Noyabrın 26-da Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, hökumət üzvlərinin də qatıldıqları iclasda 2025-ci ilin dövlət büdcəsi layihəsinin noyabrın 25-də başlanan müzakirələri davam etdirilib.
Müzakirələrdə çıxış edən deputatlar dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsindən və böyük uğurla başa çatmasından söz açıblar.
2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri barədə danışan deputatlar layihələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini bildirib, gələn ilin dövlət büdcəsində müasir çağırışlara uyğun olaraq müdafiə və milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın reallaşdırılması məsələlərinə böyük diqqətin ayrılmasını təqdirlə qarşılayıblar.
Beləliklə, noyabrın 25-dən başlayan geniş müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra gündəliyin növbəti iki məsələsi - “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri müzakirəyə təqdim olunub.