Tədbirdə "Ana Kür" qəzetinin və anakur.az saytının baş redaktoru, "Ana Kür" ictimai birliyinin sədri, yazıcı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü Rüstəm Məlikov da iştirak etmişdir
Həmişə Vətəndən uzaqda olanda insan özünün kim olduğunu, hansı milləti təmsil etdiyini, bütöv dünyanın bir damlası kimi yerini daha yaxından görür və düyur. Belə anlarda xalqımızın adına başqa millətlərin arasında da qürur gətirən, özü tarix yaradan şəxsiyyətlərin həyatı göz önünə gələndə yaşanan hissləri bəzən təsəvvür etmək, qələmə almaq mümkün olmur. Xüsusən, 30 illik düşmən işğalından sonra qazanılan tarixi Zəfərimiz nəticəsində ərazi bütövlüyümüzün bərpa edilməsi bu anlamı daha da müqəddəsləşdirir.
Son əmək məzuniyyətimin isti avqust günlərində Rusiya Federasiyasının Kislovodsk, Pyatiqorsk, Yessentuki və digər şəhərlərində istirahətdə oldum. Buraların təbii gözəllikləri, turizm infrastrukturu müalicə imkanları çox böyükdür və öyrəniləsi məqamlar da vardır. Lakin bu yazıda heç də bu məqamlara toxunmaq fikrim yoxdur. Məqsədim Azərbaycan diasporunun bu regionda fəaliyyət göstərən təşkilatlarının işləri barədə məlumat verməkdir.
İlk tanışlığım Kislovodskdakı "Araz" Azərbaycan Milli Muxtariyyətinin sədri Asif musayevlə oldu. Həmyerlimiz Azərbaycan diasporunun Rusiyada tanınmış nümayəndəsi Dünya Azərbaycanlılarınin Milli Birliyinin Rusiya və MDB ölkələri üzrə nümayəndəliyinin rəhbəri Elşən qardaşımız vaxt olan kimi Asif müəllim və region təmsilçilərimizlə görüşməyi tövsiyə etmişdi.
Asif müəllim əslən Yevlax şəhərindəndir.Talehinə ötən əsrin 70-ci illərindən vətəndən uzaqda yaşamaq düşüb. Bu, başqa söbətin mövzusudur və zamanında qələmə alınacaqdır.
İlk söhbətimizdə ictimai fəaliyyətim barədə bilən kimi dedi ki, bir neçə gündən sonra regional diasporun sədrləri və fəalları Pyatiqorsk şəhərində tədbir keçiməyi planlaşdırırlar. Mən sizi də bu tədbirə dəvət edirəm.
Əlbəttə, tədbirin gündəliyindən asılı olmayaraq razılıq verdim. Bir neçə gündən sonra Kislavodsk şəhərində yaşayan və fəaliyyət göstərən fəallarla Pyatiqorsk şəhərinə yola düşdük. Bizi burada "Araz" Azərbaycan Milli Muxtariyyətinın sədri Təhmasib Zeynalov vi regionu təmsil edən digər qurumlarımızın sədrləri və fəalları qarşıladılar.
Cəmiyyətin ofisində qısa tanışlıq oldu. Asif müəllim məni qonaqlara təqdim etdi. Mən də onlarla tanış oldum. Təhmasib qardaşımız məlumat verdi ki, bu şəhərin S.M.Kirovun adını daşıyan sanatoriyasına gediləcək. Umumilli Liderimiz Heydər Əliyev kecmiş SSRİ Nazirlər Komitəsinin birinci müavini işləyən müddətdə məzuniyyət dövrlərində məhz bu sanatoriyada dincəlirmiş. Məhz bizim təşəbbüsümüzlə bu sanatoriyanın foyesində xatirə lövhəsi vurulmuşdur. Açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və yerli hakimiyyət rəhbərləri, Azərbaycan icmalarının üzvləri iştirak etmişlər.
Çox yadda qalan tədbir oldu. Hamımız təsirləndik. Xalqımızın böyük oğlu Heydər Əliyevin çox sahəli fəaliyyətinin Rusiyanın sosial-iqtisadi inkişafına verdiyi töhfələr qeyd edildi. Bu güngü iqtidarımız dəyərləndirildi. Tarixi zəfəri bizə yaşadan şəhidlərimiz yad edildi, qəhrəman qazilərimizə sağlamlıq arzu edildi.
Tədbirin Rusiya-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyi dönəmində keçirilməsinin öz əhəmiyyəti var idi.Tədbirimizin aparıcısı Asif müəllim Vətəndən gəlmiş qonaq kimi mənə də söz verdi. Mən də əlimdə Azərbaycan bayrağı tutaraq bu bayrağın təsvirini vermiş Əlibəy Hüseynzadənin vətənindən tədbir iştirakçılarına salamlarımı çatdırdım. Ürəyimdən gələn, yaşadığım həyacanları ifadə etdim.Vətəndən kənarda yaşayan və fəaliyyət göstərən vətən oğulları ilə hər bir azərbaycanlımızın qürur duyduğunu qeyd etdim.
PS. Səfər təəssüratlarımız barədə növbəti saylarımızda da yazılar veriləcəkdir.
Salyan-Pyatoqorsk-Kislovodsk şəhəri.
Avqust 2022-ci il.