Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir.
Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi, Bakının ev sahibliyi ilə keçirilən Mədəniyyətlərası Dialoq Forumu çərçivəsində aparılan müzakirələr olduqca mühüm əhəmiyyət kəsb edir.
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” devizi altında keçirilən 6-cı forumda da mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət edən yeni ideyalar, təkliflər səslənir, mövcud problemlərin həlli yolları axtarılır. Tədbirdə 110 ölkənin təmsil olunması da göstərir ki, forum çox mühüm beynəlxalq platformadır. Bu dəfə də ziyalılar, siyasətçilər, media və vətəndaş cəmiyyətinin nümayəndələri daha təhlükəsiz dünya naminə məhz Bakida bir araya gəlib. Açılış mərasimində Prezident İlham Əliyevin də söylədiyi kimi, 2019-cu ildə Bakıda keçirlən 5-ci forumdan sonra dünya təhlükəsiz olmayıb. Biz yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını görürük. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Forumda müzakirə olunan məsələlərdən biri də çoxtərəflilikdir. Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan öz təcrübəsini göstərib. Biz qəti şəkildə çoxtərəfliliyə sadiqik. Rəsmi Bakı çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq edib. Cənab Prezidentin çıxışındakı əsas mesajlardan biri də bu idi ki, əgər insanlara xoş olan tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma digər tərəfdən, dənizdə olan 10-dan artıq ərazidə bunun əksini edirsinizsə, bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil.
Forumun gündəliyində yer alan vacib məsələlərdən biri də sülh və təhlükəsizlik, postmünaqişə dövüdür ki, burada da ən vacib mesajlardan biri Azərbaycanın sülhü müharibə vasitəsilə təmin etməsinin dünya ictimaiyyətinin diqqətinə növbəti dəfə çatdırılması oldu. Bu günün mənzərəsi təsdiqləyir ki, postmünaqişə dövründə də Azərbaycan sülhü təşviq edir. Üstəlik, artıq proses vasitəçisiz davam edir. Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları da bu qənaətdədir ki, Cənubi Qafqazda sülh yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər. Aparılan müzakirələr, səslənən təklif və ideyalar da təsdiqləyir ki, dialoq sülhə aparan yoldur. Məhz “Bakı prosesi” də bundan sonra normallaşmanı, münasibətlərin qurulmasını nümunə kimi götürməyi təklif edir.
“Bakı prosesi” – mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. “Bakı prosesi” təşəbbüsünü ilk dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi. Bununla sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu. “Bakı prosesi”nin əsas aktorları Azərbaycan Respublikası hökuməti, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatıdır.
Xüsusilə qeyd etmək yerinə düşər ki, “Bakı prosesi” sayəsində bəşəriyyətin qlobal təhlükəsizliyinin təmini və dövrümüzün ən mühüm vəzifəsi kimi mədəniyyətlərarası dialoqa və mədəni müxtəlifliyə böyük diqqət ayrılır. “Bakı prosesi”nin ayrılmaz və əsas tərkib hissəsi olan bütün Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında yüksək vəzifəli şəxslər, müxtəlif beynəlxalq təşkilatların başçıları, görkəmli ictimai xadimlər, məşhur mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.
Azərbaycanda keçirilən forumlarda sübut olundu ki, “Bakı prosesi” Prezident İlham Əliyevin dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının, tarixən malik olduğumuz mehriban birgǝyaşama ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə olunması və ölkəmizin belə məsələlərdə interkultural körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir.
Aygün Əzizova
Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi