MEDİA-nın təşkilatçılığı ilə bölgə jurnalistlərinin Şuşaya səfəri təşkil edilmişdir
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı ilə yanaşı,həm də media və düşüncə mərkəzidir
Düşmən işğalından azad edilmiş torpaqları ziyarət etmək, burada sosial-mədəni həyatın bütün sahələrində gedən proseslərlə tanış olmaq və bu ab-havanın içində özünü hiss etmək hər bir azərbaycanlının arzusudur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə qətiyyəti, Silahlı Qüvvələrimizin şücaəti, şəhidlərimizin qanı və canı bahasına azad edilən bu torpaqların hər qarışı bu gün mənəvi rahatlıq dövrünü, əzəli həyatının davamını yaşayır.
Hər bir azərbaycanlının milli qürur hissinin daşıyıcısına çevrilən Şuşa şəhəri isə ayrı bir anlamdır. Ümummilli liderimiz Heydər Əliyevin Şuşaya "Azərbaycanın gözü" kimi qiymət verməsi, onun xalqımızın tarixində əvəzedilməzliyini ifadə edir. Təsadüfi deyil ki, Şuşa bu gün Azərbaycanın mədəniyyət paytaxtıdır.
Azərbaycan Medianın İnkişafına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə media mənsublarının Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il bayramı ərəfəsində Şuşa şəhərinə səfərin həyata keçirilməsi bu sahədə çalışanların çoxdankı arzusu idi. Ölkəmizin bütün bölgələrinin jurnalistlərinin ilk dəfə olaraq komanda kimi səfərdə olması iştirakçı kimi mənim də həyatımda əlamətdar hadisəyə çevrildi.
Şuşa şəhəri ilə ilk tanışlığımız Yuxarı Gövhər Ağa Məscidindən başladı. Səfər iştirakçıları tarixi-mədəni irsimizi ifadə edən bu məscidlə yaxından tanış olmaqla bərabər, burada şəhidlərimizin ruhuna dualar oxuyub, qəlblərində tutduqları arzularını ifadə etdilər. Cıdır düzü, Şuşa qalası, tarixi şəxsiyyətlərin güllələnmiş heykəlləri, Xurşidbanu Natəvanın evi və İsa bulağı kompleksi ilə tanışlıq hər birimizə unudulmaz anlar yaşatdı. Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun əməkdaşları jurnalistlərə marşrut ərzində maraqlı məlumatlar verdilər.
MEDİA-nın icraçı direktoru Natiq İsmayılov jurnalistlər qarşısında çıxış edərək dedi ki, Medianın İnkişafına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən Şuşa səfəri Azərbaycanın bütün bölgələrini təmsil edən həmkarlarımızı əhatə edir. 50-dən çox media subyektinin 100-ə yaxın əməkdaşı bu səfərdə iştirak etmişdir.
Şuşa artıq Azərbaycanın təkcə mədəniyyət paytaxtı kimi deyil, eyni zamanda, media mərkəzi, düşüncə mərkəzi kimi mühüm əhəmiyyət kəsb edir. Xatırlatmaq yerinə düşər ki, agentlik bu il iyul ayının 21-də Şuşada qlobal forum keçirmişdir. Ölkə rəhbərinin də iştirak etdiyi bu forumda medianın vacib məsələləri, trendləri müzakirə edilmişdir.
Region jurnalistlərinin bu səfəri də vacib bir amala xidmət edir. Şuşada və digər işğaldan azad edilmiş torpaqlarımızda gedən qlobal dəyişikliklərlə tanış olmaq və aparılan bərpa-quruculuq proseslərini lazımi səviyyədə işıqlandırmaq Azərbaycan mediasında çalışanlarımızın əsas mövzularıdır. Düşünürük ki, bu səfərdən sonra, bütövlükdə, Qarabağda bütün bu quruculuq işləri jurnalistlərimizin əsas mövzusu olaraq qalacaqdır.
Şusa şəhəri qış ayı olmasına baxmayaraq, qonaqlarını hərarətlə, məhəbbətlə qarşıladı və xoş təəssüratla yola saldı.
Yenidən görüşənə kimi deyirik: bizim olmuş, bizim olan, bizim olacaq ŞUŞAMIZ!
Rüstəm MƏLİKOV,
"Qələbə" qəzetinin və "anakur.az" saytının baş redaktoru
Salyan-Şuşa- Salyan