Dünya Azərbaycanlıları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ilk dəfə olaraq ərazilərimizin tam azad olunduğu şəraitdə qeyd edirlər
Azərbaycan təkcə bu torpaqda yaşayan insanların deyil, eyni zamanda, taleyin qisməti ilə doğma yarddan kənarda məskunlaşan və çalışanların, onların övladlarının tarixi Vətənidir. Dünyanın başqa bir nöqtəsindən eli, obanı, ata yurdunu və nəhayət adına ana Vətən dediyimiz torpağı xatırlamaq, burada baş verən yenilikləri izləmək, onun tərəqqisi naminə çalışmaq çox gözəl hissdir. Bu anlamı Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi bir ildə yaşamaq xüsusilə qürurvericidir. Çünki, 31 dekabr gününün dünya azərbaycanlılarının birlik və həmrəylik günü kimi bayram edilməsi ənənəsi məhz xalqımızın milli iftixarı olan Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə yaranmışdı.
İndi ürəyi Azərbaycanla döyünən hər bir həmyerlimiz bu əziz günü bayram kimi qeyd etməklə, Ulu Öndərin xatirəsinə ehtiramını bildirir və işinin xüsusiyyətindən asılı olmayaraq, diaspor hərəkatına dəstək olmağa çalışır, Azərbaycanımızın haqq səsinin beynəlxalq aləmdə daha uca məqamda eşidilməsi üçün səy göstərir.
Sevindirici haldır ki, belə insanların sırasında Salyanı təmsil edən insanlar da vardır. Təəssüf ki, onların gördüyü işlər barədə bizdə məlumatlar çox azdır və biz onları lazımi səviyyədə ictimaiyyətə tanıtdıra bilmirik.
Belə insanlardan biri də Rusiya Federasiyasının Ryazan şəhərində yaşayan salyanlımız Elşən Hüquq oğlu Əliyevdir. Onun çoxtərəfli fəaliyyəti bir qəzet materialı həcmindən çox böyükdür. Bir cümlədə qeyd etməli olsaq, deyə bilərik ki, Elşən müəllim Dünya Azərbaycanlılarının Milli Birliyinin Rusiya və MDB ölkələri üzrə nümayəndəliyinin rəhbəri və Ryazan şəhərində Azərbaycan diasporunun sədridir. Onun fəaliyyətinin bir sahəsini də soydaşlarımızın həyatının işıqlandırılması, onların tanıdılması təşkil edir. Bu dəfə də ondan daha bir eloğlumuz barədə xoş xəbərlər almışıq. Bu şəxs Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasının Qudermes rayonu üzrə ictimai təhlükəsizlik xidməti rəisinin müavini vəzifəsində çalışmış polkovnik Əzizov Ələsgər Cahangir oğludur.
Ələsgər 1962-ci ilin noyabr ayının 3-də Salyan rayonunun Bəydili kəndində dünyaya gəlmişdir. İlk təhsilini də burada almış, sonra Qüdrət Səmədov adına kolxozda əmək fəaliyyətinə başlamışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Vətənə qayıdan Ələsgər bir müddət Salyan kolxozlararası təmir- tikinti idarəsində fəhlə işləmişdir. Öz gələcəyini qurmaq barədə ciddi fikirləşən gənc Ələsgər işləyə-işləyə təhsil almaq qərarına gəlir. Tale onun yolunu doğulduğu torpaqdan çox uzaqlara - Rusiyanın Nijeqorodskoy vilayətinin Balaxinsk rayonuna salır. Fiziki hazırlığını nəzərə alaraq onu rayonun milis şöbəsində milis nəfəri vəzifəsinə qəbul edirlər. 3 il çalışdıqdan sonra ona polis məktəbində təhsilini davam etdirmək üçün göndəriş verilir. O, 1989-cu ildə xüsusi təyinatlı polis məktəbini, 1995-ci ildə isə ali polis məktəbinin hüquqşünaslıq fakültəsini bitirir. İdmanın sərbəst güləş növü üzrə idman ustalığına namizəd normasını yerinə yetirir. Elə həmin vaxt ona Balaxinsk rayonunun polis şöbəsində cinayət- axtarış bölümünün əməliyyatçısı vəzifəsi etibar edilir.
Polis orqanlarında xidmət etdiyi on il ərzində Ələsgər qüsursuz xidməti, peşə bacarığı və qazandığı nüfuz hesabına Çeçenistan Respublikası Qudermes rayonu polis şöbəsinin ictimai asayiş üzrə rəis müavini vəzifəsinə qədər yüksəlmiş və polkovnik rütbəsinə layiq görülmüşdür. Hazırda ehtiyatdadır.
Ələsgər Əzizovun tərcümeyi-halı barədə verdiyimiz qısa məlumatlara onu da əlavə etmək yerinə düşər ki, vətəndən uzaqda yaşayan azərbaycanlıların, o cümlədən salyanlıların bütün müşkül işlərində onların yanında olmuş, lazımi hüquqi xidmət göstərmişdir. Çeçenistan Respublikasının Prezidenti Ramazan Kadırov onun fəaliyyəti ilə tanış idi. Hazırda da bu missiyanı davam etdirməkdədir.
