Yeni sosial islahatlar paketi vətəndaş rifahının təminatı istiqamətində yeni mühüm irəliləyişlərdir
Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının yeni Fərman və Sərəncamları bu sahədə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasına imkan yaradıb.
Anakur.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov yeni Fərman və Sərəncamlarla bağlı KİV nümayəndələrinə müsahibəsində bildirib.
Nazir müavinin sözlərinə görə, dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncamına əsasən yeni islahatlar mərhələsinə başlanılıb. Bu islahatlar üzrə əməkhaqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub.
A.Kərimov deyib ki, Prezidentin yeni Fərman və Sərəncamları əhalinin, xüsusilə həssas qrupların gəlirlərinin artımını təmin edir: “Hələ davam edən pandemiya, habelə post müharibə dövrü olmasına baxmayaraq, ölkəmizdə sosial islahatlar uğurla davam edir. Əslində 2018-2019-cu illərdən başlanan həmin sosial islahatların vacib istiqaməti və tərkib hissəsi birbaşa həssas təbəqələrin gəlirlərinin artırılmasına hədəflənib. İlk mühüm sosial islahat tədbiri minimum əməkhaqqının 300 manata çatdırılmasıdır.
Artımın təsir dairəsi də genişdir və minimum əməkhaqqı artımı 800 min nəfər vətəndaşın gəlirlərinə müsbət təsir edəcək. Onlardan 400 min nəfəri dövlət sektorunda, təxminən o qədər hissəsi də özəl sektorda çalışır. Bu, ümumilikdə ölkədə orta əməkhaqqının yüksəlməsi üçün də təkan olacaq. Həmçinin vahid tarif cədvəli üzrə bütün əməkhaqqı pillələri üzrə artım olacaq”.
Nazir müavini bildirib ki, bu, həm də onun göstəricisidir ki, Azərbaycanda sosialyönümlü siyasət davam edir. Dövlət başçısının Sərəncamı əməkhaqqı artımını təmin etməklə bu sahədə növbəti addımdır və növbəti ildə də bu sahədə islahat və dəstək tədbirləri davam etdiriləcək.
Vahid tarif cədvəli üzrə artımlara toxunan nazir müavini deyib: “İslahatın əhatə etdiyi 800 nəfər minimum əməkhaqqı alırdı, lakin bir sıra müəssisələr var ki, onlar da dövlət büdcəsindən maliyyələşir. Həmin müəssisələrdə əməkhaqqı xüsusi sistem üzərindən formalaşıb və həmin sistem də cədvəl şəklindədir və görülən işə, vəzifəyə uyğun olaraq formalaşan 19 pillədən ibarətdir. Bu, vahid tarif cədvəli hesab olunur. Əslində isə bu, əməkhaqqı ödəniş sistemidir. Minimum əməkhaqqı həmin cədvəlin ən aşağı pilləsində olan işçinin aldığı maaşdır. Ən yuxarı pillə 905 manat, ən aşağı pillə 250 manat nəzərdə tutulmuşdu. Ən aşağıda olan minimum maaş artanda dalğavari olaraq ondan yuxarıdakı hər pilləyə toxunur, yəni islahatın təsiri yalnız 250 manat əməkhaqqı alana deyil, həmin sektorda daha yüksək maaş alan digər əməkhaqqı alanlara da təsir edəcək. Yəni ilk pillədəki 250 manat 300 manat olacaq və qalan 18 pillədə də əməkhaqları artacaq.
Əməkhaqqı dövlət büdcəsindən bu sistem üzrə formalaşan bütün müəssisələrdə çalışanlara şamil ediləcək. Minimum əməkhaqqı sistemində artımın 20 faiz, yəni 50 manat olduğunu deyiriksə, digər təbəqədən olanlar da bunu hiss edəcəklər”.
O, inflyasiyanın o qədər də yüksək olmadığı bir şəraitdə maaşlarım artırılması barədə bunları diqqətə çatdırıb: “Sosial islahatlar aparılarkən onlar müxtəlif müstəvidən qiymətləndirilir və hesablamalar aparılır. Yaxşı haldır ki, həmin artımlar inflyasiyanı üstələyir. Son 3-4 ildə aparılan sosial islahatlara baxsaq, onların minimum əməkhaqqı, minimum pensiya, son 3-4 ildə alınan təqaüdlərə baxsaq, onların da məbləğinın iki dəfə artdığını görərik. İndi minimum əməkhaqqından söhbət getsə də, minimum pensiyalar da son üç ildə iki dəfə artıb. Ən həssas təbəqələrin gəlirlərinə təsir göstərən sosial alətlər və sosial ödənişlər artırılır. Son dörd ildə sosial ödənişlər ümumilikdə 60 faiz, pensiya xərcləri 50 faizdən çox artıb. Ümumilikdə son üç il on ay ərzində sosial ödənişlərin xərcləri təqribən illik 2,4 milyard manat artıb. Bu, ondan irəli gəlir ki, sosial islahatların əsas mənbələrindən biri sosial rifahın yaxşılaşdırılması, gəlirlərin artırılmasıdır.
