Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev: “Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir. Son illərdə çağdaş texnologiyaya əsaslanan silahlar alındı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz”.
Haqq savaşına atılan və torpaqlarımızın azadlığı naminə döyüşlərə həvəslə, cəsarətlə, qarşıda onu nə gözlədiyinin fərqinə varmadan gedən həmyerlilərimizdən biri baş leytenant Bəhlul Telman oğlu Qurbanov 1982 –ci il avqustun 1 –də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. 1999 –cu ildə kənd tam orta məktəbini bitirib. 2000 –ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinə daxil olub. 2004 –cü ildə bu ali məktəbi bitirib. 2004 -2005 –ci illərdə həqiqi hərbi xidmətdə olub. 2005 -2007 –ci illərdə xidmətdən artıq hərbi qulluqçu kimi Daşkəsən –Gədəbəy bölgəsində silahlı qüvvələrin idarə heyətinin sədri kimi fəaliyyət göstərib. 2007 –ci ildə ordudan tərxis olunub. 2007 -2020 –ci illərdə anadan olduğu kənddə şagirdlərə fizika fənnini tədris edib. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qismən səfərbərliklə bağlı imzaladığı Sərəncama əsasən 2020 –ci il sentyabrın 21 –də yenidən ordu sıralarına qayıdıb. Sentyabrın 26 –da Artilleriya Divizionunun kəşfiyyat komandiri vəzifəsinə təyin edilib. Sentyabrın 27 –də başlanan Vətən müharibəsində Füzuli –Cəbrayıl –Xocavənd –Şuşa istiqamətində gedən ağır döyüşlərdə igidliyi, şücaəti ilə əsgərlərinə nümunə olan baş leytenant həm də hərbi əməliyyatların gedişində yaranmış çətin, mürəkkəb situasiyalardan bacarıqlı, səriştəli, hərbi taktikanın sirlərinə dərindən bələd olan bir komandir kimi uğurla çıxaraq tabeliyində olan döyüşçülərə ruh yüksəkliyi, döyüş əzmi, daim irəli getmək keyfiyyətlərini aşılaması ilə də diqqəti çəkirdi.
Bəhlul Qurbanov “Füzulinin azad olunmasına görə”, Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Cəsur, vətənpərvər həmvətənimiz deyir ki, atam da artilleriyaçı olub. Görünür, bu hərbi peşəyə sevgi elə atamdan keçib. Necə düyərlər, ataların yolu oğulların yoludur. Ən çox yadımda qalan döyüşlərdən biri haqqında danışmaq istəyirəm. Daşaltıda bizim artilleriya divizionunun qəhrəmanlığı sayəsində düşmənin çoxsaylı arsenalı tamamilə məhv edildi. Bu, doğrudan da çox uğurlu döyüş idi. Bu uğura görə, Ali Baş Komandan Artilleriya Divizionunun komandiri polkovnik Əşrəf Nəsibovu “Xidmətdə fərqlənməyə görə, II dərəcəli medalı” ilə mükafatlandırdı. Bu savaşda 9 şəhidimiz, 17 yaralımız olsa da, düşmən bizdən qat –qat çox itki verdi. Hər bir həmvətənimizin şəhid olması ağırdır, ancaq divizionumuzun maddi –texniki təminat üzrə komandiri mayor Ramin Ağayevin şəhid olması mənə həddindən artıq təsir elədi.
Hal –hazırda Bəhlul Qurbanov vaxtilə təhsil aldığı kənd tam orta məktəbində həm fizika fənninin, həm də Müdafiə Nazirliyi tərəfindən təyin olunduğu hərbi hazırlıq fənninin sirlərini şagirdlərinə öyrədir. Söhbətimiz əsnasında o, bildirdi ki, müəllim peşəsi ilə həmişə fəxr etmişəm. Hiss edirəm ki, bu peşəni seçməkdə yanılmamışam. Bu gün hərbi hazırlıq fənnini tədris etməklə şagirdlərimə - gələcəkdə yurdumuzun keşikçiləri olacaq şagirdlərimə vətənpərvərlik hissləri aşılamağımla qürur duyuram.
Bu məqamda Firudin bəy Köçərlinin müdrikcəsinə dediyi sözlər yada düşür: “Əgər bir milləti məhv etmək istəyirsənsə, müəllimini savadsız, həkimini kəmsavad elə”.
Hər kəs mənimlə razılaşar ki, müəllim peşəsinə ən böyük qiyməti Ulu Öndər Heydər Əliyev verib: “Mən yer üzündə müəllim adından yüksək ad tanımıram”. Müəllim peşəsinin möhtəşəmliyi barədə Mustafa Kamal Atatürk isə bildirib ki, müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər. Bəli, doğrudan da Tanrının ona bəxş etdiyi ömrü şagirdlərinin yolunda şam kimi yandıran müəllim peşəsini heç bir peşə ilə müqayisə etmək olmaz. Bu gün hər birimiz nəyə nail olmuşuqsa, müəllimimizə borclu olmalıyıq.
Bəhlul Qurbanov hər bir şəhid ailəsinə, qazilərə və Vətən müharibəsindən sağ –salamat qayıtmış əsgər və zabitlərimizə daim xüsusi diqqət və qayğı ilə yanaşdığına görə dərin minnətdarlığımı bildirirəm
Vətən müharibəsində döyüş meydanlarından alnıaçıq, üzüağ çıxan igid həmyerlimizin bundan sonra da şərəfli müəllim ömrünün peşəsinin öhdəsindən yüksək səviyyədə, ləyaqətlə gələcəyinə inanır, bu çox vacib və məsuliyyətli fəaliyyətində böyük uğurlar arzulayırıq.
Əzizağa Məmmədli