Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan Azərbaycan–İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd etdi.
Dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının yeni Sədri Ciorcia Meloniyə təbrik məktubu göndərdiyini xatırlayaraq, yeni hökumətin formalaşmasından qısa müddət keçməsinə baxmayaraq, müdafiə naziri səviyyəsində ölkəmizə səfərin həyata keçirilməsinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu qeyd etdi və əminliyini bildirdi ki, yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq.
Romanın tarixi rayonunda Azərbaycan səfirliyinin yeni binasının açılışında ilk tədbirin ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasiminə həsr olunduğunu xatırladan Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin Azərbaycandakı binasının inşasının yekunlaşmaq üzrə olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycan–NATO və Azərbaycan–Avropa İttifaqı əlaqələrinin genişlənməsində İtaliyanın verdiyi töhfəni yüksək qiymətləndirərək qeyd etdi ki, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlıq aparılır. Prezident İlham Əliyev bu baxımdan Cənub Qaz Dəhlizinin səmərəli fəaliyyətini vurğuladı. Prezident İlham Əliyev Quido Krosettonun Azərbaycana səfərinin həm ölkələrimizin aidiyyəti qurumları arasında, həm də daha geniş mənada əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlığını ifadə etdi.
Prezident İlham Əliyev ilə görüşdən şərəf duyduğunu bildirən Quido Krosetto, ilk növbədə, İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, səfərdən öncə İtaliya Prezidenti ilə görüşü zamanı Sercio Mattarella özünün Azərbaycana, dövlətimizin başçısının isə İtaliyaya səfərini məmnunluqla xatırlayıb və Azərbaycan Prezidenti ilə dostluq əlaqələrinin mövcudluğunu bir daha vurğulayıb.
Dövlətimizin başçısı salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Prezidentinə çatdırmağı xahiş etdi.
Quido Krosetto səfərdən əvvəl, eyni zamanda, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni ilə də görüşdüyünü bildirərək qeyd etdi ki, Ciorcia Meloni vurğulayıb ki, İtaliya müdafiə nazirinin ölkəmizə səfəri İtaliya hökumətinin Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu göstərir.
Nazir Quido Krosetto qeyd etdi ki, Azərbaycan Prezidentinin İtaliyaya səfərləri bu ölkədə hər zaman böyük məmnunluqla qarşılanır.
Qonaq Prezident İlham Əliyevin Azərbaycan–NATO və Azərbaycan–Avropa İttifaqı əlaqələrinin inkişafında İtaliyanın oynadığı rola verdiyi qiymətə görə minnətdarlığını ifadə etdi.
Quido Krosetto Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedi.
Söhbət zamanı energetika, inşaat, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.
AZƏRTAC