Noyabrın 10-da rəsmiləşən tariximizin şanlı Zəfərini ölkə Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə əsgərlərimiz, zabitlərimiz qazandılar. Bu böyük Qələbə həmçinin şəhidlərimizin canı-qanı hesabına əldə edildi.
Vətən müharibəsi göstərdi ki, xalqımız onu arzularına qovuşduran Liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Beləliklə, İlham Əliyevin yenilməz siyasi iradəsi və qətiyyəti, ordumuzun gücü və xalqımızın rəhbəri ətrafında bir amal uğrunda birlik nümayiş etdirməsi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu.
Əlbəttə, 30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizliyin, dünyada ikili standartların mövcudluğunun nəticəsi idi.
Ölkə başçımız İlham Əliyevin 2021`-ci il 14 avqust tarixində “CNN Türk” kanalına verdiyi müsahibədə dediyi sözlərə diqqət yetirək: ”Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk Qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticəsi olmadı. Nəticə sıfra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli bu məsələlərin dondurulması prosesi gedirdi. Təbii ki, Azərbaycan heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi”.
Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 18 ildə İlham Əliyevin xüsusi diqqəti sayəsində həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ən böyük uğurlardan biri məhz Azərbaycan Ordusunu mükəmməl hərbi gücə çevirməsidir.
Ölkə başçımız “CNN Türk” kanalına verdiyi müsahibədə vurğulamışdır ki, Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir. Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və Ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər O, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı, Bizim bütün strateqlərimiz və silahların alınması bir məqsədə xidmət edirdi – biz bu torpaqları necə az itkilərlə azad edək və belə də oldu. Heç kim inana bilməzdi ki, bizim itkilərimizin cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırıq.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatın ruhuna zidd olaraq Ermənistanda baş qaldıran bir sıra mürtəce qüvvələr azad edilmiş torpaqlarımızın yenidən geri qaytarılacağı barədə sərsəm fikirlər səsləndirməkdədirlər. Son zamanlar Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribatlar onu göstərir ki, ermənilər heç də sülh müqaviləsini imzalamaq, üçtərəfli Bəyanatın bəzi müddəalarını yerinə yetirmək niyyətində deyillər. Bu barədə də “CNN Türk” kanalına verdiyi müsahibədə möhtərəm Prezidentimiz öz fikirlərini bildirmişdir: ”Bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. İstəyirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Biz istəyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın. Çünki nə qədər silah verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki bu 30 il ərzində Rusiya, Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib,-onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir,-buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib.”
Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra Ermənistanın diz çökməsi, kapitulyasiya sənədinə qol çəkməsi Naxçıvanın da blokadadan qurtuluşunu şərtləndirmiş oldu. Yəni, Zəngəzur dəhlizinin açılması hesabına Naxçıvanın 30 illik blokadasına son qoyulacaq.
Ermənistanın revanşist qüvvələrinin bu təxribatlara əl atmaq cəhdlərinə gəlincə isə prezident bir daha bəyan edib ki, 4 il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Eyni zamanda biz tələb edirik ki, avtomobil yolu da çəkilsin. Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Ancaq biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçməliyik.
Möhkəm təməllər üzərində qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf etməkdədir. Xalqlarımızın eyni soy kökünə, dilə, dinə, mədəniyyətə malik olması bu iki ölkəni zaman-zaman bir-birinə djğma edib, sevincli, kədərli günlərində biri digərinin yanında olub.
«CNN Türk» kanalına verdiyi müsahibədə Möhtərəm Prezidentimizin bu baxımdan səsləndirdiyi dəyərli fikirlər diqqəti çəkir: «Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə II Qarabağ savaşında bizim yanımızda durdu. Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Şuşa Bəyannaməsi qardaşlıq münasibətlərinin zirvəsidir. Türkiyədə baş vermiş yanğınların söndürülməsində Azərbaycan yaxından iştirak edib. Yanğından xəbər tutan kimi biz dərhal hərəkətə keçdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğünsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar».
Rüstəm Məlikov
“Anakur.az” saytının baş redaktoru,
Ali Media mükafatı laureatı.