Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilirəcək “Şirvan Milli Parkının və Babazanan yüksəkliyinin ekoturizm imkanlarının təbliği təşəbbüslərinin dəstəklənməsi” layihəsinin icrası çərçivəsində ilk dəyirmi masanı rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində keçirmişdir. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı Yenikənd və Həsənli kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, Milli Məclisin deputatı Fəzail Ağamalının köməkçisi, Şirvan Milli Parkının məsil işçisi, “Ana Kür” ictimai birliyinin üzvləri, KİV təmsilçiləri və kənd içtimaiyyətinin nümayəndələri iştirak etmişlər
İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov çıxış edərək icra olunan layihənin ideya və məqsədləri, layihə çərçivəsində görüləcək işlər, gözlənilən nəticələr barədə məlumat vermiş, iştirakçıları icranın fəaliyyət planı ilə tanış etmişdir. Layihə rəhbəri həmçinin tarixə Vətən müharibəsi kimi daxil olan 44 günlük Zəfər döyüşləri zamanı işğal altında olan tarixi torpaqlarımızda erməni silahlı qüvvələri tərəfindən törədilən ekoloji terorların nəticələri barədə məlumat vermiş və məhv edilmiş biomüxtəlifliyin bərpası üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışmışdır.
Yenikənd kənd tam orta məktəbinin direktoru Azər Əzizov çıxış edərək bildirmişdir ki, ekoturizmi təbliğ etməklə ətraf mühitin qorunmasını təşviq edən bu layihənin iştirakçısı olmaq məktəbimizin kollektivi üçün çox önəmlidir. Ona görə ki, yaşadığımız kənd Şirvan Milli Parkı ilə həmsərhəddir. Məktəbimizin məzunlarından bu sahədə çalışanlar da az deyil. Biz layihədə yaxından iştirak etməklə həm ictimai birliyin fəaliyyətinə dəstək olacaq, həm də şagirdlərimiz arasında ekoloji maarifləndirmə işi aparacağıq.
Layihənin icra olunduğu ərazidən, 60 saylı secki dairəsindən Milli Məclisə deputat seçilmiş Fəzail Ağamalının köməkçisi Xidmət Orucov isə layihə komandasına uğurlar diləməklə icra olunan layihənin yeniyetmə və gənclərin ekoloji tərbiyəsində çox müsbət rol oynayacağını bildirmişdir.
Şirvan Milli Parkının qoruq mühafizəçisi Hikmət Qənbərov çıxış edərək bildirdi ki, mən də bu məktəbin məzunuyam. Məktəbimizdə keçirilən ekoloji tədbir cox vacib məsələyə, ekoturizm işinin təbliğinə həsr edilmişdir. Mən “Ana Kür” İctimai birliyinin bu tipli layihələrində dəfələrlə iştirak etmişəm. İnanıram ki, bu layihə də uğurlu alınacaqdır.Salyan Rayon İcra Hakimiyyəti başçısının Yenikənd və Həsənli kənd inzibati ərazi dairələri üzrə nümayəndələri Pirverdi Cəfərov və Tofiq Rəhmanov çıxış edərək rəhbərlik etdikləri nümayəndəlikərdə ekoloji layihənin içrasını dəstəklədiklərini və bu layihənin uğurla yekunlaşması üçün hər çür köməklik göstərəcəklərini bildirmişlər.
Çıxış edənlər belə bir fikri xüsusi ilə vurğulamışlar ki, Şirvan Milli Parkında, həmçinin Babazanan yüksəkliyində ekoturizm üçün təbii şərait vardır. Layihənin Şirvan Milli Parkının ərazisinə yaxın olan Yenikənd, Qardili, Kürsəngi kəndlərini də əhatə etməsi burada ekoturizm üçün mövcud infrastrukturun daha da inkişaf etdirilməsinə, yerli ənənəvi xalq sənəti nümunələrinin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, kəndlərdə turizm işinə maraq göstərən könüllülərin yaranmasına, nəhayət, kəndlərimizin sosial-iqtisadi dayanıqlılığının daha dolğun təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verməsinə şərait yaradacaqdır.
Rüstəm Məlikov, “Ana Kür” İctimai Birliyinin sədri, layihə rəhbəri,
Ali Media Mükafatı laureatı