Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır
“Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir.
Qurumdan “anakur.az-a verilən məlumata görə, martın 18-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarını həyata keçirəcək. Müvafiq marşrut üzrə biletlər martın 4-dən etibarən satışa çıxarılacaq.
309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var.
Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından
onlayn əldə etmək mümkündür.