AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam şəhərində səfərdə olan Baş nazirin müavini, Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin müavini deyib ki, su resurslarının yenidən qiymətləndirilməsi çox vacibdir. Çünki hazırkı qiymətləndirmələr təxminidir. “Yeraltı su həcmlərinin dəqiqləşdirilməsi üçün müşahidə, kəşfiyyat quyularının qazılması nəzərdə tutulur, bu quyuların yerləri müəyyən ediləcək. Ağdam rayonunda da ilk növbədə bu istiqamətdə işlər görüləcək. Bu, içməli su baxımından çox vacibdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yerüstü su ehtiyatlarının da qiymətləndirilməsi zəruridir. Bu məqsədlə artıq 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur. Yerlər də təqribən müəyyən olunub. Amma bu sahədə də əlaqələndirməyə çox böyük zərurət var. Çünki su quyularını harada qazmaq lazımdır, bu, digər planlarla necə uzlaşır, bunlar müəyyənləşdirilməlidir. Ona görə də bugünkü iclasda həm Prezident İlham Əliyev tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahının üzvləri, həm də Azərbaycan Prezidentinin Ağdam rayonunun işğaldan azad olunmuş əraziləri üzrə xüsusi nümayəndəsi iştirak edib. Biz bütün əlaqələndirmə işlərini təmin edirik. Bugünkü iclasın Ağdamda səyyar qaydada keçilməsi də bunun bir göstəricisidir”.
Şahin Mustafayev işğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarının olduğunu bildirib.
Baş nazirin müavini Komissiya çərçivəsində də təkliflərin olduğunu, onlara da baxılacağını deyib: “Bu təkliflər öyrənilərək Əlaqələndirmə Qərargahına və yekunda dövlət başçısına təqdim olunacaq. Təkliflər sırasında relyefə uyğun yeni su anbarlarının tikintisi məsələsi də var. Bunlar hamısı ətraflı araşdırılacaq”.