Separatçıların toruna düşən "sülhməramlılar" missiyalarını yerinə yetirmirlərsə, ərazilərimizdən çıxarılmalıdır
Yenə həmin dalğa, həmin koordinat. Ermənilər 1989-cu ildə fitnəkarlığa Topxana meşəsini qırmaqla, ekoloji terrorla başlamışdılar. Vandal ermənilərin təbiətimizi məhv etməklə başladıqları separatçılıq hərəkatı torpaqlarımızın 20 faizindən bir az da çoxunun işğalı, canımıza, malımıza qəsdlə yekunlaşdı.
Havadarlarının vasitəçiliyi ilə torpaqlarımızı işğal edən vandallar nəinki insanlarımızı, ərazilərimizi də məhv etməyə çalışdılar. Ac qurd kimi təbii sərvətlərimizi talamaqla, işğal olunmuş ərazilərdə müxtəlif tullantılarını basdırmaqla, çaylarımıza zərərli kimyəvi maddələr axıtmaqla məşğul oldular.
Bir sözlə, 30 ilə yaxın bir dövrdə işğal etdikləri ərazilərdə təbiətimizin flora və faunasına qənim kəsilərək Qarabağı ölü zonaya çevirməyə çalışdılar...
Vətən müharibəsində məğlub olsalar da, erməni fitnəkarlığı yenə də davam edir. Yenə də təbii sərvətlərimizi talamaqla məşğuldurlar.
Pis vərdiş, fitnəkarlıq elə bir şeydir ki, ondan asanlıqla əl çəkmək mümkün deyil. Müalicəsi çətin olur. Xəstə müalicəyə tabe olmayanda vəziyyəti bir qədər də mürəkkəbləşir.
Mənfur hisslər ermənilərə o qədər hakim kəsilib ki, reallıqları qəbul etmək, uduzduqlarını dərk etmək istəmirlər. Çirkin vərdişlərindən əl çəkib nəfslərinə hakim ola bilmirlər. Bəla burasındadır ki, bu dəfə də Qarabağa sülhməramlı kimi gələn "sülhməramlılar"dan istifadə etməyə çalışırlar.
Ən pisi də budur ki, sülh missiyası üçün torpaqlarımıza təşrif buyuranlar özlərini hakimi-mütləq kimi aparmaq həvəsinə düşüblər. Hətta "sülhməramlılar"ın komandanı general-mayor Andrey Volkov özünü Qarabağın general-qubernatoru hesab edir. Unudurlar ki, Azərbaycan 1989-cu ildəki Azərbaycan deyil. Hazırda dünyanı təəccübləndirə bilən orduya, gücə sahibdir. Eyni zamanda onu da unudurlar ki, "sülhməramlılar" Azərbaycanın torpaqlarına Azərbaycanın razılığı ilə gəliblər. Missiyalarını yerinə yetirməsələr, onların mandatına xitam verilə bilər.
Ermənilərin torpaqlarımızı talamaları, faydalı qazıntıların qanunsuz istismarı ilə məşğul olmaları narahatlıq doğurmaya bilməzdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkova müraciət edib danışıqlar aparsalar da, "general-qubernator" monitorinq məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsinə imkan yaratmayıb. Rusiya sülhməramlılarının bu özfəaliyyəti vətəndaş cəmiyyəti üzvlərinin, gənc fəalların, QHT nümayəndələrinin, mətbuat təmsilçilərinin haqlı narazılığına səbəb olub. Bakıdan Qarabağa, Şuşaya səfər edən fəallarımız artıq iki gündür ki, Laçın dəhlizində, Xankəndiyə gedən yolda dinc etiraz aksiyası keçirməyə məcbur olublar. Məqsəd də silahsız, əliyalın ekoloqların tarixi ərazilərimizə buraxılmamasının səbəbini öyrənməkdir.
Etirazçılardan Gənclərin Antinarkomaniya İctimai Birliyinin sədri Büllür Məmmədova ilə əlaqə saxladıq. Bizimlə söhbət zamanı o dedi:
- Artıq ikinci gündür ki, buradayıq. Məqsədimizə nail olmayınca eyni prinsipiallıqla aksiyamızı davam etdirəcəyik. Bizim tələbimiz çox sadədir. Ekoloqlarımızın, mütəxəssislərin "Dəmirli" və "Qızılbulaq" məntəqələrində monitorinq aparmaları üçün Rusiya sülhməramlıları şərait yaratmalıdırlar.
Rusiya sülhməramlılarının komandanı hələ ki, bizimlə danışıqlardan imtina edir. Bir məsələni də qeyd edim ki, əgər etiraz aksiyasına başlayanda 100 nəfər iştirakçısı var idisə, bu gün bura gələnlərin sayı xeyli artıb. Bu rəqəm 1000 də, 100 min də ola bilər. Biz xalq olaraq bundan sonra şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarımızda kimlərinsə özbaşınalığına qəti surətdə yol verə bilmərik.
Canımızı verərik, amma tutduğumuz ədalətli yoldan, prinsiplərimizdən geri çəkilmərik. Qeyd etdiyimiz kimi, tələbimiz çox sadədir: general Andrey Volkov bizimlə görüşüb, ekoloqlarımızın "Dəmirli" və "Qızılbulaq" məntəqələrinə getmələrinə şərait yaratmasıdır.
Elşən QƏNİYEV,
"Azərbaycan"