Qarabağın mülki əhalisinin nümayəndələri olan şəxslərlə Azərbaycanın Yevlax şəhərində görüşməyə hazır olduğumuzu bir daha ifadə edirik. Bu, Azərbaycanın təşəbbüsüdür. Təəssüflər olsun ki, bu təşəbbüsü bir neçə ay bundan öncə də yerinə yetirmək olardı. Amma onlar hər bir vəchlə, müxtəlif bəhanələrlə bu pozitiv gündəliyin həyata keçirilməsinə imkan vermirdilər və problemlər yaradırdılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
O deyib: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regional məsələlər regionda həll edilməlidir. Azərbaycan bu gündəliyin tərəfdarıdır. Digər ölkələrin özləri arasındakı geosiyasi rəqabəti və problemləri Cənubi Qafqaza daşımalarına ehtiyac yoxdur. Onsuz da Cənubi Qafqaz regionu uzun illərdir münaqişələrdən, təhlükələrdən əzab çəkib. Ermənistan da regionda bu kimi siyasətlərin həyata keçirilməsində alət olmamalıdır. Təəssüflər olsun ki, Ermənistan bu kimi funksiyaları yerinə yetirməyə bir çox hallarda niyyətli görünür. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hibrid müharibə son dövrlərdə istər media müstəvisində, istər diplomatik cəbhədə və real olaraq yerdə özünü göstərməkdədir. Qeyri-sülh gündəliyinin bütün komponentləri üzrə, yəni, Azərbaycan-Ermənistan sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat xətlərinin açılması məsələləri üzrə tamamilə qeyri-konstruktiv bir mühit yaranıb. Bunun da günahkarı Ermənistan tərəfidir”.
H.Hacıyev bildirib ki, Ermənistanın üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin tərkib hissələrindən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi. Amma Ermənistan bu öhdəliyini də yerinə yetirmir və hər bir vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir. Qarabağda olan qanunsuz erməni birləşmələrinin silahsızlaşdırılması hərbi mütəxəssislər tərəfindən yerində həyata keçiriləcək. Onun işçi mexanizmlərinin hazırlanması aparılır.