Dünyada şirin suya olan tələbat hələ bu qədər yüksək olmamışdı: Milli Coğrafi Cəmiyyətinin məlumatına görə, biz məişətdə, kənd təsərrüfatında və sənayedə yüz il bundan əvvəl olduğu ilə müqayisədə səkkiz dəfə daha çox su istifadə edirik. AZƏRTAC “Euronews” kanalına istinadla xəbər verir ki, ABŞ-ın ən böyük elm və təhsil təşkilatlarından biri Hollandiyadakı Utrext Universiteti ilə birgə “Dünya Su Resursları Xəritəsi”ni işləyib hazırlayıb.
İnteraktiv model qlobal sudan istifadəni vizuallaşdırmağa imkan verir və suya olan tələbatın bərpa olunan resursları üstələdiyi zonaları göstərir.
Hansı Avropa ölkələri su çatışmazlığından əziyyət çəkir?
2019-cu ilin məlumatına görə, İtaliya ciddi su çatışmazlığı yaşayıb. Adriatik və İon dənizləri sahili boyunca yerləşən regionlarda su çatışmazlığı 1,5 km³ su təşkil edib. 2022-ci ildə Apenninlər son 70 ildə ən güclü quraqlığı yaşayıb, bütün ölkədə çaylarda və göllərdə suyun səviyyəsində rekord azalma olub. İndi italyanlar növbəti yağışsız qızmar yaya hazırlaşır.
Bolqarıstanda su resursları defisiti 1,2 km³ həcmində qiymətləndirilir. Bu, Avropada ikinci ən pis göstəricidir. İçməli sudan qismən sənaye ehtiyacları üçün istifadə edilməsi, eləcə də bəndlərin tikintisi problemləri cari böhrana səbəb olub. Ölkədə mövsümi su məhdudiyyətləri tətbiq olunur.
İqlim dəyişməsi və dəniz səviyyəsinin qalxması Malta üçün ekzistensial təhlükə daşıyır, burada növbəti 80 il ərzində yeraltı su ehtiyatları 16 faiz azalacaq.
İspaniya keçən ilin sonundan quraqlıq rejimində yaşayır, yoxsulluq xüsusilə Krallığın cənub və şərq əyalətlərinə sirayət edib. Hakimiyyət orqanları 2023-cü ilin aprelinin müşahidələrin bütün tarixi boyu ən quru və isti ay olduğunu elan ediblər.
Fransada ölkənin qış qurağlığı ilə üzləşməsindən sonra su böhranı ilə mübarizə planı hazırlanıb. Bu ölkənin qərb hissəsində torpaqların suvarılması üçün 16 su anbarından ibarət kompleksin yaradılmasından narazı olan ekofəalların etiraz aksiyaları keçirilir. Layihənin əleyhdarları suyun “aqrobiznes” tərəfindən “özəlləşdirilməsini” pisləyir və hakimiyyət orqanlarını su anbarının tikintisinə moratorium qoymağa çağırır.
Yeraltı suların tükənməsi və intensiv sənaye fonunda su resursları ilə bağlı gərgin vəziyyət dünyanın digər yerlərində - Hindistanda, Pakistanda, Çinin şimal-şərqində, Meksikada, Yaponiyada və Kaliforniyada qeydə alınır.
Su çatışmazlığına səbəb nədir?
Şirin su bərpa olunan təbii resursdur, buna baxmayaraq Yer kürəsi əhalisinin üçdəbirindən çoxu ən azından ildə bir ay ərzində suya olan tələbatın onun bərpa olunan ehtiyatlarını üstələdiyi zonalarda yaşayır.
BMT-nin məlumatına əsasən, 2025-ci ilə qədər bu göstərici 50 faizə çata bilər. Böhran əhalinin sayının artması, şəhərlərin sürətlə inkişaf etməsi və su ehtiyatlarının səmərəsiz idarə olunması fonunda gərginləşir. Qlobal istiləşmə səbəbindən torpaq quruyur, yağıntı daha çox leysan şəklində olur ki, torpaq da onları tam udmaq iqtidarında deyil.
Son 50 ildə bütün dünyada suvarma sahələrinin sahəsi iki dəfə artıb, burada bütün kənd təsərrüfatı məhsullarının 40 faizi istehsal edilir. 2019-cu ildə bərpa olunmayan yeraltı sularla suvarılan torpaqların sahəsi təxminən Almaniyanın ərazisinə bərabər olub.
Kağızın istehsalından tutmuş nüvə reaktorunun soyudulmasına qədər sənaye sahələri su olmadan işləyə bilməz. Bir qədəh pivənin istehsalına təxminən 300 stəkan su sərf edilir.
İnkişaf etmiş ölkələrdə məişət istehlakı xeyli yüksəkdir, burada şəxsi hovuzların doldurulmasına və çəmənliklərin suvarılmasına çoxlu miqdarda su sərf olunur.
Nə etmək olar?
Kənd təsərrüfatında və sənayedə sudan istifadənin tənzimlənməsi su çatışmazlığını aradan qaldırmağa və əhalinin əsas ehtiyaclarının ödənilməsi üçün kifayət qədər ehtiyat təmin etməyə kömək edə bilər. Kənd təsərrüfatında bəzi hallarda yerli iqlimə uyğunlaşdırılmış ənənəvi məhsullara qayıtmaq da faydalı olardı.
Araşdırmada deyilir ki, xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə məişətdə su istehlakına nəzarət etmək daha asandır. Ola bilsin ki, yaxın gələcəkdə zəngin bölgələrin sakinləri şəxsi hovuzlardan imtina etməli, qazon modasına son qoymalı və mümkün məişət su sızmalarını diqqətlə izləməli olacaqlar.
Ümumi su qıtlığı Azərbaycandan da yan keçməyib. Mövcud su ehtiyatlarının 70 faizi ölkəmizə ölkə hüdudlarından kənarda olan transsərhəd çaylar vasitəsilə daxil olur. Adambaşına düşən suyun həcminə görə Azərbaycan dünyada 90-cı yerdədir. Su ehtiyatlarının həcminə görə Azərbaycan 140-cı yerdədir. Bu, ölkəmizdə suyun səmərəli istifadəsini zəruri edir.