Azərbaycan xalqının XX əsrdə ən böyük tarixi nailiyyəti olan dövlət müstəqilliyi əzablı və keşməkeşli prosesdən keçib. Əsrin sonunda yaranmış tarixi- siyasi şərait Sovet İttifaqının dağılmasını labüdləşdirdiyi halda yarıtmaz rəhbərlik sayəsində iqtisadi, mədəni və həyatın bütün sahələrində ön sırada olan Azərbaycan tam çökdürülmüş vəziyyətə düşmüşdü. İqtisadi- sosial böhran həm də siyasi xaosla müşahidə olunur və yaranmış situasiyadan istifadə edən mənfur düşmən torpaqlarımızı işğal etmişdi. Həmin dövrdə davam edən milli faciə prosesi 1993-cü ilin ortalarında elə bir həddə çatmışdı ki, nəinki dövlət müstəqilliyi, hətta bütövlükdə dövlətimiz və xalqımız məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanın bu durumdan çıxışı möcüzəyə bənzəsə də, xalqın yaddaşında liderlik məqamını fəth etmiş tarixi şəxsiyyətin proseslərə müdaxiləsi gedişatı tamamilə dəyişdi. Belə ki, 1993-cü ilin ağır günlərində xalqın təkidli tələbi ilə Bakıya gələn Ümummilli Lider Heydər Əliyev xilaskar olaraq dövlətin və Vətənin qurtuluş mücadiləsinə başladı. 1993-cü il oktyabrın 3-də xalqın mütləq əksəriyyətinin səsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və taleyüklü bu seçimlə bugünkü qüdrətli dövlətin təməli qoyuldu. Əslində, 1993-cü il oktyabrın 3-də xalqın seçimi həm də tarixi ədalətin bərpası idi. Çünki dahi rəhbər hələ sovet dönəmində Azərbaycanı idarə edərkən böyük siyasi uzaqgörənliklə dövlət müstəqilliyinin iqtisadi, mədəni və ideoloji təməllərini yaradaraq mümkün tarixi fürsətin bütün hazırlıqlarını görmüşdü. Ölkəmizin düşmənlərinin əli və qara əməlləri ilə xalq liderinin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra bütün sahələrdəki intibah böhranla əvəzlənmişdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın müxbir üzvü, professor, YAP-ın İdarə Heyətinin üzvü Amin İsmayılov söyləyib.
O bildirib ki, bunun məntiqi sonluğu kimi 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və naşı şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hər kəs üçün tam aydın həqiqət idi ki, müstəqillik qazanılan zamanda böyük siyasi xadim Heydər Əliyev xalqın və dövlətin rəhbərliyində olsaydı, nə 20 Yanvar, nə Xocalı qətliamları baş verməz, ölkə ərazisinin 20 faizi işğal edilməz, bir sözlə, dövlət müstəqilliyimiz əzablı yollarla deyil, inkişaf və tərəqqi ilə müşayiət olunardı. Məhz bu həqiqətə görə idi ki, xalq 3 oktyabr seçkisində öz taleyini gerçək liderinə haqlı olaraq etibar etdi. Beləliklə, Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti kimi dövlətə və xalqa sədaqət andı içərək ölkədə sabitliyin yaranmasının, iqtisadi inkişaf və tərəqqi yoluna çıxmasının əsasını qoydu. Azərbaycan Prezidenti kimi Ümummilli Liderin andiçmə mərasimindəki nitqində dediyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” sözləri bütün anlamda öz təsdiqini tapdı.