İqlim dəyişmələri çox mürəkkəb prosesdir. Çox təəssüf ki, son zamanlar iqlim dəyişmələri əhəmiyyətinə və təsir dairəsinə görə böyük bir problemə çevrilib. İqlim dəyişmələrinin təsirlərinin azaldılması, istilik effekti yaradan qazların emissiyalarının azaldılması, eyni zamanda, artıq baş vermiş və proqnozlaşdırılan iqlim dəyişmələrinə uyğunlaşma fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə Azərbaycana bütün ölkələrdən dövlət və hökumət başçıları səfər edəcəklər. Hazırda COP29-la bağlı intensiv işlər davam etdirilir.
Anakur.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi ilə əlaqədar keçirilən brifinqdə deyib.
“COP29 Təşkilat Komitəsində dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, qeyri- hökumət təşkilatlarının, akademik dairələrin nümayəndələri təmsil olunurlar. Bu prosesin davam etdirilməsi, hazırda qeyri-hökumət təşkilatlarının (QHT) səsini eşitmək, onların ideyalarını nəzərə almaq üçün, eyni zamanda, onların COP29 prosesinə töhfə vermələrinə şərait yaratmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi keçirməyi qərara alıb”, - deyə U.Tağıyeva qeyd edib.