Haqqında söhbət açmaq istədiyimiz Ramiz Seyranov Salyan rayonunun ictimai-siyasi həyatında özünəməxsus iz qoyub getmiş insanlardan biridir. Onun həyat və fəaliyyəti barədə daha dolğun, ətraflı məlumatlar topladıqca, yaşadığı ömür kitabını vərəqlədikcə bu ömrün çox mənalı və ibrətamiz olduğunun şahidi olmamaq mümkün deyildir...
100 il əvvəl-1921-ci ilin aprel ayının 28-də dünyaya gəlmiş Ramiz Muxtarəli oğlu Seyranov 17 iyul 1996-ci ildə, 75 yaşında dünyasını dəyişmişdir. Bütün mənalı həyatını ən gərəkli işə-insanların sağlamlığı keşiyində dayanmağa həsr etmiş həkim Ramiz Seyranovun xatirəsi doğmaları, əzizləri, vaxtı ilə onunla birlikdə işləmiş insanlar tərəfindən daim anılmaqdadır.
Yubiley ərəfəsində biz də bu doğmalarla görüşdük. Ramiz həkimin ictimaiyyət üçün maraqlı olan, zəhmətlə, əziyyətlə və ən nəhayət, şərəflə keçən illərinin qaranlıqlarında qalmış mənalı həyat yoluna yenidən işıq salmağa çalışdıq.Tarixi həqiqətləri vərəqlədikcə böyük bir nəslin şəcərəsi və bu nəslin davamçılarının yaşadıqları heç də asan olmayan talelər göz önünə gəldi.
Ramiz Seyranov Bakı şəhərinin Balaxanı kəndində Muxtarəli kişinin ailəsində dünyaya gəlmişdir. Onun Ağanəzər, Dadaş adlı qardaşları, Minəxanım adlı bacısı olmuşdur. Ramiz ailənin son beşiyi idi.
Tam 100 il əvvəlki tariximizi yada salsaq, ötən əsrin 20-ci illərinin nə qədər mürəkkəb bir dövr olduğunu görürük. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, yeni tarixi formasiyanın, sosializmin meydana gəlməsi və bundan sonra kollektivləşmə, kolxoz quruculuğu və sair. Məhz belə bir şəraitdə Muxtarəli kişi ailəsini qoruyub saxlamaq üçün hər cür əziyyətə qatlaşmalı olmuşdur. Bunun üçün bütün əmlakını, o cümlədən 42 ədəd məhsuldar olmayan neft quyularını yeni hökumətə vermiş, sonralar öz əlləri ilə saldığı 26 hektar üzüm bağlarından da imtina etmişdir. Lakin repressiyalar bu ailədən də yan keçməmişdir. Böyük oğlu Ağanəzər vaxtı ilə müsavat partiyasında məsul vəzifədə təmsil olunduğuna görə, 1927-ci ildə həbs olunaraq güllələnmiş və ailə çətin günlər yaşamışdır.
Muxtarəli Seyranov 1937-ci ildə vəfat etmişdir. Bir il sonra ikinci oğlu Dadaş xəstəlikdən dünyasını dəyişmişdir. Qızı Minəxanım isə 93 il ömür sürərək 1999-cu ildə vəfat etmişdir. Ailənin sonucu övladı Ramizi də heç də asan olmayan tale gözləyirmiş ...
Atasını və qardaşlarını erkən itirməsi və ikinci Dünya müharibəsinə təsadüf edən gənclik illəri onun ömür yolunda dərin izlər buraxmaqla bərabər, xarakterini daha da möhkəmləndirmiş, həyatın gələcək sınaqlarından uğurla çıxmasına yardımçı olmuşdur.
Orta məktəbi bitirdikdən sonra, 1938- ci ildə sənədlərini Azərbaycan Tibb İnstitutuna vermiş və burada müalicə işi fakültəsinə daxil olmuşdur. 1942-ci ildə təhsilini başa vursa da, davam edən ikinci Dünya müharibəsi onun da arzuların həyata keçməsinə mane oldu. Belə ki, həmin illərdə işi yerini hərb cəbhəsi ilə əvəz etməli olan Ramiz Seyranov əynində xalat yaralı əsgərlərimizin döyüş meydanlarından təxliyə olunmasında, onlara ilkin tibbi yardımların göstərilməsində iştirak etmiş və həkimlik sənətinin nə qədər gərəkli olduğuna və bu sahəni seçməkdə heç də yanılmadığına əmin olmuşdur.
