Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.
Ümumilikdə minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək.
Maraqlıdır, minimum aylıq əməkhaqqının artımı müəllimlərin də maaşına təsir edəcəkmi?
Anakur.az Modern.az-ın məlumatına görə, bildirir ki, suala cavab verən təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkə Prezidenti tərəfindən bu gün imzalanan sərəncam ilə minimum əmək haqqı artımı müəllimlərə də şamil olunur.
“Yeni sərəncam ilə müəllimlərin də əməkhaqqı artır.
Amma bu, hələ hamısı deyil. Bundan sonra Prezidentin müəllimlərin əməkhaqqı artımı ilə bağlı ayrıca sərəncamı da olacaq.
Həmin sərəncam diaqnostik qiymətləndirmədən və sertifikasiya imtahanından müvəffəqiyyətlə keçmiş müəllimlərin əməkhaqqı ilə bağlı olacaq.
Bir də qeyd edirəm, bugünkü artım müəllimlərə şamil olunur və bundan sonra da əlavə ayrıca sərəncamla müəllimlər üçün bir stavka dərs yükünə görə müəyyənləşdirilmiş məbləğ artacaq”.