Müasir, güclü və qalib Azərbacanın tarixində Heydər Əliyevin müxtəlif sahələrdəki rolunu dərin təhlili zamanı məlum olur ki, heç bir sahə onun diqqətindən kənarda qalmayıb.Tibb sahəsində araşdırma aparan alimlərin də fikrincə, Heydər Əliyev üçün ən vacib sahə insanların sağlamlığı, səhiyyə və tibb elmin inkişafı, savadlı, bilikli, peşəkar həkim kadrların hazırlanması olub. Ulu öndərin həyat yoldaşı həkim oftalmoloq, akademik Zərifə xanım Əliyeva da tibb sahəsində olan problemlər üzərində Heydər Əliyev ilə birgə düşünürdülər. Məhz elə buna görə də 1969–cu ilin avqustunda keçirilmiş tarixi plenumda Azərbaycanda səhiyyənin inkişaf sürətini prinsipcə dəyişmək qarşıya vəzifə kimi qoyulmuşdu.
Heydər Əliyev hər işə problemin kökünü müəyyənləşdirməklə işə başlayırdı. Bu isə uğurun təməli demək idi. Məhz buna görə Ulu Öndərin təşəbbüsü ilə 1969–cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası tərəfindən “Sağlamlıq Məcəlləsi” adlı sənəd qəbul edildi.
Həkimlərə, bütün səhiyyə işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşan ümummilli lider, ilk növbədə səhiyyə ocaqlarının, tibb elminin və tibb təhsilinin maddi-texniki bazasının gücləndirilməsini ön plana çəkirdi. 1970–ci illərdə bir sıra bölgələrdə tibb müəssisələri yararsız binalarda yerləşirdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə bir-birinin ardınca yeni xəstəxana və poliklinikaların, yeni tibb müəssisələrinin, Elmi-Tədqiqat İnstitutlarının, müalicə-diaqnostika mərkəzlərinin yaradılması Azərbaycanda səhiyyənin, o cümlədən tibb elmi və tibb təhsilinin inkişafına güclü təkan verdi.
Yeni istifadəyə verilən tibb müəssisələri sırasında Salyan rayon Mərkəzi xəstəxanası da var idi.
Müasir səhiyyə müəssisələri müvafiq yüksək səviyyəli kadr potensialının olmasını da tələb edirdi. Həkimlərin və orta tibb işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün Heydər Əliyevin təşəbbüsü ilə ilk növbədə Azərbaycan Tibb İnstitutuna və tibb məktəblərinə tələbə qəbulu artırıldı, tibbi kadrlara ehtiyac olan ucqar bölgələrdən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bununla da rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı tədricən aradan qalxmağa başladı.
Tale elə gətirdi ki, ulu öndərin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi də vətənimiz və səhiyyəmiz üçün çətin bir məqama təsadüf etdi
Bununla belə, Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı.
Müstəqilliyin ilk illərində səhiyyənin maliyyələşdirilməsi, daha dəqiq desək, ona lazımi səviyyədə maliyyə vəsaiti ayırmaq imkanının olmaması ən çox narahatlıq doğuran problemlərdən biri idi. Məhz buna görə də Heydər Əliyev həm səhiyyəyə əlavə vəsait cəlb etmək, həm də bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkəmizdə səhiyyəni bir fəaliyyət növü kimi liberallaşdırmaq üçün özəl səhiyyə sisteminin tətbiqinə şərait yaratdı. Onun bilavasitə göstərişlərinə əsasən bu istiqamətdə hüquqi–normativ baza olan “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi
Tərəddüd etmədən deyə bilərik ki, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq, həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyəmizin inkişafı yolunda ümummilli liderin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək, gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.
Bu gün bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir.
Ölkə rəhbərliyinin milli səhiyyə sisteminə xüsusi diqqət və qayğısı daim yaxından hiss edilir. Bu siyasətin nəticəsidir ki, son illərdə ölkəmizin bütün səhiyyə obyektlərinin, tibb elmi və tibb təhsili müəssisələrinin maddi-texniki bazası, infrastrukturu müasirləşib, elmi potensialı daha da güclənib və İcbari Tibbi Sığortanın tətbiqi nəticəsində hər kəs yüksək səviyyəli tibbi xidmətlə təmin olunmaqdadır Heydər Əliyevin tibb kadrları üzrə siyasətinin davamı olaraq, bu gün yüksək ixtisaslı kadr hazırlığına çox böyük önəm verilir. Tibb təhsilində rezidenturanın tətbiqi, tibb işçilərinin sertifikasiyası və mərkəzləşmiş imtahanla işə qəbulu da məhz buna xidmət edir. İndi yüzlərlə azərbaycanlı həkim həm xarici ölkələrin klinikalarında, həm də Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər.
Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Bunlardan biri də icbari tibbi sığortanın tətbiqidir. Ölkəmizdə mərhələli şəkildə həyata keçirilən icbari tibbi sığorta artıq bütün ölkə üzrə uğurla tətbiq olunur.
İcbari tibbi sığortanın tətbiqində yüksək maddi-texniki bazaya malik olan səhiyyə müəssisələrinin əhəmiyyəti böyükdür. Ölkəmizdə 20 ilə yaxın bir müddətdə 750-dən çox xəstəxana yenidən tikilib və ya əsaslı şəkildə təmir edilib. Səhiyyənin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir.
Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən–günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur.
İlqar Ağabəyov
Salyan MRX Public Hüquqi Şəxsin cərrahiyyə şöbəsinin müdiri.