Zaqatala Rayon Mərkəzi Xəstəxanasında COVID-19 pasportunun qanunsuz verilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, araşdırma ilə həmin xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən olunduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.