Hal-hazırda bəşəriyyət bütün dünyanı vahimə içərisində saxlayan, onun tarazlığını pozan, insanları normal, rahat həyatından uzaqlaşdıran koronavirus pandemiyasından xilas olmağa çalışır. Əgər COVID -19 –un yayılmağa başladığı ilk dövrlərdə ondan qorunmağın yolu yalnız tibbi maskadan istifadə etmək, ara məsafəni gözləmək, dezinfeksiyaedici maddələrdən müntəzəm surətdə yararlanmaq, sanitariya –gigiyena qaydalarına ciddi surətdə əməl etmək idisə, hazırda dünya dövlətləri koronavirusla daha effektiv yol hesab olunan vaksin vasitəsilə mübarizə aparırlar. Artıq 2020 –ci ilin dekabrından ölkələrin əksəriyyətində vaksinasiyanın tətbiqinə başlanılmış və Azərbaycan da 2021 –ci il yanvarın 18 –dən tibb işçilərinin peyvəndlənməsi ilə bu prosesə qoşulub.
Respublikamıza gətirilən və əhaliyə vurulan peyvənd Çin peyvəndidir(SiNOVAK) və mütəxəssislərin fikrincə, bu peyvəndlər etibarlıdır. Bunu o fakt təsdiq edir ki, Çin peyvəndi aktivsizləşdirilmiş viruslardan istifadəyə əsaslanmışdır.
Salyanda da vaksinasiya prosesi müvəffəqiyyətlə davam etdirilir. Ölkəmizdə peyvəndləməyə, bu həyati vacib işə start verildiyi gündən rayonumuzun sakinləri böyük həvəslə bu prosesə qoşulmuşlar. Hər bir salyanlı könüllü olaraq peyvəndləmədə iştirak etməklıə, öz vətəndaşlıq borcunu yerinə yetirməyə çalışır. Belə ki, vaksinasiya başlandığı gündən hal –hazıra kimi, ümumilikdə, 18477 nəfərə, o cümlədən 3900 nəfər 65 yaşdan yuxarı, 11049 nəfər 50 -65 yaş arasında, 3528 nəfər 50 yaşa qədər vətəndaşa vaksin vurulmuşdur. Hal –hazırda 40 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi həyata keçirilir.
Mütəxəssislər bildirirlər ki, bu qorxulu infeksiya heç bir yaş həddi tanımır. Ona görə də yoluxmadan heç kəs özünü sığortalaya bilməz. Xeyli müddətdir ki, bəşəriyyəti təqib edən öldürücü xəstəlikdən xilas olmağın yeganə yolu peyvənd olunmaqdır. Üç qızıl qaydaya –maskadan istifadəni, sosial məsafəni gözləməyi, gigiyena qaydalarına riayət etməyi də bir an belə unutmamalıyıq.