Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin
çıxışı
- Hörmətli Prezident Yohannis,
Hörmətli komissar Simson,
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Əvvəlcə mən Rumıniya Prezidentini salamlamaq istəyirəm. O, Azərbaycana rəsmi səfərə gəlib və bugünkü mühüm tədbirdə iştirakına görə təşəkkürümü bildirirəm. Bu, bir daha onu göstərir ki, Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir və bizim gələcək ümumi addımlar strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələndirmə nəticəsində atılacaqdır.
Mən xüsusi olaraq xanım komissar Simsona təşəkkürümü bildirmək istəyirəm ki, o, bizim bütün təşəbbüslərimizə davamlı dəstək verib və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısının çox fəal həmsədri olub və bu mühüm layihənin uğurlu icrasına töhfə verib.
Biz bu gün artıq doqquzuncu dəfədir ki, toplaşırıq və əlbəttə, bir çox məsələlər haqqında danışmalıyıq, adətən etdiyimiz kimi, görülən işləri nəzərdən keçirməliyik və ən vacibi, gələcək addımlarımızı planlaşdırmalıyıq.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir. O toplantı bir il öncə burada keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq.
Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var.
Ötən il bir neçə vacib hadisə oldu. Bu da bizim enerji təhlükəsizliyi sahəsində ümumi öhdəliyimizi nümayiş etdirir. Əvvəlcə mən mühüm bir sənədi qeyd etmək istərdim. O sənəd ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və mənim tərəfimdən imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumdur və o, əslində, gələcək planlarımız üçün aydın yol xəritəsidir. Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu mümkündür, çünki bizim resurslarımız var. Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur. Xüsusən indi, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində, biz ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasını keçirəcəyik.
Digər mühüm bir hadisə isə Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması idi. Bu, Cənub Qaz Dəhlizi layihəsi və müəyyən dərəcədə onun şaxələndirilməsi sayəsində oldu və nəticədə bizim üçün təbii qazımızın artıq Bolqarıstana təchizini başlamaq imkanını yaratdı. Həmçinin biz bu genişləndirmə və interkonnektorlar vasitəsilə qonşu ölkələrə də dəhlizin genişləndirilməsini nəzərdə tuturuq.
Təbii ki, dekabr ayı enerji təhlükəsizliyi üçün çox vacib idi, çünki iki mühüm hadisə baş tutdu. Birincisi, biz Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladıq və qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulur və biz həmçinin, Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladıq. Bu, səylərimiz üçün əlavə əməkdaşlıq imkanını yaradacaq enerji təhlükəsizliyində bir növ yeni səhifə açacaq. Bir sözlə, bunlar vacib hadisələr idi.
Əgər bu il haqqında danışsaq, yanvar ayında biz Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunu imzaladıq və beləliklə, heyətimizə üzv olan ölkələrin sayı artır. Bütün bunlar, ilk növbədə, cəlb edilmiş ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə və Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi sayəsində mümkün olmuşdur. Bu, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında başlamış və rəsmi çərçivəyə salınmış enerji dialoqunu da nümayiş etdirdi. Həmin dialoq təbii qazı, elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni əhatə edir. Hesab edirəm bu, əməkdaşlığımızın çox nadir və səmərəli formatıdır.
Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başladıq. Hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilata, eləcə də mövcud “Şahdəniz” yatağında hasilatın artırılmasına əlavə olaraq, - bu, birmənalı olaraq, baş tutur, - biz, həmçinin ölkə daxilində enerji səmərəliliyi üzərində işləyirik. Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq. Beləliklə, Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət etmiş olarıq.
Təbii qaz ixracı artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Biz nəinki hasilatı, o cümlədən ixracı artırırıq və həmçinin onun coğrafiyasını genişləndiririk. Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə biz Avropada daha çox ölkələri bu layihəyə qoşa biləcəyik.
/ardı var/
X X X
Qeyd edək ki, tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak edirlər.
İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunur.
Tədbir “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edəcək.
Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır.
Sonda iclasların yekunlarına dair mətbuat konfransı keçiriləcək.