İndi polkovnik Ə.Əzizovun ailəsində onun uğurlarını oğlu Əhməd davam etdirir. 12 yaşı bu dekabr günlərində tamam olan Əhməd isə fərqli bir sahədə - incəsənət aləmində çalışmaq fikrindədir. Artıq bu sahədə ilk addımlarını da atıb. Əslində, bu yazı da onun uğurlarını tanıtdırmaq məqsədi ilə diaspor rəhbərimiz Elşən müəllimin təşəbbüsü ilə hazırlanıb. Atası Ələsgər haqqında qısa məlumatımız isə onun hansı kökdən qaynaqlandığını göstərmək idi.
Hazırda yaşadıqları Çeçenistan Respublikasının Qudermes rayonunda gimnaziya təhsili alan Əhməd atası Ələsgər və anası - çeçen xalqının nümayəndəsi, Rusiya Federasiyasının Əməkdar artisti Mejeyeva Məkkə (İman) Şəhid qızının birgə nikahından dünyaya gəlib. İncəsənət sahəsinə maraq da ona anasından keçib. Belə ki, anası ali təhsilli maliyyəçi olsa da, eyni zamanda, musiqi təhsili də almışdır. Ümumiyyətlə, onun ailəsində böyüyən 8 bacı və qardaş islam qayda- qanunu ilə yaşamaqla bərabər, eyni zamanda, çalmağı, oynamaq və oxumağı çox gözəl mənimsəyib, ailə ansamblı kimi fəaliyyət göstərmişlər.
Məkkə xanım hələ 16 yaşında Qroznı şəhərində Qafqaz xalqlarının gənc vokalçılarının müsabiqəsində birinci yer tutaraq xüsusi diploma layiq görülmüşdür. 1984-ci ildə Dövlət Filarmoniyasında vokalist kimi işə qəbul edilir. 2006-cı ildə "Çeçenistan Respublikasının, 2009-cu ildə isə Rusiya Federasiyasının Əməkdar artisti fəxri adlarını almışdır.
Məkkə xanımın uğurlarını sadalamaqla qurtaran deyil. O, saysız hesabsız fəxri adlara, nüfuzlu təltiflərə layiq görülmüşdür. Müəllifi olduğu mahnılar dövlət tədbirlərində ifa olunur. Fəaliyyətinin əsas sahələrindən biri də internat və körpələr evlərinə yardımlar etmək, eyni zamanda, istedadlı uşaqların aşkar edilməsinə dəstək olmaqdır. Oğlu Əhmədin musiqi sahəsində uğurlarının davamlı olmasında Məkkə xanımın müstəsna rolu vardır.
Hazırda Əhməd çox erkən, 8-9 yaşlarından müxtəlif musiqi qruplarında, rayonlararası və beynəlxalq müsabiqələrdə iştirak etməyə başlamışdır. 9-cu sinfi bitirdikdən sonra isə təhsilini musiqi ixtisası üzrə davam etdirmək fikrindədir. Bunun üçün isə real əsaslar artıq vardır. Təkcə, cari ildə məktəbli Əhməd Əzizov iki böyük uğurunu qeyd etmişdir. İyun ayında "Lazurnaya volna-Soçi-2023" adlı 8-ci Beynəlxalq İncəsənət Olimpiadasında, oktyabr ayında isə Nalçik şəhərində "Sozvezdie drujbı" adlı beynəlxalq müsabiqədə birinci yer tutaraq qızıl medalları almışdır.
Əhmədin qardaşı Hüseyn də musiqi duyumludur. Müxtəlif musiqi alətlərində çalıb-oxumağı bacardığına görə, Çeçenistan Respublikasının Mədəniyyət Nazirliyinin Qroznı şəhəri üzrə departamentinin uşaq ansamblında çalışmağa dəvət edilmişdir. Özünün yaradıcılıq yolu vardır. Qardaşı ilə bərabər, musiqi nömrələri ifa edirlər. Aldığı fəxri fərman və diplomlar onun gələcək uğurlarından xəbər verir. Əzizovun ailəsi Heydər Əliyevin 100 illik yubileyi ilində qazandıqları uğurları Ümummilli Liderin xatirəsinə həsr etdiklərini bildiriblər.
Yəqin ki, biz polkovnik Ələsgər Əzizovun oğlanlarının incəsənət sahəsində hələ çox uğurlarının şahidi olacağıq. Bu isə bizim xalqın istedadının, özünüifadə etmək bacarığının, millətimizin başını uca etməyin bir təcrübəsidir.
Vətəndən uzaqda yaşayan, ürəyi Azərbaycanla döyünən həmvətənlərimiz, bayramınız mübarək !
Rüstəm MƏLİKOV, anakur.az saytının baş redaktoru,
Ali Media mükafatı laureatı