Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Qarabağda, Şərqi Zəngəzurda daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, layihələr gerçəkləşdirilir. Uzun illər ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilmiş ərazilərimiz sürətlə dəyişir, mənfur düşmənin viran qoyduğu yurdlarımıza yeni nəfəs verilir. Azərbaycan dövləti işğaldan azad edilən torpaqlarda quruculuq işləri aparmaq üçün bütün potensialını, gücünü səfərbər edərək çalışır ki, çox qısa zamanda bu yerlər hərtərəfli bərpa olunsun. Azadlığına qovuşan yurd yerlərimizdə əsaslı şəkildə quruculuq işləri aparılır, infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Eyni zamanda barbar ermənilərin illərlə divan tutduqları tarixi, mədəni, dini irsimiz bərpa olunur, dağıdılan məscidlərimizdə yenidən azan sədaları yüksəlir.
2022–ci il 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki, ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar I Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri–qanuni məskunlaşma həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyanın kobud şəkildə pozulmasıdır.
Məlum olduğu kim, 2021–ci il iyunun 15–də Şuşa şəhərində Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi önəmli tarixi hadisə kimi xalqımızın yaddaşına əbədi olaraq həkk edilmişdir. Bu Bəyannamə Azərbaycan ilə Türkiyə arasında bu gün dünya miqyasında görünməmiş dostluq, qardaşlıq, tərəfdaşlıq və həmrəylik münasibətlərinin zirvəsi olub ikitərəfli münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırmışdır.
Sözügedən konfransda Şuşa Bəyannaməsinin dünyaya mesaj olduğunu qeyd edən ölkə başçımız vurğulamışdır ki, Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi müdafiə sənayesi sahəsində.
Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi. Azərbaycan qalib, Ermənistan isə məğlub dövlətdir. Bölgədə yeni reallıqlar yaranmışdır. Sülh danışıqlarına başlamaq üçün baza prinsipləri sayılan 5 şərtin – dövlətlərin bir–birlərinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlətlərin bir–birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir–birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik, ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delmitasiyası və demakrasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması kimi şərtlərin yerinə yetirilməsi mütləqdir.
Bununla bağlı cənab Prezident öz çıxışı zamanı diqqətə çatdırmışdır ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delmitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.
Hər hansı bir ölkənin iqtisadiyyatının, onun əsas tərkib hissələrindən biri olan kənd təsərrüfatının, həmçinin sənayenin və digər sahələrin inkişafında elektrik enerjisinin mühüm rol oynadığı danılmaz həqiqətdir. Bununla bərabər, öz dədə-baba yurdlarına qayıdacaq soydaşlarımız üçün digər amillərlə yanaşı, elektrik stansiyalarının yaradılması dövlətimizin qarşısında duran prioritet məsələlərdən biridir. Bu baxımdan enerji layihələrinin gerçəkləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Konfransda çıxışı zamanı Azərbaycan ərazilərində 30–dək su elektrik stansiyasının Ermənistan tərəfindən məhv edildiyini vurğulayan dövlət başçımız qeyd etmişdir ki, Kəlbəcər və Tərtər rayonlarında quruculuq işlərinə başlanılıb. 20 MVt–lıq stansiya artıq istifadəyə verilib. Cari ildə 25 MVt–lıq hidroelektrik stansiya istifadəyə veriləcək. Ancaq su elektrik stansiyalarının potensialı daha çoxdur. Bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdirilib. Bəzi hallarda həmin elektrik xətləri ilin ayı qarlı olan 3500 metrlik dağlar üzərindən salınmalı olub. BP şirkəti ilə Cəbrayıl rayonunda 240 MVt–luq günəş elektrik stansiyalarının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir.
Ölkə başçımız prezidentliyi dövründə qüdrətli bir Azərbaycan, güclü bir ordu yaratdı. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Milli Ordumuz bu gün ən müasir hərbi texnika və silah–sursatla təchiz edilmişdir. Bu dövrdə əsasən yüksək vətənpərvərlik dərsi keçmiş, Vətənə sonsuz sevgi, tükənməz məhəbbət ruhunda tərbiyə almış gənclərdən formalaşdırılmış rəşadətli Ordumuz mənfur düşməni iti qovan kimi qovub torpaqlarımızdan çıxardı. Azərbaycan əsgəri öz canı, qanı bahasına 30 illik işğala son qoydu.
Bu xüsusda münasibətini bildirən cənab Prezident bildirmişdir ki, ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olmuşdur. Uzun illər ərzində güclü orduya, güclü iqtisadiyyata və yeni nəslə ehtiyac var idi. Qarabağda ölənlərin böyük əksəriyyəti heç zaman Qarabağı görməmişdi. Onlar gənc nəslin nümayəndələri, vətənpərvər, Vətəni sevən, yüksək motivasiyalı insanlar idi.
Ölkə Prezidentinin rəhbərliyi altında siyasi, sosial–iqtisadi və digər sahələrdə qazanılan möhtəşəm nailiyyətlər Azərbaycanı bütün dövrlərin ən güclü dövlətinə çevirdi. Və ölkəmiz dünyanın müstəqil siyasət yürüdən azsaylı dövlətlərindən biri olaraq beynəlxalq aləmdə mövqelərini daha da gücləndirdi. Bütün bunlar tarixi Zəfərlə nəticələndi.
Konfransda müstəqilliyin gücləndirilməsinin dövlət siyasətinin ideoloji təməli olduğunu qeyd edən möhtərəm Prezidentimiz vurğulamışdır ki, işğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmadığı üzərində çalışıb və buna nail olub. Ölkəmiz tam olaraq müstəqil ordu, müstəqil siyasət aparmaq imkanını əldə etdi və Qarabağı geri qaytardı.
Cənab Prezidentin imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021–ci il 7 iyul tarixli fərmanı ilə Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını birləşdirən Şərqi Zəngəzur, Qarabağın dağlıq və aran ərazilərindəki Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonlarını və Xankəndi şəhərini, həmçinin bu bölgəyə aid Ağcabədi və Bərdə rayonlarını birləşdirən Qarabağ iqtisadi rayonları yaradılmışdır.
Öz çıxışında yeni dövlətçilik sisteminin önəmindən danışan ölkə başçımız bildirmişdir ki, Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələr təyin olunub. Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək. Bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və o qədər də hərtərəfli düşünülməmişdir. Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq.
Leyla Nəsirova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qələbə” qəzetinin əməkdaşı