Laçın-Xankəndi yolunda könüllülərin, ekoloqların haqlı etiraz aksiyası 34 gündür böyük ruh yüksəkliyi ilə davam edir. Havanın şaxtalı olmasına baxmayaraq, etirazçılar tələblərində bir an da olsun geri çəkilmirlər. Onlar bir aydan artıqdır ki, ekoloji terrorun dayandırılması ilə bağlı hər gün fasiləsiz olaraq Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirir, tələblərində israrlı olduqlarını nümayiş etdirirlər. Azərbaycan gəncləri Vətən müharibəsində olduğu kimi, bu gün də bir olduqlarını bütün dünyaya göstərirlər. Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində aksiya iştirakçılarına göstərdiyi dəstək isə onların əzmini, həvəsini daha da artırıb. Gənclər öz Prezidentinə, dövlətinə inanırlar. Onlar bu haqlı aksiyanın uğurlu olacağına əmindirlər.
AZƏRTAC-ın müxbiri Laçın-Xankəndi yolunda aksiya könüllülərinin bəziləri ilə həmsöhbət olub.
Qarabağ iqtisadi rayonunda ekoloji terror həyata keçirildiyini bildirən ekoloq Şəbnəm Mustafayeva deyib: “Bizim faydalı qazıntı yataqlarımız qanunsuz olaraq istismar edilir, həmçinin yaşı yüz illərlə ölçülən ağaclarımız kəsilir, hətta kökü də yandırılır. Bu isə vəhşicəsinə davranışdır".
O qeyd edib ki, ermənilər, eyni zamanda, ölkəmizin şirin su mənbələrini də qurudur və çirkləndirirlər. Belə ki, içməli su hövzələrinə zavod və fabriklərin tullantıları axıdılır. Biz bunu peyklərimiz vasitəsilə də müşahidə edirik. Qarabağ iqtisadi rayonunda təbiət yox olmaq təhlükəsi ilə üzləşib.
“Torpaqlarımızın çirkləndirilməsi aşınmaya gətirib çıxarır. Buna görə də dəymiş bütün zərərin hesablanması üçün ərazidə monitorinq keçirilməlidir. Aksiya iştirakçıları 34 gündür bu tələbləri səsləndirirlər. İstəklərimiz reallaşanadək bu aksiya davam edəcək”, - deyə Şəbnəm Mustafayeva əlavə edib.
“Regional İnkişaf” İctimai Birliyinin Şəki-Zaqatala regionundan olan könüllüsü Jalə Yahyazadə deyib: "Hər birimiz burada yüzlərlə, minlərlə Azərbaycan gəncini təmsil edirik. Başda Prezident İlham Əliyev olmaqla, doğmalarımızın, dostlarımızın, bütün xalqın dəstəyi mübarizə ruhumuzu daha da artırır. Sosial mediada, kütləvi informasiya vasitələrində bizə yazılan dəstək mesajlarını oxuyuruq. Eyni zamanda, ictimaiyyətin bizimlə həmrəylik nümayiş etdirməsi haqlı mövqedə olduğumuzu göstərir".
Gənc könüllü bildirib ki, media nümayəndələri ilk gündən onlarla birlikdə haqq səsimizi dünyaya çatdırmaq üçün çalışırlar. Hətta dünəndən etibarən xarici media təmsilçiləri də buraya gəliblər. “Onlar da bizim fikirlərimizi öyrənir, mübarizəmizdə nə qədər inadlı olduğumuzu görürlər. İnanırıq ki, tələblərimizi dünyaya obyektiv şəkildə bəyan edəcəklər. Tələblərimiz təmin olunanadək aksiyanı dayandırmayacağıq!”, - deyə o qeyd edib.
Aksiya iştirakçılarının 34 gündür Laçın-Xankəndi yolunda olduqlarını söyləyən ekoloq Təbriz Süleymanlı bildirib: "Aksiya iştirakçılarının tələbləri tam haqlıdır. Çünki sərvətlərimiz uzun illərdir talanır. Buna görə də istəyirik ki, monitorinq qrupu Qarabağ iqtisadi rayonunda yerləşən faydalı qazıntı yataqlarında araşdırma aparsın. Amma hələ ki, bu tələblərimiz yerinə yetirilməyib. Ona görə də aksiyamız davam edəcək".
O vurğulayıb ki, aksiya iştirakçıları ilk gündən etibarən ruh yüksəkliyi ilə öz haqlı tələblərini səsləndirirlər. Ekoloq deyib ki, Azərbaycan Prezidentinin televiziya kanallarına müsahibəsində gənclərə dəstəyini ifadə etməsi aksiya iştirakçılarını ruhlandırıb.