“Əmək” ordenli Arifin uğur hekayəsi
Üzünü görməsəm də həmişə mənə elə gəlib ki, onu yaxından tanımışam. Çünkü uzun illər ətrafımda olan, onu tanıyan adamlardan işi və fərdi keyfiyyətləri barədə ancaq xöş soraqlar eşitmişəm. Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel Atamalıyev Arif İnşallah oğlu Cəlilovun təsərrüfatçı kimi bacarığı, sahibkar kimi fəaliyyəti, eyni zamanda kənd ictimaiyyəti arasındakı hörmət və nüfuzu barədə xoş sözlər demiş və əlavə etmişdi ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Əmək" ordeninə layiq görülməsi faktı özü çox şey deyir. Çünki bu orden Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan insanlara verilir.
Bu maraqla da Kənd Təsərrüfatı İşçiləri Günü ərəfəsində qonağı olduq. Çayını içdik və qısa söhbətləşdik. Sanıram ki, müsahibimizi as da olsa, oxucularımıza tanıtdıra bilərik.
-Bilirik ki, 1963-cü ildə, iyul ayının 25-də kənddə dünyaya gəlmisiniz. Çox erkən işə-gücə başlamısınız. Bu maraq sizə ali təhsil almaq istəyinə də üstün gəlib. Və arxada qalan illərinizlə sanki sübut etmisiniz ki, həyatda uğur qazanmaq o qədər də çətin deyildir. Sizin üçün uğurlu yol haradan başlayır və ya ilk uğurlu addımınız nə olub?
-Uğura yol məqsəddən başlanır. Hər bir insanın bir məqsədi olmalıdır. Məqsədi olmayan insan heç bir yerdə özünü təsdiq edə bilməz. Əlbəttə, məqsədə çatmaq da asan deyil. Bunun üçün daim çalışmaq, işləmək lazımdır. İş adamı zamanını, gününü, ayını, ilini və sonrakı dövrünü qabaqcadan təsəvvür etməli, proqnozlaşdırmalıdır. Mən həmişə çox erkən yaşlarımdan səhər saat 5-dən yerimdən qalxaraq axşamdan planlaşdırdığım işin arxasınca getmişəm. Günün işlərini tamamlamadan gözlərimi yuxu getməyib…
Hərbi xidmətə çağırılana qədər mən artıq istehsalatda müəyyən təcrübə qazanmışdım. Qonşu Neftçala Rayon İstehlak Cəmiyyətində təchizatçı-ekspeditor işləyirdim. Süd tədarükü və təchizatı ilə məşğul olurduq. Hərbi xidmətdən sonra isə Salyan Süd Zavodunda sürücü - ekspeditor kimi işə qəbul oldum. Bu, 1985-ci il idi. 1990-cı ilə kimi, yəni idarə və müəssisələrin özəlləşməyə çıxarıldığı zamana qədər bu kollektivdə işlədim. Artıq süd tədarükü və emalı sahəsində kifayət qədər təcrübə və məlumatım var idi. Bu dövrdə, 1995-ci ildən başlayaraq Umummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə kəndlərdə torpaq islahatı da aparılmaqda idi. Kənddə böyüdüyümə görə, torpağa məhəbbətim çox idi. Necə deyərlər, biz dədə-babadan torpağın dilini bilirdik. Ona görə meylimi bu sahəyə saldım. Kəndimizin bacarıqlı, ağsaqqal adamlarının da məsləhətini dinlədim. Pay torpaqlarımızda iş qurmağa, məhsul əkib becərməyə başladım.
Təbii ki, bu vaxt torpağa əhəmiyyət verməyən, ondan səmərəsiz istifadə edənlər də oldu. Bəziləri isə torpağı satmaq qərarına gəldilər. İmkan daxilində mən də yeni torpaqlar aldım və təsərrüfat işlərimi genişləndirməyə başladım. Bu, məndə alındı. Süd emalı işini bildiyimə görə, qarşıma məqsəd qoydum ki, kiçik bir süd emalı sexi qurum.Tezliklə həm tədarük, həm də istehsal ilə, yəni süd məhsulları emalı ilə məşğul olmağa başladım. Bunu mən ilk uğurlu addımım hesab edirəm. Sonrakı dövrlərdə yeni torpaq sahələrimiz genişləndi və daha böyük uğurlu işlər icra etməyə başladıq.
-Bildiyimiz qədər təsərrüfatlarınızın, əkib-becərilən sahələrinizin ərazisi kifayət qədər genişdir.
-Bəli, bu gün bizim mülkiyyətimizdə 700 hektar torpaq sahə vardır. Torpaq üzərində mülkiyyət hüququ əldə etmək isə hələ istehsal, məhsul demək deyil. İşləməsək, çalışmasaq, insanlar üçün normal şərait yaratmasaq məhsuldarlıq əldə etmək mümkün deyildir. Torpaqlarımızda taxıl, pambıq, bostan bitkiləri, yonca və sair. əkib-becəririk. Taxıl sahələrimizin məhsuldarlığı 40-42, pambıq əkinlərimizin məhsuldarlığı isə 45-50 sentner təşkil etməkdədir. Bu il də nəticələrin yaxşı olacağını gözləyirik.
-Əlbəttə, bu gün kənddə sahibkarlıqla məşğul olmağın öz qayğıları, çətinlikləri də vardır.
-Elədir. Lakin dövlətimiz bu sahənin inkişafına xüsusi qayğı göstərir. Vergilərdən azad edilməklə yanaşı, müxtəlif subsidiyalardan da istifadə edirik. Müasir innovativ ideyalar indi kəndə də gəlməkdədir.
-Bunun üçün bilikli, iqtisadi təfəkkürə və idaretmə səriştəsinə malik gənclərə ehtiyac var. Bildiyimiz qədər sizin övladlarınız da bu istiqamətdə təhsil alırlar.
-Elədir. Oğlum Həzrətqulu Cəlilov ADA Universitetini bitirib. Hazırda iqtisadiyyat üzrə magistratura təhsili alır. Kiçik oğlum Ayaz da Bakı Mühəndislik Universitetini iqtisadiyyat üzrə qurtarıb. O da magistraturada təhsil alır. Qızım Fatimə isə Avrasiya Universitetinin filologiya fakültəsinin 3-cü kurs tələbəsidir.
Müsahibə aldığım vaxtı Arif Cəlilova çoxlu sayda zənglər gəlirdi. Məsləhət alan kim, görülmüş işlər barədə məlumat verən kim. Bəzi zənglər isə yeni görüşlər və yeni layihələr barədə idi. Öyrəndik ki, Arif öz maliyyə imkanları dairəsində rayonumuzda yeni sosial infrastruktur layihələrinin həyata keçirilməsində iştirak etmək, sərmayə qoymaq fikrindədir. Bu isə gələcək müsahibələrin mövzusu olacaqdır. Müsahibim ilə yeni görüşlər arzusu ilə sağollaşıb ayrıldım.
Rüstəm Məlikov,
Ali Media mükafatı laureatı.