Minimum əməkhaqqının artırılması əmək bazarına da birbaşa təsir edir, işçi qüvvəsinin məhsuldarlığını artırır. Eyni zamanda vətəndaşların öz əmək hüququndan istifadə etməsi üçün onunla əmək müqavilələri bağlanılmalıdır ki, işçi bundan irəli gələn imtiyaz və güzəştlərdən istifadə edə bilsin. Minimum əməkhaqqı artdıqca əmək müqavilələrinin bağlanılması daha cəlbedici olur. Əmək müqavilələrinin bağlanılması ilə onlar əməkhaqqının vaxtlı-vaxtında və sistemli şəkildə almaq imkanı qazanırlar, xəstələnəndə müavinət ala bilirlər, məzuniyyət və pensiyaya çıxanda pensiya kapitalından istifadə edirlər. İşin bu cür təşkili həm dövlət, həm də özəl sektorda rəqabətə də təsir edəcək.
“Bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildə 33,3 faizə, 2020-ci ildə 38 faizə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41 faiz səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur”.
Nazir müavini islahatların özəl sektora təsiri barədə deyib: “Özəl sektorda vəziyyət dövlət sektorundan fərqlidir. Söhbət minimumlardan gedirsə, tənzimləməyə baxmalıyıq. Dövlət siyasətinin əsas məqsədi hər iki sektorda layiqli əməkhaqqı ödənilməsi və bunun üçün müvafiq şərait yaradılmasıdır. Minimum əməkhaqqının artırılması gələn ildən yaşayış minimumunu 43 faiz üstələyəcək. İslahatların müsbət cəhətlərini dəyərləndirəndə onun müəyyən meyarları nəzərdən keçirilir. Həmin meyarlarda sosial minimumların gözlənilməsi və mütənasibliyin qorunması vacib şərtdir. Minimum əməkhaqqı, minimum pensiya və yaşayış minimumunun mütənasıbliyi qorunmalıdır. Aparılan islahatlar həmin mütənasibliyi artırır.
A.Kərimov daha sonra bildirib: “Sosial islahatlar bir neçə vacib komponentdən ibarətdir. Hazırda ölkəmizdə 1,2 milyon nəfərdən artıq pensiyaçı var. İşləyənlərlə müqayisədə pensiyaçılar daha həssas təbəqə sayılır. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı yeni iki Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz artırılır. Habelə dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30 faiz artırılır. Bu əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımlar üçün dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub”.
Nazir müavini deyib: “Eyni zamanda, Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni Sərəncam və Fərmanlarla müavinət və təqaüdlərin artırılması 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb. Həmin Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı əlilliyi olan şəxsləri və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənləri, sağlamlıq imkanları məhdud uşaqları və onlara qulluq edənləri, yaşa görə müavinət alanları, ailə başçısını itirməyə görə müavinət alanları, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumlarını, beşdən çox uşağı olan qadınları, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələri, övladlığa uşaq götürənləri, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorlarını, “Xalq” və “Əməkdar” fəxri adı olanları, doktorant və tələbələri əhatə edir . Həmçinin uşağın doğulmasına görə birdəfəlik müavinət və dəfn üçün birdəfəlik müavinətlər artırılır.
Əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən I dərəcə üzrə - 150 manatdan 220 manata, II dərəcə üzrə - 130 manatdan 180 manata, III dərəcə üzrə - 110 manatdan 120 manata çatdırılacaq. Beləliklə, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də 60 faiz artırılaraq gələn ilin əvvəlindən 80 manata çatdırılır.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata çatdırılıb. Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni Fərmanla həmin təqaüd də 60 faiz artımla 50 manatdan 80 manata, yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır. 2019-cu ilin əvvəlində bu müavinət 73 manat idi, ümumilikdə 2,5 dəfə artırılmaqla gələn ilin əvvəlindən 180 manat təşkil edəcək. Ailə başçısını itirməyə görə müavinət, müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət, uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı (ünvanlı dövlət sosial yardımı təyin edilmiş) ailələrə hər uşağa görə müavinət, övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud uşağa görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, dəfn üçün birdəfəlik müavinət də ciddi şəkildə artırılıb.
İşləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdündə, fəxri adlara görə aylıq təqaüdlərdə, tələbələrin təqaüdlərində də gələn ilin əvvəlindən əhəmiyyətli artımlar tətbiq olunacaq.
Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən ümumilikdə gələn ilin əvvəlindən yeni böyük sosial paket reallaşır. Gələn il üçün sosial paket 2 milyondan artıq vətəndaş üçün nəzərdə tutulub və bu məqsəd üçün qəbul edilən sosial maliyyə yükü 1,5 milyard manatdır”.