən gözəl turizm məskənlərindən birinə çevriləcəkdir.
Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi böyük Zəfər paradından sonra təşkil edilən mətbuat konfransında möhtərəm Prezidentimiz İlham Əliyev digər inkişaf istiqamətləri ilə yanaşı, qonşu ölkələrin iştirakı ilə qurula biləcək regional inkişaf platfofmasından danışmışdır. Qardaş ölkənin Prezidenti də qədim Şuşaya səfər etmək arzusunu səsləndirmişdir.
Bəli, Azərbaycan - Türkiyə qardaşlığı da bu işə yeni töhfə verəcəkdir. Reallığı görəndə və gələcəyi fikirləşəndə Ulu Öndər Heydər Əliyevin bu sözlərini dönə-dönə xatırlayıram: "Azərbaycan Şərqdə günəş kimi parlayacaqdır”. İndi biz hamımız bu günəşin şəfəqlərini görürük.
Yaşasın Azərbaycan!
Rüstəm Məlikov,
“Qələbə” qəzetinin baş redaktoru.”
“Tərəqqi” medallı,
“Ali Media” mükafatı laureatı.