"Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar".
İlham Əliyev.
Cənnət Qarabağın yağı düşməndən azad edilməsi ilə taclanmış Zəfər Yürüşünün ilk ildönümü həyəcanını yaşadığımız bu günlər prokurorluq işçiləri ikiqat bayram əhvalındadırlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü haqqında" 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə əsası qoyulmuş ənənəyə uyğun olaraq, hər il olduğu kimi, bu il də oktyabrın 1-də prokurorluq işçiləri növbəti peşə bayramlarını qeyd edirlər.
1918-ci il mayın 28-də bütün türk dünyasında və müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti bəşəriyyətin inkişaf salnaməsində parlaq bir səhifə açmaqla xalqımızın dünya dövlətçilik irsinə, parlamentli dövlət quruculuğu prosesinə mühüm töhfəsi olmuşdu. Cümhuriyyətin mövcudluğunun ilk aylarında həyata keçirilən dövlət quruculuğu prosesində qəbul edilmiş mühüm qərarlardan biri də prokurorluq orqanlarının təsis edilməsi idi. İstər həmin dövrdə, istər bolşevik işğalı ilə başlayan sovetlər dönəmində, istərsə də dövlət müstəqilliyimizi bərpa etdiyimizdən keçən 30 il ərzində Azərbaycan Prokurorluğu çətin, enişli-yoxuşlu, təhlükə və çağırışlarla dolu, həm də şərəfli bir inkişaf yolu keçib.
Azərbaycan Respublikası Prokurorluğu orqanlarının fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanır. Prokurorluğun demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub. Ulu Öndər çıxışlarında qanunun aliliyini təmin edən orqan kimi prokurorluğun fəaliyyətini yüksək qiymətləndirirdi: "Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də var, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram". Prokurorluğun 100 illik yubiley mərasimində çıxış zamanı deyilən bu sözlər prokurorluq işçilərində böyük ruh yüksəkliyi yaratmaqla, onları gündəlik işlərində daha böyük əzm və məsuliyyətlə çalışmağa sövq edib, insan hüquq və azadlıqlarının, qanunçuluğun təmin olunmasında, cəmiyyətin inkişafına maneə törədən halların aradan qaldırılmasında, məhkəmə-hüquq sisteminin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşmasında mühüm rol oynayıb.
Dünyada baş verən ciddi neqativ proseslərə, mürəkkəb ümumbəşəri problemlərə, çoxsaylı qlobal çətinliklərə, o cümlədən planetimizdə tüğyan edən koronavirus (COVID-19) pandemiyasına rəğmən ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətini yüksək məharətlə davam etdirən Prezidentimiz İlham Əliyevin sarsılmaz qətiyyəti və xalqla iqtidar arasında olan sıx birliyin, Azərbaycan əsgərinin rəşadəti sayəsində 30 ilə yaxın düşmən tapdağı altında olan müqəddəs torpaqlarımız 44 günlük Zəfər Yürüşü ilə azad edildi, minalardan təmizlənən yurd yerlərimizin dirçəldilməsi, dağıdılmış şəhər və kəndlərimizin yenidən tikilməsi, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması işi böyük miqyas və sürətlə davam etdirilir.
Bu tarixi proseslər fonunda möhtərəm Prezident İlham Əliyevin keçən il mayın 1-də Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və bu mühüm dövlət postuna gətirilən Kamran Əliyevin elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrin prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun inkişafının yeni - islahatlar və səmərəli dəyişikliklər mərhələsi başlayıb. Ötən bir il ərzində prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatları həyata keçirilib, ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində mühüm işlər görülübdür. Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik idarəetməyə uyğun idarələr yaradılıb, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılaraq idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib, bəzi idarə və şöbələrlə əlaqədar dəyişikliklər edilibdir. Ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq Azərbaycan Prokurorluğu da müasirləşir və fəaliyyətini ən yüksək tələblər səviyyəsində yenidən qurmaqdadır. Həyata keçirilən ardıcıl və sistemli islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətini tənzim edən, beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanan çoxsaylı normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi prokurorluğun normativ bazasını daha da gücləndiribdir.
Prokurorluğun fəaliyyətinin, həmçinin dövlətçiliyə və xalqa olan sədaqətinin dövlət tərəfindən daim yüksək dəyərləndirilməsi hər bir prokurorluq işçisini qürurlandırmaqla bərabər, üzərimizə daha böyük məsuliyyət qoyur.
Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Salyanda sabitlik və inkişafı təmin etmək üçün rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, digər dövlət qurumları, ictimai birliklər və qeyri-hökumət təşkilatları, ziyalı və ağsaqqallarla çiyin-çiyinə çalışmaq, müstəqil Azərbaycan dövlətinə xidmət etmək hər birimiz üçün böyük şərəfdir. Buna görə də Prokurorluq işçiləri xidməti vəzifələrinin icrası ilə yanaşı, rayonun ictimai həyatında da fəal iştirak edir, sosial layihələrin həyata keçirilməsi, gənc nəslin sağlam və vətənpərvər ruhda tərbiyəsi, onlara hüquqi biliklərin təbliği və qanun pozuntularından çəkindirmək işinə də öz töhfələrini verirlər.
Bayram təbriki üçün tribuna verdiyinə görə bizə doğma olan "Qələbə" qəzetinin redaksiyasına təşəkkürümüzü bildirməklə yanaşı, hörmətli oxucuları əmin etmək istərdim ki, rayon prokurorluğu qanunun aliliyini təmin etmək, qanun pozuntularının qarşısını almaq, cinayətlərin obyektiv araşdırılması və onları törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsini yüksək səviyyədə davam etdirəcəkdir.
Firdovsi Nemətli
Salyan rayon prokuroru, baş ədliyyə müşaviri.
"Qələbə" qəzeti 30 sentyabr 2021- ci il