Salyan rayon ictimaiyyətinə ağır itki üz vermişdir. Ölkəmizdə kimya sənayesinin inkişafına bacarıqlı və təşəbbüskar mühəndis kimi töhfələr vermiş, bu sahədə sıravi işçidən müəssisə rəhbərinə qədər yüksəlmiş Azərbaycanın «Fəxri kimyaçı»sı Hafiz Baxşalı oğlu Əsgərov ömrünün 85-ci ilində dünyasını dəyişmişdir. Hafiz Əsgərovun əmək fəaliyyətinin ən məhsuldar illəri Salyan Plastik Kütlə Emalı zavodu, onun işgüzar kollektivi ilə bağlı olmuşdur.
H.B. Əsgərov 1937-ci il martın 5-də Salyan rayonunun Dayıkənd kəndində anadan olmuşdur. Orta məktəbi 1959-cu ildə Şorsulu kəndində bitirmişdir. 1958-1961-ci illərdə ordu sıralarında xidmət keçdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur.
Tələbə H.Əsgərov ilk əmək fəaliyyətinə Bakı Enerji Quraşdırma İdarəsində quraşdırıcı-çilingər kimi başlamışdır. Çox keçmir ki, gənc tələbəni Sumqayıt Kimya zavoduna işə dəvət edirlər. O, burada əsl kimyaçı-mühəndis kimi yetişir. Bacarıq və təşkilatçılıq xüsusiyyətlərini nəzərə alaraq o, tikilməkdə olan Salyan Plastik Kütlə Emalı zavoduna mütəxəssis kimi göndərilir.
1968-ci ildən başlayaraq, Hafiz Əsgərovun taleyi bu müəssisə ilə bağlı olur. O, istehsalatda çalışmaqla, zavodun inşasında da yaxından iştirak etməyə başlayır. Ümumiyyətlə, bu müəssisədə çalışdığı 30 ildən yuxarı bir müddətdə zavodun texniki iqtisadi inkişafı üçün bilik və bacarığını əsirgəməmişdir. Hansı vəzifəni yerinə yetirməyindən asılı olmayaraq, özünü təcrübəli mühəndis, yüksək səviyyəli təşkilatçı və xeyirxah insan kimi tanıtdıra bilmişdir.
Hafiz Əsgərov bacarıqlı mühəndis kimi bir sıra səmərəlişdirici təkliflərin müəllifi olmuş və bu təkliflər kifayət qədər iqtisadi səmərə gətirmişdir. Onun əməyi o dövrdə öz peşəkarları arasında çox hörmətli hesab edilən «Fəxri kimyaçı» adına layiq görülmüşdür. «Əməkdə fərqlənməyə görə» medalı, saysız-hesabsız fəxri fərmanlar, müxtəlif döş nişanları səmərəli fəaliyyətinə verilən qiymətin bir hissəsidir.
H.Əsgərov təkcə istehsalat rəhbəri, bacarıqlı mühəndis kimi deyil, zavod kolektivi arasında böyük hami tərbiyəçi, ağsaqqal kimi də nüfuz qazanmışdı. O, ehtiyacı olan gənclərə həmişə dəstək olmuş, lazımi qayğı göstərməyi sanki bir borc hesab etmişdir. Vaxtilə fəaliyyət göstərən «Salyan-Xeyriyyə» Cəmiyyətinin fəxri sədri olmuşdur. İctimai fəaliyyəti Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyəti tərəfindən fərqləndirilərək «Hacı Zeynalabdin Tağıyev» fəxri diplomuna və mükafatına layiq görülmüşdür.
Hafiz Əsgərovla Ulu Öndər Heydər Əliyevin görüşü onun xatirində silinməz izlər buraxmışdır. Ümummilli lider 1972-ci ildə Biləsuvarda və Cəlilabadda kənd zəhmətkeşləri ilə görüşlər keçirərkən işinin çoxluğuna baxmayaraq, özünün təşəbbüsü ilə tikilən Salyan Plastik Kütlə Emalı zavodunda tikinti işlərinin gedişi ilə maraqlanmış və burada olarkən istehsalat işçiləri ilə görüşmüşdür. Bu zaman ölkə rəhbəri gənc mühəndis Hafiz Əsgərovla söhbət etmiş, dəyərli məsləhətlərini vermişdir. Bu qısa görüş H.Əsgərovun sonrakı fəaliyyətində də önəmli rol oynamışdır. Beləki, ötən əsrin 90-cı illərində Yeni Azərbaycan Partiyasının bölgələrdə ilk təşkilatlarının yaranmasında və formalaşmasında Hafiz Əsgərovun da xidmətləri olmuş, zavod ərazi partiya təşkilatına rəhbərlik etmiş, YAP rayon təşkilatı idarə heyyətinin üzvü, təşkilatın ağsaqqallar şurasının sədri olmuşdur. Hafiz Əsgərov bütün mənalı həyatının qalan illərini Yeni Azərbaycan Partiyasının ideyalarının təbliği və təşviqinə həsr etmişdir. H.Əskərov yerli bələdiyyələr ilk dəfə yaradılarkən Salyan şəhər bələdiyyəsinin üzvü seçilmişdir.
O, 1997-ci ildə özünün ən böyük arzusuna çataraq müqəddəs Həcc ziyarətində olmuşdur. Ömrünün sonuna qədər bir Hacı kimi xeyirxah əməl sahibi olmuş, ehtiyacı olanlara öz köməyini əsirgəməmişdir.
Hacı Hafiz Əsgərov cəmiyyətimiz üçün üç övlad böyüdüb tərbiyə etmişdir. Onlar da atalarının xeyirxah əməllərini davam etdirirlər.
Hacı Hafiz Əsgərov ömrünün 85 –ci ilində, aprelin 25-də Haqq dünyasına qovuşmuşdur.
Respublikanın veteran kimyaçısı, Salyan rayonun nüfuzlu ağsaqqallarından biri Hafiz Bəxşalı oğlu Əsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin.
Aftandil Məlikov, Əlisəftər Axundov,
Hacı Qurban Abbasov, Dadaş Seyranov, Seyran Seyranov,
Adil Abbasov, Azər Əsədov, İlham Aslanzadə, Cavanşir Ağalarov