Xərclədim gəncliyi qara pul kimi
Yerini bilmədən, əsirgəmədən.
Vardan-yoxdan çıxan bir yoxsul kimi
Onu axtarıram, axtarıram mən.
Azərbaycan poeziyasının ən qüdrətli öncüllərindən olan Əliağa Kürçaylı bütün dovrlərin şairidir. Böyük Şəhriyarın də sevə-sevə mütaliə etdiyi və şerlərini övladlarına əzbərlətdirdiyi Ə.Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyanda Kür çayının sahilində dünyaya gəlib.
Çəmi 51 il yaşayan şair çox çətin uşaqlıq və gənclik illəri yaşamış, xalq şairi, Səməd Vurğunun himayəsi ilə Bakı şəhərinə dəvət edilmiş və ali təhsil alınmasına qayğı göstərilmişdir.
Sonra o, M.Qorki adına Moskva Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmişdir, sonralar "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi , "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri , "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləmiş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş, "Yazıçı" nəşriyyatında baş redaktor olmuşdur.
…Onun xatirəsi dövlətimiz və xalqımız tərəfindən həmişə layiqincə qiymətləndirilmiş, adı əbədiləşdirilmişdir. Salyan rayonunda ən böyük tam orta məktəblərdən və şəhərin mərkəzi küçələrindən biri" Əliağa Kürçaylı" adını daşıyır.
Həmyerlisi, şair Oqtay Rza sənət dostu haqqında yazdığı şeirinin sonunda belə deyir:
Bir ucun qovuşur Kür sahilinə, kimin nəfəsidir bu həzin külək
Kürçaylı küçəsi, əzizsən mənə, Kürçaylı şeirinin son misrası tək.”
Əliağa Kürçaylının hər bir şerində həyat eşqi, ən uca insani hisslərlə döyünən ürəyin səsi indi də eşidilməkdədir.
Rüstəm Məlikov,
“anakur.az” saytının baş redaktoru.
İstərəm
Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.
Bir sən, bir mən olum, bir uçuq kaha -
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.
Yaşayım yüz il də, milyon da, min də -
Həyatım bitəcək həmin o gündə
Sənin gözlərinin dərinliyində
Boğulmaq istərəm, batmaq istərəm.
Qu quşunun nəğməsi
Deyirsən: "Məhəbbət şeirlərinin
Hamısı qısadır - bir bənd, iki bənd".
Deyirsən: "Deməli, şikəstdir sənin
Məhəbbət yolunda mindiyin səmənd".
əzizim, doğrudur, məhəbbətimdən
Uzun söz açdığım olmayıb hələ;
Sevgi söhbətində çox xəsisəm mən.
Neynim, təbiətim belədir, belə...
Dostum, bu məzəmmət, bu giley nədir?
Qoy mən söz açmayım sevgimdən daha.
Qu quşu nəğməni bir ağız deyir,
Ömründə bir ağız...
Amma nəğmə ha!..
"Vətən"
Mən səndən bir yaşıl budaq istədim,
Sən mənə bəxş etdin zümrüd meşələr.
Mən səndən kiçik bir otaq istədim,
Sən mənə bəxş etdin dilbər guşələr.
Mən səndən adicə həyat istədim,
Sən məni çıxardın min-min səhərə.
Mən səndən kiçik bir qanad istədim,
Sən məni uçurdun ənginliklərə.
Mən səndən bir dəstə çiçək istədim,
Mənimçün dörd fəsil yaz elədin sən.
Mən səndən ilhamlı ürək istədim,
Sən mənə təb verdin milyon ürəkdən.