1946-cı ildə SSRİ xalqlarının faşizm üzərində qələbənin sevincini yaşadığı günlərdə gənc Ramiz dövlət imtahanlarını uğurla verərək Tibb İnstitutunun diplomunu almışdır. Bir müddət Bakı şəhərinin müxtəlif səhiyyə öçaqlarında çalışan gənc həkimin bəlkə də xəyalına gəlməzdi ki, ömrünün qalan illəri Salyan rayonunun Sarvan kəndində insanlara ixtisaslı tibbi xidmət göstərməkdə keçəcək, demək olar ki, heç tanımadığı kəndın və buranın insanlarının sevimlisinə çevriləcək...Onu burada təkcə həkim kimi deyil, dövrünün savadlı ziyalısı kimi, elin, obanın hörmətli insanı, ağsaqqalı kimi tanıyacaq və ehtiram göstərəcəklər...
Müharibədən sonrakı dövrdə rayonlarda bir sıra yoluxucu xəstəliklər geniş yayılmağa başlamışdı. Malyariya, traxoma və digər xəstəliklərlə mübarizə dövlətin həll etməli olduğu aktual vəzifələrdən biri kimi qarşıya qoyulmuşdu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı na əsasən digər dövlət tədbirləri ilə yanaşı, ixtisaslı həkimlər də bölgələrə göndərilirdilər. Məhz bu dövrdə Ramiz Seyranov da Salyana göndərilir. Sarvan kənd sahə xəstəxanasına baş həkim təyin edilir.
Ramiz Seyranov bu vəzifədə tam 50 il işləmişdir. Bu yarım əsrlik bir dövrdə "işləmişdir" sözü yəqin ki, onun fəaliyyətinin əhatə dairəsini tam əks etdirmir. Çünki, müharibədən sonrakı dövrdə kənd səhiyyəsində çalışan həkimlərin iş saatı deyilən bir məfhum olmayıb. Həkimin qapısı gecə və gündüz döyülürdü. Ramiz həkim bu zəhmətkeş insanlara ilk gündən qayğı ilə yanaşmış və müraciət edənlərin müalicəsi üçün üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Onun əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib. Fəaliyyəti "Qırmızı əmək bayrağı" ordeninə, müxtəlif orden və medallara layiq görülmüşdür.
Ramiz həkim rayonun Göz xəstəxanasında tibb işçisi işləyən Naziyə xanımla ailə qurmuşdur. Bu nikahdan dörd oğlan və bir qız dünyaya gəlmişdir. Övladlarının hamısı ali təhsil almış və zamanında ixtisaslarına uyğun olaraq çalışdıqları sahənin ən aparıcı insanları kimi tanınmışlar. Böyük oğlu Dadaş Seyranov 20 ildən çox Salyan Sərnişindaşıma Avtonəqliyyat Müəssisəsinə rəhbərlik etmiş, hazırda təqaüddədir. Qızı Xanımana Seyranova Salyan rayon mərkəzi xəstəxanasında həkim işləmiş və dünyasını dəyişmişdir. Digər oğlu Muxtar Seyranov da ali təhsilli mühəndis olmuş və artıq haqq dünyasındadır.
İxtisasca ali təhsilli aqronom olan oğlu Seyran Seyranov gənc yaşlarından komsomol və partiya-sovet işlərində çalışmışdır. Respublika Komsomol Komitəsinin katibi, Zərdab rayon Partiya Komitəsinin birinci katibi və Salyan rayonunun ilk icra başçısı işləmiş və hazırda təqauddədir. Ailənin kicik oğlu Rəşad ali təhsilli zootexnik kimi kənddə çalışmışdır. Kolxozda sədr vəzifəsində işləmiş, hazırda fermer təsərrüfatına rəhbərlik edir.
Ramiz həkimin mənalı həyat yolu Bakının Balaxanı kəndindən başlayıb Salyan rayonunun Sarvan kəndində başa çatsa da, onun xatirəsini yaşadan, yolunu layiqincə davam etdirənlər vardır. Nəsillərə örnək olan bu ömür, övladları ilə yanaşı 16 nəvənin, 26 nəticənin, 3 kötükcənin tale yoluna bir mayak kimi işıq saçır, onlara nə üçün və neçə yaşamağın yolunu göstərir. Mayası zəhmətlə, əməklə yoğrulan bu nəslin yeni yetişən gəncləri də elmin, təhsilin yolunu tutmuş və ölkəmizin ən yüksək ali təhsil müəssisələrində gərəkli ixtisaslara yiyələnmişlər. Nəvə Xamis Seyranov hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmiş və İqtisadiyyat Nazirliyində məsul vəzifədə çalışmaqla seyranovların yetişməkdə olan davamçılarına bir nümunədir.
Biz bu nəslin yeni-yeni uğurlarının şahidi olacağıq.
Rüstəm MƏLİKOV,
"Ali Media" mükafatı laureatı.