Sabirabadda fərdi yaşayış evlərinin və çox mənzilli binaların mavi yanacaqla təmini davam etdirilir. Görülən işlər sayəsində daha 54 abonentin evinə qaz verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2021-ci ilin tədbirlər planına əsasən, rayonda qaz xətlərinin dəyişdirilməsi fərdi yaşayış evlərinin mavi yanacaqla təmin edilməsi istiqamətində işlər görülür. Salyan Regional Qaz İstismar idarəsinin rəisi Namiq Məmmədov bildirib ki, görülən işlər sayəsində Məmməd Səid Ordubadi küçəsində 13 mənzilli bina, Nəsimi küçəsində 8 mənzilli bina, Heydər Əliyev prospektində 26 mənzilli bina , Qalaqayın kəndində isə 7 təsərrüfat qazla təmin olunub. Əlavə olaraq plana əsasən, rayon ərazisində 6710 paqonmetr qaz xəttinin dəyişdirilməsi nəzərdə tutulub ki, artıq 516 pm xətt yenisi ilə əvəz edilib. Rayonun Suqovuşan-Muğan prospekti istiqamətində 219 mm-lik 450 pm halqavari xətdə işlər başa çatıb. Bundan başqa Heydər Əliyev prospektindən keçməklə Şərifzadə küçəsində yerləşən 219 mm-lik qaz kəməri Eldar Qəmbərov və Tərlan Novruzov küçələri istiqamətində çəkilən 159 mm-lik halqavari xətt 600 pm uzunluqda dəyişdirilib. Hazırda isə Füzuli küçəsindən keçən 219 mm-lik orta təzyiqli kəmər ilə Qurban Namazəliyev küçəsi ilə keçməklə Mirzağa Hümbətov və Eldar Qəmbərov küçələrinin əlaqələndirilməsi məqsədilə 1800 pm uzunluqda 159 mm-lik kəmərin çəkilişi aparılır. Rayonun Suqovuşan kəndi ərazisindən şəhərin Şərifzadə küçəsi istiqamətində 219 mm-lik orta təzyiqli qaz kəmərinin yeraltı hissələrinin üstə çıxarılması məqsədilə 450 pm yeni kəmərin çəkilişi davam edir. Yaxın günlərdə isə 1991-ci ildə Suqovuşan qazpaylayıcı stansiyasından şəhərə çəkilən 219 mm-lik orta təzyiqli halqavari xəttin 225-lik polietilen və 219 mm-lik borularla əvəz edilməsinə başlanılacaq.