Avropa İttifaqı mart ayını qadınlara dəstək ayı elan etdi - FOTO
Bu gün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi Beynəlxalq Qadınlar Gününü qeyd və Azərbaycanda qadınların əldə etdikləri uğurlar, bacarıqlar və gücü açıq etiraf etmək məqsədilə bir ay sürəcək kampaniyanın başlanmasını bəyan etmişdir. “Gənclik” ticarət mərkəzində ictimaiyyət üçün 15 mart tarixinədək nümayiş etdiriləcək interaktiv guşədə baş tutmuş tədbirin açılışında Avropa İttifaqının, həmçinin Avropa İttifaqına üzv ölkələrin Azərbaycan Respublikasında səfirləri və tanınmış Azərbaycan qadınları iştirak etmişdirlər.
“Bu kampaniyanın ismarışı qadın gücünü – qadının can atdığı və ümid etdiyi təşəbbüslərə nail olmaq gücünü açıq şəkildə etiraf etməkdir”, - deyə Avropa İttifaqının Azərbaycan Respublikasında səfiri Petr Mixalko bildirmişdir. “Avropa İttifaqı Beynəlxalq Qadınlar Gününü “Avropa heyəti” qismində, kampaniyamızın siması kimi çıxış və müxtəlif sahələri təmsil edən 20-dən çox Azərbaycan qadını ilə birlikdə qeyd etməkdən qürur hissi keçirir. Məqsədimiz bütün nəsilləri şövqə gətirmək və qadını güclü edən cəhətlər mövzusunda müzakirələrin təşəbbüskarı olmaqdır. Avropa İttifaqı həyata keçirdiyi siyasət və proqramları vasitəsilə cəmiyyətin bütün sahələrində qadınların tam iştirak edə bilmələrinə, həmçinin qadınlar üçün təhsil və məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq məqsədinə qulluq edir”, - deyə səfir Mixalko əlavə etmişdir.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin keçirdiyi kampaniyanın simaları mədəniyyət, təhsil, idman, vətəndaş cəmiyyəti, işgüzar dünya, səhiyyə, həmçinin kişi hömranlığının təsbit olunduğu aviasiya və təhlükəsizlik sahələrində çalışan qadınları canlandırırlar.
Kampaniya zamanı “ASAN Radio” 100FM dalğasında yayımlanan “AvropadaASAN” silsilə verilişlərinin birinin qadınlara həsr edilməsi, universitetlərdə təqdimatların keçirilməsi, kampaniyanın simalarını ictimaiyyətə tanıdan reklam lövhələri, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin və digərlərinin sosial şəbəkə səhifələrində yerləşdiriləcək uğur hekayələri və videolar daxil olmaqla müxtəlif tədbirlər baş tutacaq.
Gender bərabərliyinə təkan vermək üçün Avropa İttifaqı Azərbaycanda qadın və qızların təhsil və məşğulluq nailiyyətlərini artırmaq, bərabər imkan və hüquqlardan yararlanmaq istiqamətində maneə(lər) törədə bilən ümumi gender stereotiplərinin bəzilərinə qarşı qəti tədbirlər görmək məqsədilə bir sıra layihələri dəstəkləyib.
Avropa İttifaqının 2020-2025-ci illər üçün Gender Bərabərliyi Strategiyasında gender əsaslı zorakılığa son qoymaq, gender stereotiplərinin gerçəkliyini şübhəyə almaq, əmək bazarında gender əsaslı fərqləri daraltmaq, iqtisadiyyatın müxtəlif sahələrində bərabər iştirakçılığa nail olmaq, əmək və pensiya haqqında gender əsaslı fərqləri aradan qaldırmaq, qərarvermə proseslərində və siyasətdə gender tarazlığını əldə etmək kimi bir sıra məqsədlər vardır.