Son zamanlar havaların yağıntılı keçməsi Kür çayında suyun səviyyəsinin qalxması ilə nəticələnib. Bu da yerli sakinlərin sevincinə səbəb olub. Buna baxmayaraq, Kür çayı ilə bağlı problemlər hələ də qalmaqdadır.
AZƏRTAC xəbər verir ki, qış fəslində qarın və yağışın yağması Kür çayına təsirsiz ötüşmədi. Çayda suyun səviyyəsi qalxsa da, bu, o qədər də çox çəkmədi. Havaların yenidən anomal keçməsi Kür çayında suyun kəskin azalması ilə nəticələndi. Bundan ən çox əziyyət çəkən isə həmişəki kimi Salyan və Neftçala rayonlarının sakinləri oldu. Bu proses ən çox özünü fevral ayında göstərdi. Martda isə çayda suyun səviyyəsində yenidən qalxma müşahidə olundu. Hazırda Araz çayının Kür çayına qarışması nəticəsində çayda suyun rənginin dəyişməsi də göz qabağındadır.
Qeyd edək ki, bu ilin mart ayı ərzində Kür çayında suyun səviyyəsi Salyanda 147 santimetr, Neftçalanın Surra məntəqəsində 120 santimetr, Bankədə isə 33 santimetr çoxalıb. Aprel ayının əvvəllərindən isə çayda suyun səviyyəsində artımın olması, çayın aşağı axınında duzluluğun azalması ilə nəticələnib.