1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar.
Anakur.az AZƏRTAC -a istinadən xəbər verir ki, həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır.
BMT-nin məlumatına görə, son onilliklər ərzində dünya əhalisinin tərkibi kəskin şəkildə dəyişib - 1950-ci ildən 2010-cu ilə qədər qlobal ömür uzunluğu 46-dan 68 yaşa qədər artıb və bu əsrin sonunda 81 yaşa çatacağı proqnozlaşdırılır. Hazırda dünyada yaşı 60-dan yuxarı olan təxminən bir milyard insan var və 2050-ci ilə qədər belə insanların sayı iki milyarda çatacaq ki, bu da dünya əhalisinin 20 faizindən çoxunu təşkil edir. Mütəxəssislərin proqnozlarına inansaq, 2050-ci ildə bəşəriyyət tarixində ilk dəfə olaraq yaşı 60-dan yuxarı olanların sayı uşaqlardan daha çox olacaq.
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. 2023-cü ilin əvvəlinin statistikasına görə, Azərbaycanda ahıl vətəndaşların sayı 460 minə yaxındır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilib. Bunun nəticəsi kimi, hələ 1993-cü ildən ölkəmizdə də hər il Beynəlxalq Ahıllar Günü yüksək səviyyədə qeyd olunmaqla, bu kateqoriyadan olan vətəndaşların təminatlarının artırılması üçün ardıcıl işlər aparılıb.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən bu siyasət ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə geniş miqyas almasına imkan verib. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb.