Azərbaycanda minimum əməkhaqqının artması VÖEN-lə çalışan fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərinə təsir edəcək. Söhbət fərdi sahibkarların vergi yükünün artmasından gedir.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
Anakur.az Modern.az-ın məlumatına istinadən bildirir ki, iqtisadçı Samir Əliyev bildirib ki, bu aydan fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri onların işlədiyi şəhərlərə müvafiq olaraq artacaq.
Məsələn, Sumqayıtda işləyən fərdi sahibkar 67,5 manat əvəzinə 77,6 manat DSMF ödənişi edəcək.
Bakıda çalışan VÖEN-li fərdi sahibkar isə indiyə kimi 75 manat DSMF ödənişi edirdisə, bu aydan həmin məbləğ 86.25 manata qalxacaq.
S.Əliyev fərdi sahibkarlar üçün digər xoşagəlməz yeniliyin icbari tibbi sığorta haqqı ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Bakıda işləyən sahibkar üçün icbari tibbi sığorta haqqı 12 manatdan 13,8 manata yüksəlib:
“Yəni Bakıda işləyənlərin ayda hesabına 100 manat pul gəlsə, 13,8 manat icbari tibbi sığorta haqqı ödəməli olacaq”.